“Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“1992-ci ilin 26 fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elman Cəfərli deyib.


Elman Cəfərli sözlərinə belə davam edib: “32 il ötsə də Azərbaycan xalqı o məşum olayları unutmayıb. O zaman 70 il tərkibində olduğumuz Sovet dövləti yenicə dağılmışdı. Sovet dövlətinin əsas ideoloji dayağı olan xalqlar dostluğu ideyası 20 yanvarda darmadağın olmuşdu. 70 il bizə “dünyanın ən humanist ordusu”, “dünyada sülhün və sabitliyin dayağı” kimi təqdim olunmuş “qızıl ordu”nun əslində necə qanicən, acımasız bir silahlı birlik olduğu üzə çıxdı. Xocalıya qədər ermənilərdən çox xainlik görmüşdük. Amma bu qədərini gözləmirdik. Azərbaycan müstəqilliyə yenicə çıxmışdı. Nizamlı ordumuz yox idi. Bakıda hakimiyyət uğrunda savaşan siyasi qüvvələr diqqəti cəbhədən yayındırırdı, nəticədə Qarabağın dinc kəndlərinin müdafiəsini təşkil edə bilmirdik. Düşmən bizi Xocalıda qəfil yaxaladı. Qaradağlıda, Meşəlidə, Cəmillidə qırğınlar olmuş, amma vəhşilik bu həddə bu səviyyəyə çatmamışdı. Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmağa çalışan Ermənistan rəhbərliyi və separatçı rejim azərbaycanlıların gözünü, mübarizə əzmini qırmağı hədəfləmişdi. Erməni quldurları bir gecədə əliyalın insanlara hücum edərək 613 nəfəri şəhid etdilər. Qanlı qətliam zamanı 487 nəfər azərbaycanlı yaralandı. Erməni vandalları bütün müharibə qanunlarını pozaraq dinc əhalini qətl etdilər, Xocalı sakinlərinin ərazini tərk etməsi üçün dəhliz açmadılar. Qəribədir ki, bir sıra dünya ölkələrinin soyqırım aktı kimi tanıdığı Xocalı faciəsi illərlə erməniləri himayə edən Avropa dövlətlərinin, dairələrinin diqqətini çəkmədi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etdi. 2023-cü ilin 19 sentyabrında aparılan lokal hərbi əməliyyatlarla ərazi bötüvlüyünü, suverenliyini tam bərpa etdi. Separatçıların, qanunsuz quldur dəstələrinin mövqelərinə endirilən dəqiq zərbələr nəticəsində 1 erməni dinc sakininin belə burnu qınamadı. Lakin Avropanın ikiüzlü ermənipərəst dairələri öz qanuni haqqını bərpa edən Azərbaycanın siyasətində “etnik təmizləmə” izləri axtarırlar.

Halbuki etnik təmizləməyə, soyqırıma öz tarixi yurdlarında azərbaycanlılar məruz qalmışdı. Xocalı faciəsi bizim üçün qan yaddaşıdır. Harada yaşamağından asılı olmayaraq azərbaycanlılar bu günü unutmamalıdır. Biz düşmənin naqis xislətini yaddan çıxarmamalıyıq. Qarabağı, Şərqi Zəngəzuru azad etmişik. Gün gələcək Qərbi Zəngəzur, Naxçıvanın, Qazaxın işğal altına olan kəndləri də işğaldan azad ediləcək. Ermənistan dövlətinin Cənubi Qafqazda yaşamaq potensialı yoxdur. Amma nə qədər ki, Ermənistan adlanan dövlət var və qonşuluğumuzda bir ovuc erməni qalıb, biz onların namərd xislətini unutmamalıyıq. Onlar bu gün zəifdir, sözbaxandır. Sabah yenə güclənə, birilərinin fitnəsi ilə Azərbaycana qarşı qalxa bilərlər. Bu üzdən Qarabağ həqiqətləri, Xocalı faciəsi haqqında bədii əsələr yazılmalı, filmlər çəkilməlidir. Biz gələcək nəsillərə Xocalı qətliamını olduğu kimi çatdırmalıyıq ki, onlar da ayıq olsunlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə