“Prezidentin müsahibəsi aktuallığı ilə mühüm əhəmiyyət kəsb edir” - ŞƏRH EDİLDİ

“Cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibə öz aktuallığı və son dövrlər gündəmdə olan enerji təhlükəsizliyi məsələlərinin vurğulanması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı müsahibə zamanı bir neçə vacib məsələlərə toxundu. İlk növbədə Cənub Qaz Dəhlizinin Azərbaycan layihəsi olduğu və tarixi əhəmiyyət daşıdığını, artıq Avropanın bir çox ölkələrinin Azərbaycan qazından istifadə etməsinin imkanlarından danışıldı. Dövlət başçısı bildirdi ki, 3500 km-lik boru xəttinin çəkilməsi xəyal deyil, bu bir reallıqdır və Azərbaycanın gücünün göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə ölkəmizin yaşıl enerji və təbii artım ölkəsi kimi dünya tərəfindən qəbul olunduğunu qeyd etdi: “Azərbaycan artıq yaşıl enerjinin istehsalı sahəsində də uğurlu addımlar atır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin istehsalı məsələləri bizim gündəmimizdə dayanır və yaxın 10 il ərzində yaşıl enerji təchizatımızın böyük hissəsini ödəyəcək, daxili tələbatda qaz istehlakını azaldacağıq. Bu da Avropa məkanına daha çox qaz ixrac etməyimizə səbəb olacaq.

Eyni zamanda dövlət başçısı “neftlə lənətlənmiş ölkələr” ifadəsini dilə gətirərək, təbii ehtiyyatlara malik olmağın həmin ölkələrin günahı olmadığını, əksinə onların qazancları olduğunu və bundan da doğru istifadə etməyin vacibliyini vurğuladı. Məhz Azərbaycan da bu doğru yolu seçib. Neft kapitalını Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəldərək, ölkəmiz böyük uğurlar əldə etdi. Cənab Prezident qeyd etdi ki, Azərbaycan bundan sonra da dünya ölkələri ilə əməkdaşlığı genişləndirəcək və bu əməkdaşlıq çərçivəsində şübhəsiz ki, yaşıl enerjinin də öz rolu olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə