Napoleonun doğulduğu ada Fransadan ayrılmaq istəyir
Fransanın Aralıq dənizindəki Korsika adası 2022-ci ilin mart ayının əvvəlində müstəqillik tərəfdarı İvan Kolonnanın həbsxanada yaralanmasından sonra daha çox müstəqillik tələbi ilə keçirilən etirazlarla gündəmdədir. Napoleon Bonapartın doğulduğu Korsika adası dili və mədəniyyəti ilə materikdən fərqlənir və coğrafi baxımdan İtaliyaya daha yaxındır, XVIII əsrdən etibarən Fransanın müstəmləkəsi altındadır. Fransanın adanı özünün 18 bölgəsindən biri sayır. 350 min əhalisi olan Korsika 2018-ci ildən etibarən məhdud muxtariyyət təmin edən “xüsusi regional bütövlük” statusu ilə idarə olunur.
1998-ci ildə Fransa qubernatoru Klod Erignacın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilən və Fransanın Arles şəhərindəki həbsxanada cəza çəkən müstəqillik tərəfdarı Kolonna iki il bundan əvvəl hücuma məruz qalaraq öldürülüb və bundan sonra Korsika zorakılığın tüğyan etdiyi məkana çevrilib. Bu gün uzun müddətdən sonra adada müstəqillik tələbləri yenidən alovlanıb. Korsikalı gənclər qəhrəman kimi gördükləri Kolonnaya hücuma görə Fransa dövlətini məsul tutaraq küçələrə çıxaraq şiddətli etirazlar təşkil edirlər. 2022-ci ilin aprelində prezident seçkilərinin ilk turunun keçirildiyi Fransada prezident Emmanuel Makronun administrasiyası 100-dən çox insanın yaralandığı bu etirazlardan narahat olub və iki həftəlik seçkidən sonra daxili işlər naziri Gerald Darmanini Korsikaya göndərib. Yerli səlahiyyətlilərlə görüşən Darmanin “Corse Matin” qəzetinə verdiyi açıqlamada adanın muxtariyyətini qəbul edə və bu mövzuda səlahiyyətlilərlə dialoqa başlaya biləcəklərini bildirib.

Qeyd edək ki, adanın 71 faizi muxtariyyət tələb edir. Digər tərəfdən, adadakı administrasiya 2015-ci ildən bəri tam müstəqillik və ya muxtariyyət tərəfdarı olan Korsika millətçilərinin əlindədir. Üzvləri hər 6 ildən bir keçirilən ümumi seçkilərlə müəyyən edilən Korsika Assambleyasının və parlament daxilindən gələn İcraiyyə Şurasının prezidenti Gilles Simeoni muxtariyyət tərəfdarı siyasətçidir. O da Erignacın öldürülməsinə görə mühakimə olunub. “Corse Matin” qəzetində dərc olunan və müstəqil təşkilatlar tərəfindən aparılan sorğuya görə, ada sakinlərinin və ya Korsika əsilli fransızların 71 faizi muxtariyyətə "hə" deyir, yalnız 32 faizi isə tam müstəqilliyi alqışlayır. Burada da məntiqi davranış var, yəni əvvəlcə muxtariyyət, sonra tam müstəqillik.
Sorğu analitikləri Fransanın ümumi əhalisinin 53 faizinin adanın muxtariyyətinə “hə” dediyini və bu nisbətin 1989-cu ildə 18 faiz olduğu vaxtdan bəri demək olar ki, üç dəfə artdığını vurğulayır. Digər tərəfdən, Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının əhalisi uzun müddətdir ki, siyasi məhbuslara, o cümlədən Kolonnanın tərəfdarlarına amnistiya, Korsika dilinə rəsmi statusun, Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi və Fransa Konstitusiyasında Korsika üçün xüsusi yerin ayrılması tələblərinin heç biri indiyə qədər rəsmi Paris tərəfindən yerinə yetirilməyib. Yalnız Kolonna yaralandıqdan sonra onun iki şərikinə tətbiq edilən və cəzalarını Fransa materikindən kənarda çəkmələrini qadağan edən xüsusi status ləğv edilib və onların cəzalarını Korsikada çəkmələrinə şərait yaradacaq tənzimləmə edilib.

Makronun əleyhdarları ona ölüm arzulayır
Korsikalılar öz şəxsiyyətlərini yüksək qiymətləndirirlər, onlara Napoleonun materik Fransada deyil, onların adalarında doğulduğunu xatırlatmaqdan yorulmurlar. Korsika Ərazi İcmasının Assambleyası (parlamenti) növbəti sessiyasında Fransa hökuməti və Korsika rəhbərliyinin əldə etdiyi razılaşmaya baxacaq. Parlament ölkənin mərkəzi hökumətinin və yerli hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən etməlidir ki, Fransa qanunları sənəddə deyildiyi kimi, “yerli şəraitə” uyğunlaşdırılsın. Sadə dillə desək, Korsikaya geniş muxtariyyət veriləcək. Fransa prezidenti Emmanuel Makron bu dəyişikliklərin tərəfdarı kimi çıxış etmək məcburiyyətindədir. Ölkə parlamentində problem yarana bilər: orada aparıcı mövqeləri tutan sağçı partiyalar çətin ki, unitar dövlət prinsiplərinə yenidən baxsınlar.
Sənəd Korsika parlamentinə təqdim edilib. Fransa Daxili İşlər Nazirliyi bunu beş saat müzakirə edib. Danışıqları Korsika hökumətinin başçısı Gilles Simeoninin başçılıq etdiyi Korsika nümayəndə heyəti və hökumət rəsmiləri aparıb. Müzakirələrdən sonra Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin jurnalistlərə bildirib ki, korsikalılarla “Fransa respublikası tərkibində muxtariyyət” haqqında saziş bağlanıb. Bu ifadənin Fransa Konstitusiyasına yazılması, Korsikanın muxtar statusu, adanın tarixi irsi və Korsika dilinin də orada yazılacağı nəzərdə tutulub. Son iki məqam yerli sakinlər üçün xüsusilə vacibdir - əslində, elə buna görə muxtariyyət tələb edirlər.
Adada danışılan dil Korsika dilidir ki, bəzi alimlər bu dili italyan dilinin ləhcəsi, bəziləri isə müstəqil dil hesab edirlər. Adada yerli vətənpərvərlik həmişə güclü olub. Keçmiş illərdə korsikalılar mərkəzi hökumətə qarşı silahlı mübarizə aparırdılar. İndi Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) fəaliyyəti yalnız ictimai binalarda ara-sıra baş verən partlayışlarla məhdudlaşır, adətən itkilər olmur. Sonuncu belə etiraz aktı 2023-cü ilin oktyabrında olub. Buna baxmayaraq, son illərdə Korsikanın statusu ilə bağlı müzakirələr, nadir istisnalarla, Korsika dilini bilməyən və ondan fransız dilini üstün tutan əcnəbilərin yerli daşınmaz əmlak alması səbəbindən kifayət qədər kəskinləşib.

Makronun tərəfdarları iddia edirlər ki, Korsika yalnız ölkənin xaricdəki əraziləri ilə eyni statusa sahib olacaq, məsələn, buna oxşar hərəkatların olduğu Yeni Kaledoniya kimi. Başqa bir məsələ odur ki, ölkənin materikinə yaxın yerləşən və keçmiş müstəmləkə kimi deyil, metropoliyanın ayrılmaz hissəsi kimi qəbul edilən əraziyə muxtariyyət vermək o qədər də asan deyil. Fransızların artıq Əlcəzairlə bağlı ağrılı təcrübəsi var: onu saxlamaq üçün 1954-cü ildən 1962-ci ilə qədər davam edən müharibə hələ də unudulmayıb. Düzdür, Korsika işi Əlcəzairdən çox fərqlidir. Müqayisəli dərəcədə az qan tökülüb və yerli sakinlər, əlbəttə ki, bunu müharibə səviyyəsinə gətirməyə hazır deyillər. Üstəlik, Əlcəzair məsələsində o vaxtkı Fransa hakimiyyəti muxtariyyət haqqında eşitmək istəməyibsə, bu gün qorxaq Makron və onun komandası Korsika ilə bağlı dialoqa hazırdırlar. Bundan əlavə, iqtisadi cəhətdən ada Fransanın qalan hissəsi ilə sıx bağlıdır və onun Parisin hakimiyyəti altında qalmaq bir vaxtlar Əlcəzairə olduğundan müqayisə olunmayacaq dərəcədə daha sərfəlidir. Bu vəziyyət İspaniyadan bir çox cəhətdən fərqlənir. Korsikadan fərqli olaraq, Kataloniya iqtisadi cəhətdən güclüdür və müstəqillik əldə etsə, maliyyə vəziyyəti daha da yaxşılaşa bilər.
Makron bu ilin iyul ayına qədər Fransa parlamentində Korsika ilə razılaşmanın təsdiqinə nail olmağı qarşısına məqsəd qoyub. Bu asan olmayacaq, çünki Milli Cəbhə bu sənədi tənqid edir, deyir ki, indiki prezident Fransa millətini məhv edir. Respublikaçılar da oxşar mövqedən çıxış edirlər. Ona görə də iyul ayına qədər Korsika ilə razılaşmanın kağız üzərində qalması mümkündür.

Müstəqillik və doğma dil
Fransadan müstəqillik tələb edən korsikalılar etiraz edərək səslərini dünyaya çatdırırlar. Yeni qurulan müstəqillik tərəfdarları milli birliyin tərəfdarları həbsxanalardakı məhbusların azadlığa buraxılmasını tələb edir və etirazların mərkəzinə Fransa prezidenti Emmanuel Makronun administrasiyasını qoyurlar. Fransız polisi nümayişçilərlə çox sərt davranır. Korsikada iqtisadi ölçüləri olan nümayişlərin müstəqillik və siyasi ölçüləri də var. Müstəqillik tərəfdarlarının həbsinə qəzəb artdıqca, tələblərdən biri olan Korsika dilinin də dövlət dili kimi qəbul edilməsi Paris qarşısında şərt kimi qoyulur. Adalılar dillərinin tanınmasını istəyirlər. XVIII əsrdən bəri Fransa tərəfindən idarə olunan adalılar o günlərdən bəri həmişə müstəqillik çağırışlarını səsləndiriblər.
Prezident Emmanuel Makron keçən il Korsika Regional Assambleyasında etdiyi çıxışında Korsikanın Fransa Dövləti tərkibində muxtariyyət quracaq konstitusiya mətnini təklif edib. Bu təklifdə Makron Korsika üçün “Dövlətə qarşı muxtariyyət və ya dövlətsiz muxtariyyət deyil, respublika daxilində muxtariyyət olacaq” deyib.

Korsikadan sonra Brittani...
Fransa prezidenti Emmanuel Makronun Korsika adasına muxtariyyət təklifindən sonra oxşar tələb Brittani bölgəsindən də gəlib. Prezident Emmanuel Makronun ötən ilin sentyabrın 28-də Korsikaya səfəri zamanı onun konstitusiyada unikal maddə kimi adaya muxtariyyət verilməsi təklifi əyalət şuralarının rəhbərləri tərəfindən müsbət qarşılanıb. Xüsusilə, Brittani Regional Assambleyasının prezidenti Loiq Çesnais-Girard mərkəzçilikdən xilas olmaq üçün müstəqillik tələb edib: "Prezidentin Korsika üçün daha çox azadlıq, muxtariyyət, mənzil, dil və ya digər məsələlər üçün hərəkət etmək barədə danışdığını eşitdim. Eyni şeyi biz də tələb edirik". Oksitaniya Bölgəsi Parlamentinin sədri Karol Delqa bu təşəbbüsü "müsbət, lakin ehtiyatlı" kimi qiymətləndirib və Korsika üçün edilən təşəbbüsün xaricdəki regionlar, Brittani və digər bölgələr üçün də faydalı olacağını söyləyib.
Beləliklə, Fransa etirazlar, qarşıdurmalar, çaxnaşmalarla müşaiyyət olunan ayrılma, parçalanma prosesinə şahidlik edir. Prosesin Afrilkadan başladığını, daha doğrusu intensivləşdiyini deyə bilərik. Rəsmi Paris isə hələ də müstəmləkə, yeni torpaqlar ələ keçirmək həvəsindədir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB