"Ermənilər öz yalanlarına dünya birliyini də inandıra bilmişdi" - MÜSAHİBƏ
AMEA-nın əməkdaşı, tarixçi dosent Zaur Əliyevin SİA-ya müsahibəsini təqdim edirik:
- Müharibə üçün şərait nə zaman yarandı?
- Ermənilər Cənubi Qafqaz da daxil olmaqla keçib getdikləri və məskunlaşdıqları bütün əraziləri özününküləşdirməyə, erməniləşdirməyə çalışmış, nəticədə hazırda erməni milli tarixşünaslığında 26 “Ermənistan” adlı dövlətin olduğu iddia edilir. Çox təəssüf ki, milli psixoloji problemləri olan bir tayfa Rusiya, Britaniya və İranın birgə fəaliyyəti nəticəsində Azərbaycan torpaqlarına köçürüldülər və bu da regionda qanlı müharibələrə zəmin yaratdı. 1813-cü ildən 1918-ci ilin 28 mayına qədər ermənilərin ərazidə möhkəmlənmək və öz dövlətlərinə malik olmaq cəhdləri heç zaman uğurla nəticələnmirdi çünki, hər zaman və hər yerdə onlar etnik azlıq olaraq qalırdılar. Lakin Batum konfransı yoxdan bir erməni dövlətini Azərbaycanın tarixi torpaqlarında yaratdı və o gündən 2020-ci ilin noyabr ayının 8-nə qədər onlar işğalçılıq siyasətini qanlı müharibələrlə davam etdirdilər. 1918-ci ildən hissə hissə bizə məxsus torpaqları işğal edən ermənilərin hədəfi Qarabağ idi. Ermənilər Dağlıq Qarabağ hərəkatına başlayarkən öz avanturalarını ört-basdır etmək üçün əsasən üç arqumentə (əslində ağ yalana) əl atmış və bununla SSRİ və dünya ictimaiyyətini aldatmağa çalışmışlar; Guya Dağlıq Qarabağ erməni millətinin və erməni dövlətçiliyinin təşəkkül tapdığı tarixi Ermənistan torpağıdır və 1921-ci il iyulun 5-də Stalinin təzyiqi ilə Azərbaycana verilmişdir və tarixin bütün dövrlərdə ermənilər Dağlıq Qarabağ əhalisinin mütləq əksəriyyətini (müxtəlif müəlliflərin iddialarına görə hətta 94, 95, 98%) təşkil etmişlər. Məhz bu ideya, başqa torpaqlara sahiblənmək gətirib 30 illik qanlı bir dövrə çıxardı. Həqiqət isə budur ki, 5 iyul 1921-ci il tarixin qərara Ermənistanın Dağlıq Qarabağı ələ keçirmək cəhdi rədd edilmiş, Dağlıq Qarabağın Azərbaycan ərazisi olması bir daha təsdiqləmiş, Dağlıq Qarabağı Azərbaycanın tərkibinə saxlamaq və Azərbaycanın tərkibində muxtariyyət vermək məsələsi həll olunmuşdu.Dağlıq Qarabağda ermənilərin sayca üstünlüyü barədə fikirlər isə tam bir sərsəmləməkdir. Qarabağın dağlıq ərazilərində, ermənilərin XIX əsrdən başlayaraq yerləşdirilməsi nəticəsində onların burada sayının süni surətdə artmasını həm rus müəllifləri (A.Qriboyedov, V.A.Potto, M.Skibitski, P.Q.Butkov, S.Qlinka, N.Şavrov, N.Şopen, Veliçko və b.) həm də çar hökuməti və sovet dövlətinin rəsmi sənədləri (kameral təsvirlər, əhalinin siyahıya alma materialları, statistik materiallar, Qafqaz təqvimləri və s. tam təsdiq edir.
Aydın idi ki, Dağlıq Qarabağ hadisələrinin kökündə erməni əhalinin hansısa sosial-iqtisadi, mədəni problemləri deyil, Ermənistanın Azərbaycana ərazi iddiaları, Dağlıq Qarabağ ilhaq etmək planları dururdu. Azərbaycan rəhbərliyi isə tarixi və real vəziyyəti saxtalaşdıranlara qarşı acizlik və təslimçilik mövqeyi nümayiş etdirdi. Elə 1988-1989-cu illərdə Moskva¬da Dağlıq Qarabağ məsələsinin müzakirə edildiyi bütün iclaslarda Azərbaycan nümayəndələri erməni yalanlarını təkzib etməyə ciddi cəhd göstərmədilər. Ermənilər isə öz yalanları ilə təkcə SSRİ ictimaiyyətini deyil, elə dünya birliyini də müəyyən dərəcədə inandıra bildi. Bütün bunların nəticəsi ilə bağlıdır. Azərbaycan tədricən DQMV-in idarə olunmasından kənarlaşdırıldı. Ermənistanın isə vilayətə siyasi, iqtisadi, mədəni, daha sonra isə hərbi ekspansiyası gücləndi. Ermənistan Respublikası öz ərazisindən sonuncu azərbaycanlıları da deportasiya etdikdən sonra Dağlıq Qarabağı və ətraf rayonların işğalını da başa çatdırırdı.
- Ermənistanın müharibədə əsas üstünlük səbəbi nə idi?
- Əlbətdə, onların arxasında Rusiya, Fransa, Amerika kimi dövlətlər dururdu, güclü diaspor və onlara xidmət edən lobbi mühüm təsir etdi o dövrdə müharibəyə. Müasir silahlar, kifayət qədər diasporun pulu, qonşu dövlətlərdən İranın Ermənistana yaxınlığı, etnik baxımdan bizə yaxın Türkiyənin neytral mövqe tutması ermənilərə üstünlük verən şərtlər idi. Lakin nəzərə alaq ki, o dövrdə Azərbaycanda da siyasi vəziyyət stabil deyil idi. Hakimiyyət uğrunda mübarizə ermənlərin əl qolunu açmış idi. Eyni zamanda sərhədlərimizə nəzarətin zəif olması dünyada qara siyahılarda olan terrorçuların Qarabağa, ermənilərin tərəfinə axın etməsinin qarşısını ala bilmirdi. Tomas De Vaal İqor Muradyanla söhbət əsasında yazır ki, o Daşnak partiyasının SSRİ-dəki və hətta xaricdəki dərnəkləri ilə əlaqəyə girərək Qarabağa silah daşıyırmış. 1986-cı ilin yayında Qarabağ erməniləri daşnakların köməyi ilə xaricdən yüngül atıcı silahlar almağa başladılar. Nəticədə silah gətirilməsi müntəzəm olaraq həyata keçirildi. Bu silah əsasən Dağlıq Qarabağa gedirdi. “Dağlıq Qarabağda bütün təşkilatlar silahlanmışdılar. Bütün yerli komsomolçuların şəxsi silahı vardı”. Azərbaycanda isə birinci Qarabağ müharibəsi dövründə əhalinin ov tüfəngi belə əllərindən alınırdı, milli ordu formalaşmasına baxmayaraq silah və texnika öz sözünü dedi. Kifayət qədər qəhrəmanlar ermənilərə ağır zərbələr vurmasına baxmayaraq çoxu xəyanətin qurbanı oldu, əksəriyyəti satqınlıq nəticəsində ağır məğlubiyyətlər aldılar. Hakimiyyət tam ölkəni əldə saxlaya bilmirdi. Siyasi təyziqlər, beynəlxalq təsirlər öz sözünü o dövrdə dedi. Nəticədə ermənilər 30 il Qarabağ və ətrafını işğal etdilər. 1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkədə milli ruh yenidən dirçəldi, Qarabağda qələbələr əldə edilməyə başlanmış idi, lakin onun qurduğu hökumətdə olan xainlər, satqınlar aparılacaq işlərə zərbələr vurdu. Müharibə aparan bir dövlətdə daxili xainlərin sayəsində minlərlə şəhid oldu, qazilərimiz oldu, torpaqlar işğal edildi və nəticədə 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən 44 günlük müharibə böyük qələbəni Azərbaycana gətirdi.
- Birinci Qarabağ müharibəsində uğurlu hesab edilə biləcək əməliyyatlar hansılar idi?
- Əslində bununla bağlı kifayət qədər yazılıb. Başkənd əməliyyatı, Nərgiz təpə döyüşü, o dövrdə Ağdərənin, Xocavəndin azad edilməsi də olub. Qısa müddətli olsa da. Ordumuz Kəlbəcərin keçilməz yollarını aşaraq Şuşanı azad etməsinə az qalırdı. Lakin siyasi proseslər, hakimiyyət uğrunda mübarizə bunları yarı yolda qoydu. Şükür yarım qalmışı 44 gündə ordumuz tam elədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB