5 əsr əvvələ, 5 əsr sonraya... - FELYETON

İndi neçənci əsrdir? Mən biləni XXI. Amma şübhə edirəm. Həqiqətdə görəsən neçənci əsrdir? Düşünsəniz ki, başım xarab olub, vallah incimərəm. Çünki XXI əsri yaşayan çox az adam var bu ölkədə. Sual versəniz ki, bu nə deməkdir. Onda mən də cavab verərəm ki, sizi bilmirəm, mən əksər insanın 5 əsr əvvəldə, əksərinin isə 5 əsr sonrada yaşadığını görürəm. Elə buna görə də çıxara bilmirəm ki, indi hansı əsrdəyik.

Məsələn, sırağagün eşitdim ki, Salyanın Pambıqkəndində 11-ci sinif şagirdi ana olub. Bu kimi hadisə ilə tez-tez qarşılaşırıq. Lakin sonuncu olduğu üçün ona görə bunun adını çəkməli oldum. Elə bu hadisədən sonra düşünürəm ki, biz hansı əsrdə yaşayırıq? Axı haradasa, 5 əsr bundan əvvəl elə ki, necə deyərlər, qızlar kəkil çıxardı, verirdilər gedirdi ərə. Hələ yazıq qızlar anadan olanda atalar vardı ki, başına daş düşürdü. Evinin yıxıldığını, tufağının keçdiyini düşünənlər də vardı. Bu yazıq qız elə ki, 11-13 yaşına çatdı, özündən iki o qədər yaşlıya verib başından edənlər də vardı.

Məsələ burasındadır ki, XIV-XV əsrdə olanlar indi də var axı. O günləri 15 yaşlı qızı 35 yaşlı kişiyə nişanlamadılarmı? Keçən il buna bənzər bir hadisə də olmuşdu. Qızların erkən nikah məsələsi isə bitmir ki, bitmir. Budur, Salyanda 11-ci sinif qızları nişanlıdır. Elə ha eşidirik ki, Fatmagülün 15 yaşlı qızı ətə getdi. Səkinəxanımın 14 yaşlı qızı uşaq doğdu. Hələ bunlar olanların bir faizidir. Eşitmədiyimiz nələr var, onu da Allah bilir. Bax elə buna görə bilmək istəyirəm ki, biz hansı əsrdə yaşayırıq?

Vallah, sağa baxırsan, sonra da dönüb sola baxırsan, anlaya bilmirsən ki, indi hansı əsrdir. Bir tərəfdə beş əsr əvvələ gedib qızları başımızdan edirik, bir tərəfdə isə beş əsr sonraya gedib lütləşən, yolda, küçədə öz-özünə danışan, gülən, yemək yeyən, suyu başına çəkən, bir sözlə, bu əsrə qədər görmədiklərimizi edən insanlarla qarşılaşırıq.

Məlum məsələ, indi qadınlı-kişili əyninə paltar geyinən az adam qalıb. Bunlara baxanda həmişə düşünürdüm ki, beş ilə kimi camaat lüt gəzəcək. Küçədə qulaqcıqla, gözü telefonda gəzən adam görəndə deyirdim ki, beş ilə hamı küçədə toqquşub bir-birinin başını partladacaq. Lakin nə beş il? Budur, lütləşmə də bu gündədir. Qulaqda qulaqcıq, öz-özünə danışıb, gülən, yanından ötənin "bismillahir-rəhmanir-rəhim" deməsinə səbəb olan adamlar da bu gündədir.

Bax, elə bu səbəblərdən bəzən çaşıb qalıram, indi hansı əsrdəyik? Görəsən bu əsrləri bir-birinə qarışdıran, yerini dəyişən hansı qüvvədir? Bəlkə yediyimiz qidalar başımızı xarab edib? Biz nə yedik ki, bu günlərə qaldıq? Süni qidalarmı, GEMO məhsullarmı bizi bu günə saldı? Yoxsa broyler toyuqlar, 3-ü 10 manata xəstə ruhlu "çolpalar", mənşəyi, istehsalı, tərkibi laboratoriyalara belə qaranlıq qalan yağlarmı?

Bəlkə içdiyimiz su? O su ki, tərkibi yoxlama aparatını yandırıb yaxar. Bəlkə udduğumuz hava? O hava ki, bir evdən çıxan 4 maşının buraxdığı tüstünü ciyərlərinə çəkir.

Görəsən bunların hansı bizi bu günə qoydu ki, əsrləri qarışdırdıq bir-birinə? Gah əvvələ, gah sonraya yolçuluqda girinc-giryan olduq: itirdik itirə bildikcə, batırdıq, batıra bildikcə...

Hə, indi hansı əsrdəyik? Deyə bilərsinizmi? Bilən varsa, desin, biz də bilək!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə