Niyə Vladimir Putin Qaqauziya rəhbəri ilə, Emmanuel Makron Moldova prezidenti ilə görüşdü?
Fransa proksi savaşını davam etdirir, kiçik ölkələri silahlandırmaqla onları böyük dövlətlərə qarşı müharibəyə hazırlayır. Cənubi Qafqazda müharibə başa çatmamış Paris İrəvanı yeni müharibəyə hazırlamaq iddiasını ortaya qoyub. Bu ölkəni silahlandırır, hərbi müqavilələr imzalayır, öz hərbçilərini müxtəlif adlar altında Ermənistana göndərir, üstəlik Avropanın başqa ölkələrini də öz oyununa şərik edir. Ermənistanın ərazilərinə heç bir iddiasının olmadığı barədə rəsmi Bakı dəfələrlə çıxış etsə də, Paris millitarist siyasətinə don geyindirmək üçün Azərbaycanın guya müharibəyə hazırlaşdığına dair yalanlar uydurur. Nəticədə, iki ölkə arasında başlanmış sülh danışıqlarının ümumi gedişinə xələl gətirir.
Bu gün Fransa postsovet ölkələrindən daha bir kiçiyini – Moldovanı silahlandırır, yenə Rusiyaya qarşı. Fransa prezidenti Emmanuel Makron moldovalı həmkarı Maia Sandu ilə, Rusiya lideri Vladimir Putin isə bir gün əvvəl Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul ilə görüşüb. Bunu belə başa düşmək olar: Qərb və Rusiya Moldovada prezidentlik yarışına rəsmi start verib, eyni zamanda kimin kimə mərc etdiyini və nə istədiyini göstərir. İndi geosiyasi xarakter daşıyan döyüşün nəticəsi göz qabağında deyil.
Maia Sandu Parisdə Emmanuel Makronla görüşüb, lakin əsasən Moskva haqqında danışıb. “Prezident Makronla görüşümüz Rusiya və onun nümayəndələrinin ölkəmə əlavə təzyiq göstərmək üçün yeni cəhdləri kontekstində baş verir”, - deyə xanım Sandu bildirib. Moldova lideri Rusiyanı enerji şantajında, hökumət əleyhinə etirazları dəstəkləməkdə, dezinformasiya kampaniyaları keçirməkdə, kiberhücumlarda və hətta respublikada dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham edib.
Bu arada, Yelisey Sarayının internet saytında dərc edilmiş birgə kommünikedə qeyd edilir ki, Fransa “Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Rusiya tərəfindən təhdidlərə, təzyiqlərə və hədə-qorxulara baxmayaraq, Moldova Respublikası azadlığı, müstəqilliyi və Avropanı seçdi. Fransa Moldova dövlətini Avropa İttifaqına daxil olmağa hazırlamaq üçün başlanmış islahatlara tam dəstək verərək, bu seçimi dəstəkləyir”, - kommünikedə deyilir.
Paris həmçinin “Dnestryanı regionun tədricən vahid hüquqi, iqtisadi, vergi və gömrük sisteminə inteqrasiyası üçün göstərilən səyləri” alqışlayır. Mesajda Rusiyaya, kommünikedə qeyd olunduğu kimi, qanunsuz olaraq orada yerləşən Dnestryanı ərazisindən öz ordusunu geri çəkməyə çağırış ünvanlanır.
Xanım Sandu Parisə səfəri zamanı iki ölkə arasında müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb. Emmanuel Makron daha sonra izah edib ki, müdafiə sazişi digər şeylərlə yanaşı Kişinyovda Fransanın “daimi müdafiə missiyası”nın açılmasını nəzərdə tutur. Onun sözlərinə görə, bu, ilk addımdır. Fransa lideri missiyanın nə edəcəyini və növbəti addımların nə ola biləcəyini açıqlamayıb. Fransa Moldovaya ən böyük dəstək verən Aİ ölkələrindən biridir. Emmanuel Makron və Maia Sandu uzun müddətdir ki, yaxın, etibarlı münasibət qurublar. Xanım Sandu üçün hazırkı səfər bu il keçiriləcək prezident seçkiləri və ölkənin Aİ-yə daxil olması ilə bağlı onun təşəbbüskarı olduğu referendum kontekstində mühüm əhəmiyyət kəsb edir. Avropaya inteqrasiya və indi aydın olduğu kimi, Rusiya ilə qarşıdurma onun seçki kampaniyasının əsas mövzusu olacaq.
Moskvanın Moldovada öz vəzifələri var. Martın 6-da axşam Rusiya prezidenti Vladimir Putin Soçidə Qaqauziyanın başkanı (rəhbəri) Yevgeniya Hutsul ilə danışıb. Kremlin saytında foto və aşağıdakı mətn dərc olunub: “Ümumdünya Gənclər Festivalı çərçivəsində Vladimir Putin Qaqauziyanın rəhbəri Yevgeniya Hutsul ilə görüşüb”. Xanım Hutsul Telegram kanalında yazıb: “Vladimir Putin mənimlə episentri bizim Qaqauziya olan mürəkkəb regional və geosiyasi məsələləri müzakirə etdi. Mən Vladimir Vladimiroviçə Moldovada vətəndaş mövqeyimizə və milli maraqlara sədaqətimizə görə bizdən qisas alan hakimiyyətin qanunsuz hərəkətləri barədə məlumat verdim. Kişinyov addım-addım səlahiyyətlərimizi əlimizdən alır, büdcəni məhdudlaşdırır, qanuni hüquqları tapdalayır, Qaqauziyada və bütün ölkədə qeyri-sabitlik və sabitliyi pozur. Rusiya lideri beynəlxalq arenada qanuni hüquqlarımızı, səlahiyyətlərimizi və mövqelərimizi müdafiə etməkdə Qaqauziyaya və qaqauz xalqına dəstək olacağına söz verdi”.
Bu arada, Putinin xanım Hutsulla görüşü hazırda vətənində yaşamayan, lakin Moskvada səfərdə olan başqa bir moldovalı siyasətçiyə dəstək sayıla bilər. Bu siyasətçi cinayət təqibinə görə 2019-cu ildən İsraildə yaşayan qaçaq moldovalı iş adamı İlan Şordur (Moldova məhkəməsi onu maliyyə fırıldaqçılığına görə 15 il həbs cəzasına məhkum edib).
Moldova Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayır
İlan Şor Yevgeniya Hutsulun “siyasi atası” sayılır. Bir il əvvəl o, bu qadını Qaqauziya rəhbəri vəzifəsinə namizəd kimi irəli sürüb və sonda onun qələbəsini təmin edib. Bu, onun effektivliyini nümayiş etdirir. Şorun yaratdığı Şor partiyası hazırda Moldovada qadağan edilib, lakin o, tezliklə yeni siyasi qüvvə - “Şans”ı təsis edib. Moldovanın digər siyasi birləşmələri də onunla bağlıdır. Yeri gəlmişkən, “Şans”, rəy sorğularında üçüncü yerdədir. Onun qarşısında yalnız yerli kommunistlərin və sosialistlərin müxalifət bloku, eləcə də prezidentyönlü hakim “Hərəkət və Həmrəylik” partiyası dayanır.
Putin və Makronun müvafiq olaraq xanım Hutsul və Sandu ilə görüşləri, ilk növbədə, Rusiya və Qərbin Moldova üçün seçki ilində kimə stavka etdiyini açıqlayır. İkincisi, bu, mübarizənin başlandığının açıq əlamətidir. Seçki kampaniyası qızğın və geosiyasi xarakter daşıyacaq. Qalib hələ bəlli deyil: ikinci prezidentlik müddətinə namizədliyini irəli sürdüyünü elan edən Maia Sandudan fərqli olaraq, onun guya rusiyayönlü düşərgədən olan rəqibləri hələ də öz namizədləri haqqında susurlar. İlan Şor intriqanı qoruyur.
Fransa Moldovadan Moskvaya qarşı
Moldova ictimaiyyətinə məlumat verilib ki, Kişinyovda Fransa hərbi missiyası işə başlayır. Moldova Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Anatol Tsaranu bildirib ki, təfərrüatlar açıqlanmır. O qeyd edib ki, Birinci Dünya Müharibəsi zamanı belə bir missiya Rumıniyada fəaliyyət göstərib. Fransa ev sahibi ölkənin ordusunu silahlandırdı, rumınlara Maresti şəhəri yaxınlığında cəbhəni yarmağa imkan verən əsgərləri öyrətdi. Tsaranunun sözlərinə görə, bu bənzətmə Moldova Respublikasının ordusunun Rusiya Federasiyası ilə qarşıdurma üçün silahla təmin olunacağını deməyə əsas verir. Moldova prezidenti Maia Sandu Parisə səfəri zamanı fransalı həmkarı Emmanuel Makrona “Təhlükə dayandırılmasa, cəbhə xətti yaxınlaşacaq” deyib. - Bizə daha yaxın. Sənə daha yaxın. Ona görə də Avropa vahid cəbhə ortaya qoymalıdır”.
Qeyd edək ki, bundan əvvəl “Politico” Fransanın Ukraynaya Qərb qoşunlarını göndərməyə hazır olan ölkələrin ittifaqı yaratdığını yazıb. Nəşrin yazdığına görə, Estoniya, Latviya və Litva Almaniya, Çexiya və Polşa kimi Aİ ölkələrinin əksəriyyətindən “ideyaya daha açıqdır”. Lakin bu, Moldova Respublikasına təsir etməyəcək, Moldova Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri, Strateji Araşdırmalar və Siyasi Məsləhətçi Siyasət Mərkəzinin rəhbəri Anatol Tsaranu deyir. "Lakin Fransa Moldova əsgərlərinə rus əsgərlərinə müqavimət göstərməyi öyrədəcək, həmçinin Moldova ordusunu silahlandıracaq", - moldovalı siyasətçi hesab edir.
Bu günlə bağlı Anatol Tsaranu deyib ki, “Moldova cəmiyyətində Moldovanın Ukraynadan sonra Rusiyanın növbəti hədəfi olacağını deyirlər”. Siyasətçi bunu “Moskva Moldovanı “Rusiya dünyasının” bir hissəsi, onun təsir zonası hesab edir və bu vəziyyəti dəyişmək niyyətində deyil” deyə izah edib. “Buna görə də Moldova hakimiyyəti Rusiya Federasiyasının mümkün hücumunu dəf etməyə hazırlaşır. Baxmayaraq ki, Moldovada rusların gəlməsini istəyən ictimai rusofil sektor var. Xüsusilə də Rusiyanın hərbi mövcudluğunun qeydə alındığı Dnestryanı separatçı bölgəni nəzərə alsaq”, - Tsaranu bildirib. “Rusiya Kişinyovda əsas təhlükə hesab olunur və onlar buna qarşı çıxmaq üçün Qərb tərəfdaşları ilə razılığa gəlirlər”, o əlavə edib.
Prezident Maia Sandu Parisə səfəri zamanı qeyd edib ki, bu gün Moldova artıq Rusiyanın istədiyi kimi bölünmək masasında deyil, müzakirə masasındadır. Parisdə üç sənəd imzalanıb. Bu, 1998-ci ildə imzalanmış sənədi, eləcə də növbəti altı il üçün iqtisadi əməkdaşlığa dair yol xəritəsini və Fransa İnkişaf Agentliyinin (AFD) Moldovaya 40 milyon avro dəyərində maliyyə və 1,5 milyon avro məbləğində maliyyə vəsaiti ayıracağı müqaviləni yeniləyən müdafiə sahəsində əməkdaşlıq sazişidir. Moldova prezidentinin administrasiyası aydınlaşdırır ki, yeni əməkdaşlıq sazişi müdafiə siyasəti, beynəlxalq missiya və əməliyyatlarda iştirak, informasiya texnologiyaları və hərbi telekommunikasiya və s. kimi mühüm sahələrini əhatə edir. 2024-2029-cu illər üçün İqtisadi Əməkdaşlıq Yol Xəritəsi Moldova Respublikası və Fransa arasında investisiya və ticarətin artımını təşviq etmək üçün birgə tədbirləri nəzərdə tutur. Moldova Respublikasında 200-dən çox fransız şirkəti fəaliyyət göstərir və hər iki iqtisadiyyata fayda gətirir.
Politico: Fransa Rusiyaya qarşı ittifaq yaradır
Fransa Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsinə açıq olan ölkələr qrupu yaradır, Politico mənbəyə istinadən xəbər verir. Parisin hərəkətləri "daha ehtiyatlı Berlin"lə fikir ayrılıqlarını dərinləşdirməyə davam edir. Nəşr xatırladıb ki, Almaniya, Çexiya və Polşa da daxil olmaqla bir çox Avropa ölkəsi Fransa prezidenti Emmanuel Makronun belə bir perspektivi istisna etməməsindən sonra qoşun göndərmək planlarının olmadığını bildirib. Nəşrin qeyd etdiyi kimi, Estoniya, Litva və Latviya “ideyaya daha açıqdır”, Polşa isə “mövqeyini dəyişir”.
Polşanın xarici işlər naziri martın əvvəlində demişdi ki, “Ukraynada NATO qüvvələrinin mövcudluğu ağlasığmaz deyil”. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, o, “çox müsbət qiymətləndirir” və “başlanan müzakirəni təşviq edir”. Estoniyanın baş naziri Kaja Kallas hesab edir ki, Ukraynaya qoşun göndərilməsi müdafiə hərəkəti kimi qiymətləndirilə bilər.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB