"Ermənistan silah idxal etməklə revanşa hazırlaşır" - RƏYLƏR

"Ermənistan silah idxal etməklə revanşa hazırlaşır" - RƏYLƏR

Fransa növbəti dəfə Ermənistanı silahlandırmağa başlayıb. Bütün bunların fonunda regionda yeni müharibə baş verə bilərmi? SİA olaraq mövzu ilə bağlı hərbi ekspertlər Ədalət verdiyev və Üzeyir Cəfərovun fikrini öyrəndik.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib: “Bundan sonra bərpa-quruculuq işləri ilə məşğul olur. Prioritetlərimiz arasında isə həm qayıdışı təmin etmək, həm də ordumuzu inkişaf etdirməklə düşməni növbəti muharibədən çəkindirməkdən ibarətdir. Lakin göründüyü kimi 30 illik işğal tarixinə malik Ermənistan Vətən müharibəsi və ondan sonrakı dövrdə başına gələn fəlakətlərdən özü üçün bir nəticə çıxarmayıb. Ermənistan hazırda Fransa və Hindistan kimi ölkələrdən silah idxal etməklə yeni revanşa hazırlaşır. Belə olan halda Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfinin tam əks fəaliyyətləri ilə müşahidə olunur. Bu da ərazidə şərti dövlət sərhədində son həftələr ərzində dəfələrlə atəşkəsin pozulması ilə müşahidə olunub. Bu proseslər onu göstərir ki, Ermənistan revanş hislərindən hələ də əl çəkməyib. Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Belə olan halda Azərbaycan da öz imkan və potensialını artırır, müxtəlif müasir silah sistemləri əldə edir. Ermənistanın təxribatlarının qarşısının növbəti dəfə alınması Azərbaycan üçün heç bir problem təşkil etmir. Əgər Ermənistan pis niyyətlərindən əl çəkməsə daha sərt çəkildə cəzalandırılacaq”.

Üzeyir Cəfərovun sözlərinə görə, Fransanın Ermənistanla hərbi əməkdaşlığı bölgədə gərginliyin artmasına hesablanıb: “Amma Ermənistanın yaxın bir neçə il ərzində Azərbaycanla qarşı-qarşıya gəlməyə imkanı yoxdur. Prinsip etibarilə Ermənistanın qonşumuz olması özü bir təhlükədir. Bu ölkə heç bir qanun tanımır. Emmanuel Makron Nikol Paşinyanla görüş zamanı bildirmişdi ki, müdafiə xarakterli silahlar verilir. Fransanın müdafiə naziri Ermənistana səfəri zamanı bildirdi ki, yalnız müdafiə xarakterli deyil, eyni zamanda orta və uzaq mənzilli raketlər də verməyə hazırdırlar. O silahlar bizə narahatlıq gətirsə də Azərbaycanın həmin silahları elə Ermənistan ərazisində zərərsizləşdirmək imkanı var. Bizim üçün o silahların harada olmasından bizə təhlükə yaradacaqlarsa biz oturub gözləməyəcəyik ki, Naxçıvana, Azərbaycanın böyük şəhərlərinə, hərbi obyektlərinə yönəlsin”.

Ekspert bildirib ki, bu əməkdaşlıq yaxın illər üçün nəzərdə tutulub: “Sözügedən əməkdaşlıq yaxın 5 il ərzində Ermənistan orta səviyyəli orduya malik olandan sonra ola bilsin ki, hansısa təhdid xarakterli fikirləri dilə gətirsin. Bu gün Ermənistanın o imkanı yoxdur, çünki Azərbaycanın kifayət qədər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemləri var. Yaxın zamanlarda da S-300-lərin döyüş vəziyyətinə gətirilməsi də onu göstərdi ki, Azərbaycan Ermənistana və ona havadarlıq edənlərə bir daha xəbərdarlıq edir. Fransanın bu kim hərəkətləri bölgədə daim sülhün və əmin-amanlığın təhdid altında olmasına hesablanıb. Burada qeyri-adi heçnə yoxdur. 30 il ərzində onlar ATƏT-in Minsk qrupunda münaqişənin həlli deyil, dondurulmuş vəziyyətdə qalması üçün fəaliyyət göstərirdi”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə