Dəfələrlə şahidi olmuşuq ki, ölkə rəhbərimiz cənab Prezident İlham Əliyev xalq tərəfindən seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib. Bir növ bu artıq ənənə halını alıb. Elə Türkiyə Prezidentinin də seçkidən sonra bir qayda olaraq, ilk rəsmi səfərini Azərbaycana etməsinin də ənənə halını aldığının şahidi olmuşuq və şübhəsiz ki, bütün bunlar heç də təsadüfi sayıla bilməz.
İstər Azərbaycanın, istərsə də Türkiyənin rəsmi dövlət protokolunda ilk rəsmi səfərin qardaş ölkəyə edilməsi ilə bağlı yazılı heç nə yoxdur və ola da bilməz. Amma hər dəfə seçkidən sonra qardaş ölkəyə səfər edilməsi ənənəsi qorunub saxlanılmaqdadır və bunu görməmək, müşahidə etməmək mümkün də deyil. Şübhəsiz ki, bu ənənəni Qərb ölkələri də, Avropa Birliyi, islamafob, türkofob ölkələr də, ermənipərəst qüvvələr də çox yaxşı müşahidə edirlər və öz müvafiq nəticələrini də çıxarırlar. Nəticə çıxarırlar və fərqindədirlər ki, iki qardaş ölkənin dövlət başçılarının bu ənənəni davam etdirməsinin köklü səbəbləri var. İstər Qərb, istərsə də Avropa üçün, ümumiyyətlə, heç kimə sirr deyil ki, iki qardaş ölkənin ortaq tarixi, ortaq dəyərləri var və bizim eyni dinə, eyni dilə mənsub olmağımızı hamısı çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, bizim adət-ənənələrimiz eyni olduğu kimi milli mənsubiyyətimiz də eynidir və iki dövlət olsaq da bir millətik. Bilirlər ki, bizim birliyimiz qırılmaz və sarsılmazdır, hansıki bizi daha da qüvvətli və qüdrətli edən də elə məhz budur, türk birliyidir.
İki qardaş ölkənin dostluq münasibətləri də təkzib edilə bilməz və indi bu məqam bütövlükdə dünya ictimaiyyətinin diqqətindən qətiyyən yayınan deyil. Ölkələrimiz arasında əməkdaşlığın ən yüksək səviyyəsinin də şahidi olanlar çox yaxşı bilirlər ki, bizim münasibətlərimiz təksə iqtisadi, siyasi əsaslar üzərində qurlmayıb və həmin münasibətlərin kökündə məhz bizim ölkələrimizin dosluq və qardaşlığı durur. Azərbaycan və Türkiyənin iki dost və qardaş ölkə olması həqiqəti və reallığı dünya ictimaiyyəti tərəfindən qəbul edilməkdədir. Türkiyə-Azərbaycan tandemi bizim dostlarımızı sevindirir, düşmənlərimizi məyus edir. Çünki bu tandem ölkələrimizin qüdrətini artıqmaqdadır və bunu görməmək, bunun fərqində olmamaq və hətta etiraf belə etməmək mümkün deyil.
Ölkələrimizin birliyində bir millətin iki liderinin qarşılıqlı qardaşlıq və dostluq münasibətinin də rolu danılmazdır. Azərbaycan Prezidenti İlham Əliev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətlərinin bizim ölkələrimizin birliyinə olduqca böyük təsiri var və həmin təsirləri müşahidə etmək heç də çətin deyil, çünki göz önündədir. İki qardaş ölkənin liderlərinin dostlüq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi təmin etdiyini görməmək olmaz. Məhz bu dostluq və qardaşlığın iki qardaş ölkə arasında əlaqələrin, münasibətlərin inkişafını, yüksələn xətt üzrə dinamikasını şərtləndirən əsas amillərdən olduğunun fərqində olmamaq mümkün deyil. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluq və qardaşlıq münasibətləri fonunda hər iki dövlətin, Azərbaycan və Türkiyənin müttəfiq, strateji tərəfdaş, güclü iqtisadi, mədəni əlaqələrə malik ölkələr olduğunun hər birimiz şahidiyik.
Bizim üçün, hər iki ölkə üçün əbədi hesab olunan ənənələr, qardaşlıq və dostluq ənənələri münasibətlərimizin davamlı olduğunu təsdiq edir. Qeyd olunan bu münasibətlərin fonunda ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri təkcə Azərbaycan üçün deyil, bütövlükdə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir və hətta cəsarətlə deyə bilərik ki, bu səfər tarixi bir səfər olaraq qəbul edilə bilər. Çünki hazırki həssas bir dönəmdə, dünyanın geosiyasi mənzərəsindəki dəyişikliklərin müşahidə edildiyi bir zamanda bu görüşün daha böyük əhəmiyyətə malik olduğunu, bu baxımdan da tarixi görüş olduğunu söyləməkdə, ümid edirik ki, haqlıyıq. Yəqin ki, Münhen görüşünün ardınca ölkə rəhbərimizin Türkiyəyə səfəri heç də təsadüfi sayıla bilməz və bu baxımdan daha böyük diqqətə layiqdir. Ona görə ki, əvvəla, iki qardaş ölkə liderinin bununla bağlı müzakirələrinin nə dərəcədə vacib olduğu, digər tərəfdən və əsasən də birliyimiz naminə birgə qərarların qəbul edilməsinin labüdlüyü diqqəti cəlb etməyə bilməz.
Etiraf etmək lazımdır ki, heç vaxt ölkəmiz və bütövlükdə Türk dünyası bu gün olduğu qədər öz hədəflərinə yaxın olmayıb. Bütün ərazilərini işğaldan azad edən, ərazi bütövlüyünü tam şəkildə təmin edən, eləcə də regionda təhlükəsizliyi təmin edən Azərbaycan heç zaman hazırki qədər qüdrətli olmayıb və Türkiyə-Azərbaycan tandemi fonunda iki qardaş ölkənin indiki qədər güclü olduğu görünməyib. Bu bir reallıqdır və bu reallığı bütün dünya qəbul etməkdədir. Ölkələrimiz arasında olan strateji tərəfdaşlığın nəyə qadir olduğu da göz önündədir. Bizim birlikdə necə güclü olduğumuzun fərqində olmayan yoxdur. Məhz bu reallığı nəzərə alan ölkə rəhbərimizin regional və qlobal proseslərin inkişafını proqnozlaşdırmaq məharəti də diqqətdən yayına bilməz və cənab Prezident İlham Əliyevin türk dövlətlərinin birliyi ilə bağlı fikirləri, mövqeyi həqiqətən də həm yerinə düşür, həm də yüksək qiymətləndirilir. Siyasi zəkaya, strateji uzaqgörənliyə sahib olan Azərbaycan Prezidenti, özünün də qeyd etdiyi kimi, nəyi necə və nə vaxt etdiyini həqiqətən də çox yaxşı bilir və biz bunun istər torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyümüzün təmin olunmasında, istər antiterror tədbirlərində şahidi olduğumuz kimi, türk birliyi ilə bağlı fikirlərində və mövqeyində bu dəfə də şahidi olmaqdayıq. Şahidi olmaqdayıq ki, türk dövlətlərinin iqtisadi-siyasi və hərbi ittifaqının labüdlüyü, türk dövlətlərinin birliyinin vacibliyi ilə bağlı ölkə rəhbərimizin qeyd etdikləri tam zamanında səsləndirilib və tam olaraq da yerinə düşür. Əminik ki, iki qardaş ölkə birgə olaraq tarixi qərarlar verəcək və bu da türk birliyi fonunda özünün müsbət nəticələrini yaxın gələcəkdə daha parlaq şəkildə göstərəcək.
Əlbəttə ki, Azərbaycan Prezidenti kimi, məhz Türkiyə Prezidenti də türk birliyi məsələsinə eyni həssaslıqla yanaşır, mövqelər də tamamilə üst-üstə düşür. İki qardaş ölkə arasında münasibətlərin bütün aspektlərinin nəzərdən keçirilməsi, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə olunması, bununla yanaşı, regional və qlobal hadisələrlə əlaqədar fikir mübadiləsi aparılmasının vacibliyi barədə sözügedən səfərlə bağlı Türkiyə tərəfinin rəsmi məlumatında qeyd olunması heç də təsadüfi deyil. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatının artıq Avrasiyanın və dünyanın önəmli güc mərkəzlərindən birinə çevriləcəyi gün heç də uzaqda görünmür. Azərbaycan və Türkiyənin xarici siyasətinin koordinasiya edilməsi, beynəlxalq münasibətlərdə birgə addımların atılmasının nəzərə alınması bunu deməyə əsas verir.
Heç şübhəsiz ki, Ermənistanın son təxribatı, ümumiyyətlə, bəzi ölkələrin, məsələn, Fransanın timsalında hansısa dövlətin, yaxud dövlətlərin işğalçı ölkəni silahlandırmasının regionla bağlı gələcək riskləri, eləcə də buna qarşı atılacaq addımlar da hər iki ölkənin diqqətindən yayına bilməz. Əlbəttə ki, Bakı və Ankaranın bununla bağlı planlarının olduğu da istisna deyil. Ümumiyyətlə, qlobal müstəvidə aparılacaq müzakirələrin gündəliyi olduqca genişdir. Bununla belə etiraf edilməlidir ki, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, beynəlxalq təşkilat statusuna nail olunması, türk coğrafiyasında dərin inteqrasiyanın sürətləndirilməsi, ümumiyyətlə, türk birliyi əsas prioritet hesab olunmaqdadır, çünki qlobal müstəvidə aparılacaq müzakirələrin gündəliyinə daxil olan məsələlərin həllində məhz bu birlik əvəzedilməzdir. Ölkə rəhbərimizin, nəyi nə zaman edəcəyini çox yaxşı bilən cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri, bütövlükdə türk dünyasının, Türk Dövlətləri Təşkilatının yeni üfüqlər astanasında olduğunu deməyə əsas verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB