Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Forumun ilk günündə Prezident İlham Əliyev çıxış edərək bir sıra önəmli məsələlərə toxunub. SİA forumun əhəmiyyəti barədə QHT rəsmiləri arasında sorğu keçirib.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: "Azərbaycan artıq uzun illərdir ki, ən müxtəlif formalı və istiqamətli beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Bakı Qlobal Forumu hər dəfə sanballı iştirakçı kontinigentinə, müzakirə olunan məsələlərin regional və qlobal əhəmiyyətinə görə artıq dünyada qəbul olunmuş nüfuzlu toplantıdır. Hər il bu forumda iştirak edənlərin kəmiyyət və keyfiyyət göstəricisinə diqqət yetirdikdə, Bakı Qlobal Forumuna artan marağı, onun mötəbər bir müzakirə, fikir mərkəzi kimi artıq qəbul edildiyinin şahidi oluruq.
Bakı Qlobal Forumu beynəlxalq məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, inkişaf tendensiyalarımızın təqdim edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra ölkəmizin qarşılaşdığı ikili standartlar haqda dünyaya mesajlar çatdırmaq üçün mühüm tribunadır.
Azərbaycan Prezidenti İlham Əliyev hər Forumda olduğu kimi XI Bakı Qlobal Forumundakı çıxışında ölkəmizin milli və strateji maraqlarını lazımi şəkildə təqdim etdi. Prezidentin çıxışında özünün də vurğuladığı kimi, bir il bundan əvvəl keçirilən Forumdan sonra baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Cənab Prezident bunu “çox ciddi geosiyasi dəyişiklik” kimi qeyd edərək, bu presedentin dünyada “həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcəyini” vurğuladı. Bu vurğuda haqlı eyham var. Bu da ATƏT-in Minsk Qrupunun illərlə uğursuz fəaliyyətindən, Qarabağ münaqişəsinə, “həll olunmayan münaqişə” kimi baxması ilə bağlıdır. Lakin, Azərbaycan dövləti, Azərbaycan ordusu 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatı ilə bütün dünyaya göstərdi ki, əslində, “həll olunmayan münaqişələr” yoxdur, “həlli olunması istənilməyən münaqişələr” var.
Münaqişənin həllindən sonra Azərbaycana qarşı beynəlxalq platformada aparılan siyasət də əslində, illərlə davam edən qeyri-səmimi, riyakar “həmsədrlərin” öz fəaliyyətlərini yeni biçimdə davam etdirməsidir. Azərbaycan Prezidenti çıxışında bu mənada, Fransanın adını xüsusi qeyd etdi. “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır” deyən ölkə başçısı qlobal forum iştirakçılarının diqqətini, Azərbaycanın qarşılaşdığı total diplomatik hücumlara yönəltdi.
Biz ümid edirik ki, XI Qlobal Bakı Forumunun 400-dən çox qonağı, öz ölkələrində, həmçinin, təmsil olunduğu beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini olduğu kimi çatdıracaqlar".
“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: "Martın 14-də növbəti Bakı Qlobal Forumu öz işinə başladı. Mütəmadi olaraq keçirilən bu tədbirlərin əhəmiyyətini bir neçə aspektdən dəyərləndirmək lazımdır.
Birincisi, dünyada baş verən narazılıqlar, böyük dövlətlərin qarşıdurmaları təbii ki, Azərbaycan dövlətini də narahat edir. Bu mənada dünya ictimaiyyətinin, beynəlxalq arenada söz sahibi olan şəxslərin Bakıda toplanşaraq bu məsələləri müzakirə etməsi çox əhəmiyyətlidir. Hesab edirəm ki, bugünkü gündə dünyanın parçalanmasının səbəblərini müzakirə edib aradan qaldırılması yollarını beynəlxalq səviyyədə müzakirə etmək həm Azərbaycanın nüfuzu, həm də qarşıdurma yaradan həmin qüvvələrin diqqətini cəlb etmək baxımından mühüm rola malikdir. Bildiyiniz kimi, Rusiya və Ukrayna arasında müharibə hələ də davam edir. Bir tərəfdə Rusiya nə BMT-nin, nə də digər dövlətlərin çağırışlarına əhəmiyyət vermir. Digər tərəfdən isə dünyanı idarə etməyə çalışan Qərb dövlətlərinin Ukraynanı dəstəkləməsi dünyanın gələcəyi baxımından təhlükəli bir məsələdir. Digər tərəfdən HƏMAS-ın İsrailə və qarşılığında İsrailin Qəzzaya hücumu, su ehtiyatları, yaşıl enerji ilə bağlı problemlər, yeni xəstəliklərin yayılma təhlükəsi və s. kimi məsələlərin Azərbaycanda müzakirəyə qoyulması çox böyük önəm daşıyır.
Eyni zamanda, bu, tədbirə gələn qonaqların Azərbaycanda baş berən hadisələr barədə bizi sevməyən çirkin niyyətli qüvvələrin yaratmaq istədiyi qeyri-obyektiv fikirlərin alt-üst olması baxımından əhəmiyyətlidir. Yüzlərlə insan işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq-abadlıq işlərinin şahidi olacaq. Bununla da bir daha sübut edəcəyik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək bu ərazilərin dirçəldilməsi ilə məşğul olur. Dünya ictimaiyyəti bir daha anlayacaq ki, Qarabağın əsl sahibi bizik".
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli: "Bakıda keçirilən Qlobal Forumların çox böyük tarixi əhəmiyyəti var. Dünyada hökm sürən dözümsüzlük, mədəniyyətlərarası sivilizasiyaların qarşılıqlı hörmət şəraitində yaşamaq imkanları araşdırılır və Azərbaycan modeli tövsiyə olunur. İllər ərzində Azərbaycanda ayrı-ayrı dinə, dilə, irqə məxsus millətlərin qardaşcasına yaşaması tövsiyə olunan modelin bariz nümunəsidir. Azərbaycanın həm mənəvi-psixoloji, həm də coğrafi baxımdan bu modeli tətbiq etməyə haqqı var. Təəssüf ki, dünyada insan haqlarından, humanizmdən danışan bəzi dövlətlər heç bu məsələlərə önəm vermir. Bu dövlətlərdən biri də Fransadır ki, orada Natəvanın heykəlinə qarşı nümayiş olunan vandallıq qəbuledilməzdir. Sözdə mənəvi dəyərlərin təbliğatçısı olan, amma realda tam əks fəaliyyət göstərən dövlətlər var ki, Afrikanı 300 ildən artıq əsarət və işğal altında saxlayıb, onun bütün təbii sərvətlərini mənimsəyib, əvəzində isə insanlarını heç bir tələbatı ödəməyiblər. Dünyada baş verən bir çox müharibədə həmin ölkələrin silahları ilə minlərlə insan həlak olur. Hesab edirəm ki, gec-tez dünya bu çağırışları nəzərə alacaq, Bakı Qlobal Forumunun təşəbbüslərinə qoşulacaq. Çünki gərgin bir dünya daha da arzuedilməz dövrə gətirib çıxara bilər".
"Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: "Öncə onu qeyd edim ki, Bakı artıq neçə illərdir mühüm qlobal tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilib. Bu, heç də təsadüfi deyil. Əvvəla, aparılan xarici siyasətin ciddi uğurudur, eyni zamanda Bakının dünyanın təhlükəsiz şəhərlərdən biri olmasının nəticəsidir.
Qlobal Bakı Forumu formatından, iştirakçılarının mandatından, müzakirə edilən mövzudan da göründüyü kimi, Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir sıradadır.
Prezident İlham Əliyev bu forumda Qarabağ, Azərbaycan həqiqətlərini bir daha dünyaya xatırlatdı və mövcud tendensiyalar, reallıqlara adekvat davranışlar göstərilməsi üçün bütün qütblərə ciddi mesajlar verdi.
Xüsusilə Fransanın, məkrli Qərb dairələrinin sülhə mane olma cəhdlərinin əbəs olduğunu da Prezidentin çıxışından aydın görmək mümkündür. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycan yalnız sülh tərəfdarıdır. Postmüharibə dövründə sülhə nail olmaq üçün rəsmi Bakının atdığı addımlar göz önündədir.
Prezident İlham Əliyev xüsusi vurğu ilə bildirdi ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir.
Başqa sözlə desək, bu gün sülhə yaxınıqsa, bu, yalnız Azərbaycanın israrlarının, cənab İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
Bütün bu səylər ona yönəlib ki, bölgədə hər kəs sakit, sülh, əmin-amanlıq içərisində yaşasın və diqqət yalnız inkişafa yönəlsin.
Eyni zamanda bu Forumda COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə etimadın yüksək səviyyədə olması da bir daha diqqətə çatdırılıb.
Belə bir mühüm tədbiri Azərbaycan öz üzərinə götürməklə, regiona hansı töhfələri verməsini nümayiş etdirir.
Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzindədir. Təbii, buradan verilən mesajlar da ünvanlarına çatır.
Azərbaycan ev sahibliyi etdiyi bu Forumda xüsusən o mövqeyi ortaya qoydu ki, bütövlükdə dünyanın sülh içərisində yaşaması üçün bütün səylər birləşdirilməlidir.
Kimin hansı nəticəni çıxaracağı isə məhz onun özünün mahiyyətinə bağlıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB