"Azərbaycana növbəti dəfə etimad və hörmət göstərilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 tədbirinin ölkəmizdə keçirilməsi çox əlamətdar hadisədir". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Sədr bildirib ki, bu, Azərbaycan dövlətinə, onun başçısı cənab İlham Əliyevə olan böyük etimad və hörmətdir: "Bunu bilmək lazımdır. COP29 tədbirinin keçirilməsi üçün böyük işlər görülməlidir. Ölkədə aparılan işlər ardıcıl şəkildə davam etdirilməlidir. Müəyyən məsələlərin təcili həll edilməsi üçün ciddi addımlar atılmalıdır. Ölkədə narahatlıqların aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Düşünürəm ki, Azərbaycana gələcək olan çox hörmətli yüz minlərlə qonaq olacaq. Ölkəmizin dünyada tanınması bir daha buna sübut edəcək ki, Azərbaycan həqiqətən demokratik, tolerant bir dövlətdir. Bu dövlətdə sərmayə qoymaq, gələcəkdə bu dövlətlə iş birliyi aparmaq, işləmək dünya dövlətləri üçün çox əlverişlidir.

Bəzi hikkəli insanlarımız var ki, onların müəyyən bəhanələrini əllərindən almaq üçün addımlar atılsa, daha yaxşı olardı. Əminəm ki, ölkə Prezidenti Azərbaycan xalqının 92%-nin etimadını qazanıb yenidən prezident seçildikdən sonra düşünürəm ki, bu xırda məsələlər gözə görünmür. Düzdür, bizdə siyasi məhbus yoxdur, toyuq oğruları var. Buna siyasi məhbus adı qoyanlar da hər halda ölkəmizə, vətənimizə xəyanət edən insanlardır. Neyləyə biləcəklər? Gedib yenidən toyuq oğurlasınlar. Təbii ki, bunların hamısının qarşısını almalıyıq. Yəni bu məsələləri də tam şəkildə həll etməliyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə