"Prezident iki dövlət arasında münasibətləri yüksək qiymətləndirib" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident iki dövlət arasında münasibətləri yüksək qiymətləndirib" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya regionlararası forumu iştirakçılarına müraciət ünvanlayıb. Əslində, cənab Prezident Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı tarixinə bir nəzər salıb. Eyni zamanda, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa əlaqəni yüksək qiymətləndirib. Təbii ki, Rusiya Federasiyası Azərbaycan dövləti ilə sərhəddir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, hər iki dövlət arasında bir-birinə münasibətdə böyük tarix var: "Bu tarixin hər cür üzü ola bilər, amma bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin rəhbəri dünən Almaniya nümayəndə heyəti ilə görüşündə 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri bizim haqqımızı müdafiə etmək, işğal olunmuş torpaqlarımızla bağlı həqiqəti dünyaya çatdırmaq əvəzinə ədalətsiz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb: "Amma çox maraqlı və sevindirici haldır ki, Rusiya artıq Azərbaycanın haqq işini başa düşdü və münasibətlərdə Fransa və ABŞ-dan kəskin şəkildə fərqlənir. Prezident İlham Əliyev müraciətdə də qeyd edir ki, Azərbaycanla Rusiya arasında kənd təsərrüfatı, ekoloji, nəqliyyat və logistika sahələrində birgə işlər görülür və bu istiqamətdə böyük uğurlar qazanılıb. Eyni zamanda, Rusiya Federasiyası Azərbaycan Respublikasına qonşu olduğu üçün gələcəkdə də bu yöndə işlərin daha da genişləndirilməsi üçün forumlara böyük ehtiyac var. Forumların mahiyyəti isə odur ki, Azərbaycan regionlarında nümayəndə heyəti Rusiyanın subyetlərində olur və onlar arasında danışıqlar olur. Bu da iki dövlət arasında münasibətləri bir qədər də genişləndirir".

"Uzun illərdir ki, Bakının ayrı-ayrı rayonlarının Həştərxanla münasibətləri, hər il Həştərxan nümayəndə heyətinin Azərbaycana gəlişi və Rusiyanın digər subyektləri ilə münasibətlər mövcuddur. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm xalqları bir-birinə səmimi edir, həm də bu xalqların sülh və təhlükəsizlik şəraitində yaşamasına şərait yaradır. Təsadüfi deyil ki, 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik haqqında bəyanat imzalanıb. Hər iki dövlət bu bəyanata riayət edir və Azərbaycanla Rusiya arasında münasibətlərin yeni dövrdə daha da inkişafı üçün imkanlar açır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə