Azərbaycana qarşı sanksiya və qətnamənin PƏRDƏARXASI - TƏHLİL

Qətnamələrin, sanksiyaların, kağız üzərində qalan cəfəngiyatların hələ də təsir, yaxud da təzyiq variantı hesab edilməsi çox gülüncdür. Bir-birinin ardınca Rusiyaya qarşı olan qətnamələri, sanksiyaları rəsmi Moskva hələ də hesaba almır və bunun həmin o şimal qonşumuza əhəmiyyətli dərəcədə təsir göstərmədiyini öz gözləri ilə müşahidə edənlər utanmadan indi də həmin sanksiya və qətnamələrdən dəm vururlar, hansıki çox cılız bir görüntü yaradır. Avropa Parlamentində Azərbaycana qarşı sanksiya çağırışları özü də həmin cılızlığın daha bir təzahürü oldu və sözügedən qurum üçün, onun itirilməkdə olan imici üçün böyük bir zərbə sayıla bilər.

Avropa Parlamentində Azərbaycana qarşı sanksiya çağırışlarının olması, ardınca da bir qədər irəli gedərək, bununla bağlı qətnamə də qəbul edilməsi əndazəni aşıb keçmək deməkdir. Azərbaycan hansı beynəlxalq hüquq normalarını pozmuş hesab oluna bilərdi ki, belə ədalətsiz və qərəzli şəkildə münasibət sərgilənməli oldu? Azərbaycan Ordusu hansısa ölkənin ərazilərini işğal etməyib, hansısa xalqa, etnik qrupa qarşı soyqırım törətməyib, dinc əhaliyə qarşı amansızlığa və qırğınlara rəvac belə verməyibsə, o zaman rəsmi Bakı nədə ittiham edilə bilər? Əgər 44 günlük Vətən müharibəsindəki, eləcə də bir günlük anti-terror tədbirlərindəki qələbəmiz, uğurumuz kimlərinsə gözünü deşirsə, bilməlidirlər ki, əməliyyatların hər biri Azərbaycan ərazilərində aparılıb. Kimsə, hansısa qüvvə və yaxud qurum ermənilərin itgilərini əldə bayraq etmək fikrindədirsə, bunun yanlışlıq olduğunu gec də olsa anlasın, çünki onlar itgilərini bizim ərazilərimizdə, Azərbaycan ərazilərində veriblər. Sual oluna bilər ki, həmin separatçılar, işğalçı ermənilər nə gəzirdilər bizim torpaqlarda ki, itgi verməli də oldular? Əgər bundan sonra Azərbaycanın hansısa hücumu barədə düşünərək sanksiya və qətnamə qəbul edirlərsə, yenə də yanlışlıq və hətta axmaqlıq edirlər. Çünki atılmayan addıma, baş verməyən hadisəyə görə ittiham etmək, mühakimə belə etmək heç bir hüquqi prosedurda ola bilməz. Deməli, Avropanın o yekəlikdə qurumu absurd yanaşması ilə yenə də özünü tamamilə rüsvay etmiş oldu.

Maraqlıdır, Avropa Parlamentinə nə düşüb ki, Azərbaycanı belə məhz bu şəkildə gözü götürməyən olub? Axı Azərbaycan həmin qurum üçün nə təhlükə yaradır, nə də maneçilik törədir... Elə isə təsadüfi şəkildə bu qədər qərəz, bu qədər ədalətsizlik ola bilməzdi. Deməli, bunun arxasında da bir əmma var. Heç şübhəsiz ki, arxasında yenə də erməni əsilli birinin olacağı onsuz da əvvəldən bəlli idi, çünki Azərbaycana qarşı aparılan kompaniya zamanı hansı daşı qaldırsan altından erməni çıxdığının dəfələrlə şahidi olmuşuq. Hər dəfə daşların altından ya erməni çıxır, ya da erməninin yalına susayan hansısa bir ermənipərəst, hansıki onlar elə özləri də ermənidən betər erməni hesab oluna bilərlər. Bəli, məhz bu dəfə də, həmin bu sansksiya və qətnamə məsələsində də daşın altından gözlənildiyi kimi, bir erməni və onun yalına susayan ermənidən betər erməni olanlar çıxdılar. Ortaya çıxan faktlar təsdiq etdi ki, yenə də aranı qarışdıran var və hansısa vəsaitlər, yəni, yal müqabilində kimlər isə Azərbaycana qarşı ağız-ağıza veriblər.

Bildiyimiz kimi, erməni lobbisinin, erməni diasporunun daim seçki öncəsi, seçki qabağı “xeyir-duasını” almaq üçün Avropa həmişə əldən-ayaqdan gedib. Metastaz verən xərçəng hüceyrələri kimi Avropada yayılan ermənilərin səsverməyə hansısa şəkildə təsir imkanlarını nəzərə alanların seçkidən qabaq onların “könlünü görmək” üçün bütün mümkün yaltaqlıqları etdikləri yenilik deyil. İndi məhz Avropa Parlamentinin yeni seçkilərə hazırlaşdığı bir dövrdə erməni dəyirmanına su tökənlərin bir-biri ilə yaltaqlıq və yarınmaq yarışına girməsi anlaşılandır. Cari ilin iyun ayında keçiriləcək seçkilərdə erməni lobbisinin yenidən dəstəyini qazanmaq niyyətində olanlar az qala hər şeylərini, başda da mənliklərini belə satmağa hazırdırlar ki, özlərini erməni “sponsorlarına” göstərə, özlərini bəyəndirə bilsinlər. Heç şübhəsiz ki, əsas “sponsor” kimi öndə olan qara brilyant qaçaqmalçısı kimi tanınan Kaspar Karapetyana yaltaqlanmaq uğrunda Avropada sözün əsl mənasında bir yarışma müşahidə olunur. Bir çox parlamentarilər Brüsseldə yaşayan Karapetyanın əsas işinin almazların qaçaq yollarla Avropa bazarına çıxarılması olduğunu da, yaxşı vəsaitlərə sahib olduğunu da və proseslərə təsir imkanlarını da yaxşı bilirlər. Yaxşı bilirlər ki, erməni biznesmen Rusiyaya qarşı almaz biznesi ilə bağlı mövcud olan sanksiyaları “dəlik-deşik” edir. Biz də yaxşı bilirik ki, almazları Belçikaya gətirib sonra orada cilalayıb satan Karapetyan qaçaq yollarla qurduğu brilyant biznesini qorumaq üçün avropalı siyasətçiləri də pulla ələ ala bilir. Daha doğrusu alır. Məhz elə bu “alqı-satqı” fonunda da Avropa Parlamenti onun korrupsiyaya bulaşdırdığı əsas strukturlardan birinə çevrilib. O da sirr deyil ki, Karapetyan rüşvətlə ələ aldığı avroparlamentarilər qarşısında eyni zamanda erməni maraqlarının müdafiəsi tələbini qoyub. Bu baxımdan, seçkilər öncəsi erməni lobbisinə, şəxsən Karapetyana yaltaqlanmaq üçün Avropa Parlamentində olan bəzi deputatların dırnaqarası “fəallığı”, Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe ilə çıxış etmələri anlaşılandır. Azərbaycana qarşı çıxan deputatların kimliyinə nəzər yetirəndə bir daha əmin olmaq olur ki, tərkin dəyişməyib və deməli, sifariş qulluqçuları yenə də əmr qulu kimi davranırlar.

Əlbəttə ki, haqqında qeyd olunan sanksiyanın da, qətnamənin də Azərbaycan üçün zərrə qədər mahiyyət kəsb etmədiyini hər birimiz yaxşı bilirik. Bilirik ki, kağız üzərində qalacaq qətnamələrin, sanksiyaların mahiyyəti onu qəbul edənlərin yaltaq və satqın mahiyyətində qətiyyən fəqlənə bilməz. Üstəlik, hələ hansısa qətnamənin təsir mexanizmi olması öz təsdiqini tapmayıb. Ələlxüsus da, həmin qətnamə və sanksiyanın təsiri olsa belə bunun Azərbaycana yox, birbaşa Avropaya olacağı gün kimi aydındır. Çünki enerji təhlükəsizliyi məsələsi rəsmi Bakını deyil, Avropanı maraqlandıran məqamdır. Azərbaycanla enerji tərəfdaşlığının ləğv edilməsindən əziyyət çəkən tərəf Avropanın özü olar, Azərbaycan yox. Çünki ölkəmizin enerji təhlükəsizliyində deyil, Avropanın enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır və daim etibarlı tərəfdaş kimi də qiymətləndirilir. Bütün bunların fonunda ən gülünc məqam odur ki, Avropa Parlamenti erməni maraqları naminə Avropanın enerji təhlükəsizliyini risk altına atmaq çağırışı edir. Əlbəttə ki, belə bir gülünc çağırışları rəsmi Brüsselin, yaxud da Avropa İttifaqı ölkələrinin qəbul edəcəkləri mümkün görünmür.

Daha bir absurd məqam ondan ibarətdir ki, Avropa Parlamentinin qətnaməsi heç bir əsas olmadan guya “Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü halında” iddiasına əsaslanır. Bu məqam özü belə qəbul edilən qətnamənin arxasında Avropa strukturlarında şəbəkələşmiş anti-Azərbaycan qüvvələrinin və erməni lobbisinin dayandığını isbatlayır. Əlbəttə ki, 44 günlük müharibəyə qədər Avropa Parlamenti də daxil olmaqla, Avropa strukturlarında erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana qarşı qəbul edilən qərarları guya “insan haqları” kimi məsələlərlə pərdələməyə çalışırdılarsa, müharibədən sonra bunu artıq gizlətmirlər də. Deməli, açıq-aşkar şəkildə göstərirlər ki, həmin parlamentarilər, həmin deputatlar ölkəmizə qarşı qərəzli mövqeyə sahibdirlər və onlar erməni lobbisinin, erməni diasporunun, eləcə də Karapetyan kimilərinin aləti olmağı artıq qəbul ediblər. Bunun isə onların imicinə nə dərəcədə zərbə olduğunu hesaba da almırlar. Dərk də etmirlər ki, kağız üzərində qalan qətnamənin Azərbaycana təsiri olmasa da, onların özlərinə böyük təsiri olacaq. Ən azından hələ də enerji təhlükəsizliyi problemini həll etməyən, alternativ variant tapa bilməyən Avropa üçün bunun nə kimi təsirləri ola biləcəyini dərk etmələri yaxşı olardı...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə