"Fransanın “canfəşanlığ”ı Azərbaycana istiqamətlənib" - ŞƏRH EDİLDİ

"Fransanın “canfəşanlığ”ı Azərbaycana istiqamətlənib" - ŞƏRH EDİLDİ

“Fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddiaları bu ölkənin əsl simasını, kimliyini və aydın mövqeyini göstərir”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, bu hallar Ermənistanın müdafiə sahəsində əlaqələrini Fransanın əli ilə gücləndirmək məqsədi daşıdığını göstərir: “Ona görədir ki, Fransa müdafiə naziri Sebastyan Lekornu yaxın zamanda Ermənistana səfər edəcək. Fransanın Ermənistan üçün etdiyi bu “canfəşanlıq” birbaşa Azərbaycana istiqamətlənib. Paris düşünür ki, İrəvana dəstək verməklə Ermənistanın müdafiə və hücum potensialını daha yüksəltmək, Azərbaycanla qüvvələr balansını tənzimləmək mümkün olacaq. Ermənistanı silahlandıran və bütün hərbi istiqamətlərdə dəstək verən Fransa qoşunların sərhəddən çəkilməsini tövsiyə etməsi məntiqsiz və İrəvanın xeyrinə irəli sürülən addımdır”.

Müsahibimiz bildirib ki, E.Makronun, eyni zamanda, Fransanın sülh təşəbbüslərinə davam edəcəyini bildirməsi daha çox beynəlxalq geosiyasət və siyasi konyektura ilə bağlıdır: “Əvvəlcə onu qeyd edək ki, Fransa qərəzli və anti-Azərbaycan siyasəti nəticəsində vasitəçi olmaq imkanlarının üzərindən xətt çəkib. Parisin bundan sonrakı fəaliyyəti nəinki sülhə töhfə verəcək, hətta yeni münaqişənin başlanmasına təkan verəcək. Belə ki, Fransa başda olmaqla Avropa İttifaqının missiyasının Ermənistandakı fəaliyyəti əsasən Azərbaycana qarşı həyata keçirilir. Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu da öz çıxışında bildirib. O, həmçinin deyib ki, Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üzləşib. S.Lekornu bunu deyərkən Azərbaycanı nəzərdə tutub. Fransa məqsəd olaraq müdafiədən danışsa da, bu, sadəcə, manipulyasiyanın bir hissəsidir”.

E.Səftərov qeyd edib ki, rəsmi Parisin açıq dəstəyi Ermənistanın müstəqil qərar verməsinə təsir etdiyi üçün Azərbaycanla keçirilən görüşlərin İrəvanın mövqeyində ciddi dəyişiklik etməyəcəyini demək olar: “Ona görə də Ermənistan həqiqətən də sülh istəyirsə, birbaşa dialoqa üstünlük verməlidir. Fransanın ağzı ilə danışmaq regionda sabitliyə böyük təhdid olaraq qalacaq və keçirilən görüşləri səmərəsizləşdirəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə