"Prezidentin verdiyi mesaj erməni millətçiləri üçün böyük zərbə oldu" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyev fevralın 26-da Xocalıda rayon sakinləri ilə görüşdə bir çox ciddi məsələlərə toxundu. Onlardan biri də "Xocalıya ədalət" çağırışımıza böyük dövlətlərinin biganə qalması idi. Çox təəssüf ki, bu bir həqiqətdir. Bu həqiqət bir daha göstərir ki, Azərbaycan çox çətin bir şəraitdə özünün ərazi bütövlüyü və suveren hüquqlarının bərpası uğrunda mübarizə aparıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əgər böyük dövlətlər vaxtında Ermənistanın işğal siyasətinə "yox" desəydilər, ermənilərin insanlıq əleyhinə atdığı addımlarına təpki göstərsəydilər, işğal bu qədər uzun müddət çəkməzdi: "Eyni zamanda, Xocalı soyqırımı törədənlər artıq məhkəmə qarşısında olardılar. Bu, dünyada insanlıq əleyhinə cinayət törədənlər üçün çox böyük bir dərs olardı. Doğrudur, Azərbaycan həmin faciəni törədənlərin bir qismini artıq cinayət məsuliyyətinə cəlb edib".

Deputat sözlərinə davam edərək bildirib ki, Xocalının işğaldan azad edilməsi və ilk dəfə olaraq bu soyqırımın həmin torpaqlarda qeyd edilməsi erməni millətçiləri, onu müdafiə edən beynəlxalq dairələr üçün çox böyük bir zərbə olub: "Azərbaycanın bu ağrılı məsələsinə biganə qalanlar onun öz həqiqətlərini nə cür təsdiq etdirdiyini, dünyaya ədalət uğrunda mübarizənin necə aparıldığının nümunəsini izləmiş oldu. Dünya ikili standartlara meyilli olsa da, əsas standart olan ədalətin bərpası Azərbaycan xalqının mübarizəsi, ölkə rəhbəri İlham Əliyevin siyasi kursu nəticəsində bir daha öz təsdiqini tapdı".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə