“Dünya reallıqları Türkiyə-Azərbaycan dərinləşdirilməsini tələb edir” - ŞƏRH EDİLDİ
“Azərbaycan Prezidentinin seçkilərdən sonra ilk səfərini Türkiyəyə etməsi gözlənilən hadisə idi. Eyni zamanda bu səfər Türkiyə ilə Azərbaycanın müstəqillik əldə olunandan sonrakı dövrdə münasibətlərinin inkişaf dinamikasını əks etdirən hadisədir. Həmçinin səfər xüsusilə son 10-15 il ərzində Türkiyə-Azərbaycan münasibətlərində məhz Əliyev-Ərdoğan münasibətinin, dostluğunun təsiri altında başlamış yüksələn dinamikanı da özündə əks etdirdi. Ölkə başçısının Türkiyəyə səfəri, burada yeni əməkdaşlıq sənədlərinin imzalanması iki ölkə arasındakı münasibətlərin, bütün Türk dünyasında güclənən inteqrasiyanın davamı və məntiqi nəticəsidir”. Bu sözləri SİA-ya siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, indiki şəraitdə böyük geosiyasi dəyişikliklər hələ ki, baş verməsə belə, amma Azərbaycan və Türkiyənin qarşısında böyük vəzifələr dayanır: “Bunlar həm də ümumtürk inteqrasiyası ilə bağlıdır. Bu gün türk dövlətlərinin yeganə etibarlı, vahid ailəsi olan Türk Dövlətləri Birliyinin möhkəmləndirilməsinə ciddi ehtiyac yaranıb. İqtisadi, siyasi, sosial, investisiya, ticarət və s. sahələrdə türk inteqrasiyasının genişləndirilməsi artıq zamanın tələbinə çevrilib.
Digər tərəfdən müasir dünya reallıqları və problemləri Türkiyə-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsini tələb edir. O cümlədən, iqlim dəyişiklikləri ilə mübarizə iki ölkənin imkanlarının birləşdirilməsi və biri-birinə dəstəyi olduqca önəmlidir. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə son 10 il ərzində bəzi qərəzli beynəlxalq dairələr tərəfindən oxşar təzyiqlərə məruz qalır, ikilistandart münasibətlərinin hədəfinə çevrilirlər. Aydın məsələdir ki, eyni mərkəzlərdən eyni motivlərlə Azərbaycan və Türkiyə eyni təzyiqlərin hədəfi olurlar. Bu şəraitdə qüvvələrin daha sıx birləşdirilməsi isə qaçılmaz bir taktikaya çevrilir.
Qərb dairələrinin bəzilərinin iki ölkəyə qərəzli münasibətləri ilə bərabər, Azərbaycan Türkiyə ilə birgə qlobal problemlərin həllinə böyük töhfə vermək iradəsində və gücündədir. Xüsusilə Avrasiyada enerji xəritəsinin daha da gücləndirilməsi, yaşıl enerjiyə keçid Azərbaycan-Türkiyə əməkdaşlığını daha da gücləndirir. İki ölkə arasındakı münasibətlər və qardaşlıq artıq pozulmayan strateji vüsət alıb. Strategiyanın ən son hədəfi bir çox sahələrdə vahid inteqrasiya vahidinin ortaya qoyulmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB