2017-ci il fevral şəhidlərinin xatirəsi anılıb

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, hərbiçilərin, ictimaiyyət nümayəndələrinin və şəhid ailələrinin üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, xatirələri anılıb.

Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yoluna nəzər salıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatları zamanı Ordumuzun qazandığı Qələbədən, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan və şücaətlərdən danışıblar.

İştirakçılar 2017-ci il fevral şəhidlərinin adlarını daşıyan siniflərdə də olublar. Bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliyinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində ümumtəhsil məktəblərinin qabaqcıl siniflərinə şəhidlərin adları verilir. Bu layihə çərçivəsində Salakətin kənd tam orta məktəbin beş sinfinə 2017-ci ilin fevral ayında həlak olmuş 5 şəhidin adı verilib.

Mərasim iştirakçıları siniflərlə tanış olub, şagirdlər vətənpərvərlik ruhlu çıxışlar ediblər. Şəhid valideynləri övladlarının adları verilmiş siniflərin şagirdləri ilə söhbət edib, onların məktəb illəri haqqında xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə