“Görünən budur ki, “ermənizm xəstəliyi” davam edir” - ŞƏRH EDİLDİ
“Ermənistanın 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatının tələblərini artıq 4-cü ildir ki, yerinə yetirməməsinin səbəbi əslində başlarına dəyən dəmir yumruğa rəğmən, separatizmdən, işğalçılıq siyasətindən imtina etməmələrinin nəticəsidir. Görünən budur ki, “ermənizm xəstəliyi” davam edir. Təkcə Qarabağdakı qondarma rejimin İrəvana rədd olmuş qalıqları deyil, bütövlükdə Ermənistanda separatizm, revanşım meylləri getdikcə artır. Reallıqları qəbul edən Rusiyadan üz döndərib, separatizmi öz maraqları, siyasətlərinə görə dəstəkləyən Qərb, Avropa dairələrinin qucağına tam atılmaları heç də təsadüfi deyil. Başıboş topluma elə gəlir ki, Qərb dairələri ilə birlikdə Azərbaycanın qurduğu ədalətli düzəni poza biləcəklər, Cənubi Qafqazda yaratdığı yaranan yeni tendensiyaları, reallıqları dəyişə biləcəklər. Bu xülyaya qapılıblar və bu səbəbdən sülhə yox, Qərbdəki anti-Azərbaycan dairələrə bel bağlayıb ümid edərək revanşa cəhd edirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Burada bir xüsusi məqama diqqət çəkməliyik: Prezident İlham Əliyev 28 fevralda alman iş adamlarını qəbul edərkən çox mühüm bir bəyanat, mesaj verdi. Onun verdiyi mesaj və bəyanatlar ABŞ və Fransaya mənasız cəhdləri dayandırmaq üçün ciddi siqnal kimi başa düşülməlidir.
Sitat: “30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.
Təbii, bunu ağlı olan hər kəs dərk edir. Ancaq təəssüflər olsun ki, Ermənistanda xeyli ağılsız siyasətçilər və onların küyünə düşmüş kütlələr var. Habelə, Qərbdə də anti-Azərbaycan dairələr geri çəkilmir, Cənubi Qafqazda Rusiya ilə nüfuz savaşında önə çıxmaq üçün erməni kartından yararlanmaq istəyənlər də öz missiyasında davam edəcək. Fakt isə bundan ibarətdir ki, “miatsum” ideyası, “artsax” gorbagor olsa da, erməni lobbisinin, Ermənistanda radikal-revanşist qüvvələrin ərazi bütövlüyümüzə qarşı fəaliyyəti həyasız forma alır.
Məsələn, yanvar ayında uydurma “artsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın rəhbərliyi ilə “artsax üzrə beynəlxalq komitə” yaradıb. Bu mənfur qurum “artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmağı qarşısına hədəf qoyub. Bu sarsaq işlərinə dəstək almaq üçün Oskanyan və “komitə”nin bir sıra üzvləri bir neçə həftədir ki, xaricdədir. Onlar Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə intensiv görüşlər keçirirlər. O, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüş keçirib. “Komitə” belə bir açıqlama yayıb ki, hazırda beynəlxalq mandat almaq üçün işlər görürlər.
Hansı beynəlxalq mandatdan söhbət gedə bilər? Bəli, bu fikirlə tamamilə razıyam ki, Paşinyan və onun hökuməti də separatçılara dəstək verir. Onun martın 12-də verdiyi axmaq bəyanatlar da bunun təsdiqidir. Məsələn, Paşinyan dedi ki, Azərbaycanın hazırda Ermənistanın işğalında qalmış kəndlərini geri qaytarmaq niyyətində deyillər. Faktiki olaraq sülh və delimitasiya ilə bağlı razılaşmalardan boyun qaçırmaqla Paşinyan de-fakto separatçılara, revanş cəhdi edənlərə dəstəyini ifadə etmiş olub.
Bütün bunlardan sonra belə qənaətə gələ bilərik: ABŞ və Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz edib, ermənilər vasitəsilə burada öz istədikləri konfiqurasiyanı qurmaq cəhdlərinə İrəvan bütün imkanları ilə alət olmağa qərarlıdır. Ancaq nəticə nə olacaq?
Bütün hallarda bu, Ermənistanın boynuna kəndir keçirməsi, özünəqəsdidir. Tutaq ki, revanş cəhdləri hərbi təxribatlara qədər davam edə bilər, bəs bu zaman nə olacaq, bilirlərmi? Yenə minlərlə meyitləri İrəvanda basdırmağa yer tapmayacaqlar. Azərbaycanı hər hansı hərbi təxribatla, revanş cəhdi ilə qorxutmaq mümkün deyil. Nəzərə alsaq ki, söhbət Ermənistanın Azərbaycan ərazisinə qəsdindən, təxribat cəhdindən gedir, o zaman dəstəkçiləri Fransa, Hindistan qarşılarında həm də Türkiyəni görəcək, Şuşa Bəyannaməsi işə düşəcək.
Düzdür, təxribatlarla bölgədə müəyyən gərginliklər, çətinliklər yarada bilərlər, ancaq heç bir halda dövlətçiliyi laxlamış, hər hansı bir nüfuzu, imkanları olan Ermənistan üzərindən Cənubi Qafqazı şəkilləndirmək mümkün deyil.
Əgər ideoloji olaraq torpaq, ərazi iddiaları kimi mənfur, əsassız, çürük və məhv edilmiş “ideyalarını” davam etdirsələr, o zaman Azərbaycan dövləti tam haqlı olaraq və tarixi faktologiyaya əsaslanaraq, Qərbi Azərbaycan məsələsini rəsmən bəyan edə bilər. Əgər bunu istəyirlərsə, buyursunlar...”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB