YAP-ın VII qurultayı yeni inkişaf mərhələsinin əsasını qoydu – DEPUTATIN ŞƏRHİ

YAP-ın VII qurultayı yeni inkişaf mərhələsinin əsasını qoydu – DEPUTATIN ŞƏRHİ

“Yeni Azərbaycan Partiyasının 3 il bundan əvvəl keçirilmiş VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin edən, gələcək strateji hədəflərini gerçəkləşdirən faktordur. İslahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib. Tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, qurultayda qəbul edilən qərarlar YAP-ın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir: “Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən üç il ölkəmizin də həyatında mühüm tarixi məqamlarla yadda qalıb. Ən əsas məqam isə, ötən dövrdə Azərbaycanın əsas hədəfləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, Böyük Qayıdışı reallaşdırmaq. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin və həm də ən ali məqsədini reallaşdırmış oldu. Yeniləşən cəmiyyət, müasir dövrün çağırışları, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. Təbii ki, real mənzərənin yaranması öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Qurultaydakı geniş məzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürərək proqram xarakterli nitqində YAP üzvləri qarşısında yeni vəzifələri də müəyyənləşdirmiş oldu. Partiya bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirir. Xüsusi olaraq vurğulamalıyıq ki, YAP-ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə