"Xocalıda dalğalanan üçrəngli bayrağımız soyqırım qurbanlarının ruhunu şad edir" - DEPUTAT ŞƏRH ETDİ

“32 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Holokost başda olmaqla, Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımlarından heç nə ilə fərqlənmir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Deputat sözlərinə belə davam edib: “Bu, bütövlükdə bəşəriyyət əleyhinə cinayətdir. Bir gecədə 63-ü uşaq olmaqla 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. Onların hamısı azərbaycanlı idi. Qətllər "Human Rights Watch" və "Memorial" insan haqları təşkilatları tərəfindən də sənədləşdirilib. Hadisə yerinə gələn beynəlxalq Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri isə gördüklərindən dəhşətə gəlmişdi. Dünyanın nüfuzlu KİV-ləri yazırdı: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”, “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”, “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s. Bütün yazılarda birmənalı şəkildə qeyd olunurdu ki, du dəhşət azərbaycanlıların təbliğatı deyil, reallıqdır.

Xocalıda baş verənlər Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2000-ci ildə, britaniyalı jurnalist Tomas de Valla müsahibəsindəki etirafı da Xocalıda baş verən insanlıq əleyhinə cinayətin düşünülmüş və məqsədli şəkildə baş verdiyini təsdiqləyən faktlardan biridir.

Azərbaycan soyqırımın beynəlxalq miqyasda öz ədalətli hüquqi qiymətini alması istiqamətində ciddi addımlar atır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının dünya miqyasında təbliği müsbət nəticələr verib.

Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyəti 100 minlərlə şəxs və 115 təşkilat tərəfindən dəstəklənir. Kampaniya çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi yad edilir, beynəlxalq ictimaiyyət Xocalıya ədalət tələb edir.

Ən böyük ədaləti isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu təmin etdi. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçımız üçrəngli bayrağın Xocalıda ucaldılma anında keçirdiyi hissləri də ictimaiyyətlə bölüşüb: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm”. Xocalıda üçrəngli bayrağımızın dalğalandığı hər gün şəhidlərimizin ruhunu şad edir, bizi qürurlandırır.

Bu gün bütün azad olunmuş ərazilərdə olduğu kimi, Xocalıda da bərpa-quruculuq işləri aparılır, il ərzində Xocalı sakinlərinin də öz evlərinə qayıtması planlaşdırılır. Bir sözlə, Xocalıya da bu torpaqların əsl sahibləri qaydıb. Bu bölgəmiz də ən inkişaf etmiş ərazilərdən birinə çevriləcək. Amma təbii ki, biz bəşəriyyətin ən qanlı cinayətini unutmayacağıq.

Soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına dair addımlar bundan sonra da davam edəcək. Xocalı cəlladları törətdikləri bəşəri ciayətin cavabını mütləq verəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə