“Avropa Azərbaycanın müstəqil davranışları ilə barışmalıdır” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycana qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən biri də ondan ibarətdir ki, hamı ilə bərabərhüquqlu, qarşılıqlı maraq və anlayış çərçivəsində münasibətlər qursun, əməkdaşlıq etsin. Bizim hər zaman mövqeyimiz ondan ibarət olub ki, kiminsə yanında kiməsə qarşı yer almırıq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Azərbaycanın mövqeyi kifayət qədər aydındır: “Biz hər zaman konstruktiv münasibətlərin tərəfdarıyıq. Həmçinin heç kimə bizimlə təzyiq dilində danışmağa imkan vermirik. Bu baxımdan Avropanın bəlli dairələrində Azərbaycanın müstəqil siyasətini həzm etmirlər. Amma bu Azərbaycanı öz mövqeyindən çəkindirmir. Avropa rəsmiləri hər zaman vurğulayırlar ki, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Ayrıca olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlıq Avropa üçün xüsusi əhəmiyyət kəsb edir.

Avropanın müxtəlif strukturlarında Azərbaycana qarşı açıq-aşkar qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri müşahidə edilir. Avropa Parlamentində, AŞPA müstəvisində Azərbaycana qarşı qərəz müşahidə edilir. Təbii ki, Azərbaycan da bütün bunlara olduqca cəsarətli, adekvat cavab reaksiyası etdirir. Bu cavab reaksiyasını isə fərqli tərzdə təqdim etmək doğru deyil. Azərbaycan Avropa ilə yaxşı münasibətlərə sahibdir. Amma bu o demək deyil ki, Avropa bizimlə diqtə, təzyiq dilində danışa bilər. Avropa Azərbaycanın haqlı mövqeyi, müstəqil davranışları ilə barışmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə