"Fransa regionda təhlükəsizliyə mane olan güclərin lokomotivi rolunu oynayır" - HƏRBİ EKSPERT FİKRİ

"Fransa regionda təhlükəsizliyə mane olan güclərin lokomotivi rolunu oynayır" - HƏRBİ EKSPERT FİKRİ

“Fransa bu regionda təhlükəsizliyə mane olan güclərin sırasında lokomotiv rolunu oynayır. Bu da təbii ki, bir neçə səbəblərdən irəli gəlir. Fransanın Ermənistanla bağlantıları, erməni diasporasının seçkilər və digər proseslərdə rolu, son zamanlar rəsmi Parisin Afrikada mövqelərini itirməsi, onu Cənubi Qafqazda təhlükəsizliyə mane olmaq istəyən qüvvələrin aparıcı gücü kimi fəaliyyət göstərməsinə gətirib çıxardı. Digər tərəfdən bütün bunlar geosiyasi proseslərdən asılıdır. Rusiyaya qarşı olan koalisiyanın içində Fransa fəal rol oynayır. Ona görə də Fransa regionda Rusiya və Türkiyənin maraqlarını əngəlləmək, öz maraqlarına nail olmaq üçün məhz Azərbaycan-Ermənistan münasibətlərindən istifadə edir”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bütün bunlar guya Ermənistanı dəstəkləmək məqsədilə atılan, əslində öz maraqlarını genişləndirmək, logistik meqaproyektlərə təsir göstərmək, nəzarət mexanizmlərini öz əllərinə keçirməyə istiqamətlənən addımlardır: “Bunu həyata keçirmək üçün Azərbaycan-Ermənistan arasında olan münasibətlərdən istifadə edirlər. Həmin qüvvələr Ermənistanı həmin sülh müqaviləsinin bağlanmasını ləngitmək üçün təsirlər göstərirlər. Fransa burada Avropa müşahidə missiyasını yerləşdirməklə, Ermənistanı silahlandıraraq vəziyyəti gərgin saxlamaqla, Ermənistanın sülh müqaviləsinin bağlanmasından boyun qaçırmasını təmin etməyə çalışır. Rusiyaya qarşı olan koalisiya üzvləri başda Fransa olmaqla Ermənistana təzyiq göstərirlər ki, Rusiyanın ölkədəki bazasına qarşı etiraz şəraiti yaratsınlar. Koalisiyanın məqsədi Rusiyanı Ermənistandan çıxarmaqdır. Guya Ermənistanı himayə edir, ona yardım etmək istəyirlər”.

Ekspert bildirib ki, Fransanın tamam başqa məqsədləri var: “Ermənistan sadəcə bir alətdir, ambisiyaların qurbanıdır. Biz bunu Ukrayna fonunda görürük. Artıq son zamanlar Ermənistanın ikinci Ukraynaya çevriləcəyi haqqındakı fikirlər əsassız deyil. Hər halda bütün proselər bölgənin əhəmiyyəti və geosiyasi arenada maraqların burada toqquşması ilə bağlı olan məsələlərdir. Fransa burada öz maraqlarını genişləndirmək məqsədilə bu gün Ermənistana yardım edir, hər cür dəstək göstərmək istəyir. Bunun üçün Azərbaycana qarşı haqsız mövqe tutaraq və Avropada öz təsir mexanizmlərindən istifadə edərək müəyyən qurumlarda təzyiqlər göstərməyə çalışır. Fransa Ermənistana dəstək olacağı barədə vədlər verir. Reallıqda bu belə deyil, olmayacaq. Ancaq bu siyasətdir və Azərbaycan bütün prosesləri müşahidə edərək maraqlarını müdafiə etmək üçün lazım olan addımları atır. Cənab Prezident İlham Əliyev həm Laçında görüşdə, həm də andiçmə mərasimində bir daha vurğuladı ki, "Əgər Azərbaycanın maraqlarına, ərazisinə hansısa təhlükə yaranarsa, dərhal adekvat cavab verəcək. Bu cavab qat-qat ağır olacaq". Biz bunu reallıqda da görürük. Laçın istiqamətində əsgərimizin yaralanmasının nəticəsində Azərbaycanın adekvat və tutarlı cavabı qat-qat ağır oldu. Digər proseslərdə də Azərbaycan təhlükəsizliyi təmin etmək üçün lazımi addımları atır. Ona görə də bu proses regionda heç də sülhə, təhlükəsizliyə xidmət etmir. Fransa vəziyyəti gərginləşdirib burada öz çirkin əməllərini həyata keçirmək üçün Ermənistan ərazisi və dövlətindən istifadə edir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə