"Münxen görüşündə əsas məsələ keçmiş problemlərin həlli idi" - ŞƏRH EDİLDİ

"Münxen görüşündə əsas məsələ keçmiş problemlərin həlli idi" - ŞƏRH EDİLDİ

“ABŞ-Azərbaycan arasında soyuqluq hiss olunurdu, hətta bir gərginlik də baş vermişdi. İki ölkə arasında münasibətlərin normallaşması, habelə bundan sonra etimad mühitinin yaranması və qarşılıqlı əlaqələrin davam etməsi baxımından müəyyən sualların aradan qalxması lazım idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, Prezidentin Münxenə səfəri və buradakı təhlükəsizlik konfransı tərkibində ABŞ nümayəndələri ilə görüşü çox önəmli idi: “Rəsmi Bakı ilə hədə-qorxu ilə danışmağın heç bir əhəmiyyəti yoxdur. Biz aqressiv bir ölkə deyilik. Xarici siyasətimiz də heç kəsə qarşı aqressiv tutum içərisində deyil. Bu ABŞ-yə də aiddir. Bizim üçün əsas məsələ regionda sülh və əmin-amanlığın bərqərar olması, habelə tərəflər arasında etimad mühitinin yaranması, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan sülhdən başqa heçnə istəmir. Bu istiqamətdə də öz xarici siyasətini formalaşdırır. Təəssüf ki, bir çox hallarda regiondakı ölkələr həm də böyük güclər tərəfindən əsaslı təzyiqlərə məruz qalırıq. Bunun nəticəsində də təbii ki, Azərbaycan tərəfi təzyiqlərə boyun əymir və öz növbəsində lazımi cavabı və reaksiyanı da verir. Belə olan təqdirdə də biz deyə bilərik ki, ABŞ-yə qarşı verilən reaksiyalar doğru və yerində addımlar idi”.

T.Rzayev bildirib ki, bu görüşlərdə də əsas məsələ həm keçmiş problemlərin həlli həm də bundan sonra regionda inkişaf məsələsidir: “Azərbaycanın mina axtarışı və ordu quruculuğu sahəsində ABŞ-dən gözləntiləri var. Ermənistanla sülh məsələsində Vaşinqtonun destruktiv mövqeyinin olmamasını istəyirik. Amma ABŞ ilə olmasa da biz öz yolumuza davam edəcəyik. Bu da bir daha ABŞ nümayəndələrinə ola bilsin ki, çatdırılıb. Burada əsas məsələ ölkələrarası münasibətlər və regionda gedən sülh quruculuğu işləridir. Vaşinqton da öz növbəsində sülhün öz formatında imzalanmasını istəyir. Azərbaycan tərəfi üçün sülhün harada və necə imzalanmasının fərqi yoxdur. Biz ən qısa zamanda Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyirik. Bu məsələdə bizə dəstək verəcək və tərəfsiz konstruktiv mövqe sərgiləyəcək bütün aktorlarla danışıqlara hazırıq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə