“Azərbaycan-Türkiyə arasındakı əlaqələr ehtimal olunduğundan daha dərindir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etməsi çox böyük məna daşıyır və bu indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir”. Çünki Türkiyə bizim təkcə strateji müttəfiqimiz deyil. İki ölkə arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində qurulub. Azərbaycan və Türkiyə arasındakı əlaqələr ehtimal olunduğundan daha dərindir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, hazırda bir çox dünya dövlətləri bu qardaşlıq münasibətlərinə böyük qısqanclıqla yanaşsalar, əlaqələrimizə xələl yetirməyə çalışsalar da, bütün bunlara rəğmən Bakı və Ankara işbirliyi getdikcə genişlənməkdə və güclənməkdədir: “Prezidentin ilk səfərini Türkiyəyə etməsi həm də ölkəmizin prioritetləri ilə bağlı verilmiş mesaj olaraq da qəbul edilməldiir. Bu mesaj təkcə Azərbaycan və Türkiyə cəmiyyətlərinə ünvanlanmış mesaj deyil, eyni zamanda bütün dünyaya verilmiş mesajdır. Səfərin özü və müzakirə olunan məsələlər, iki ölkə başçısının səsləndirdiyi fikirlərə də baxdıqda görürük ki, ən mühüm hədəf özündə Türk dövlətlərinin birliyi, güclənməsi, bölgədə sülh və sabitliyin əldə edilməsi istiqamətində birgə fəaliyyəti ehtiva edir.

Bu gün, xüsusilə də İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geosiyasi durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərində yeni perspektivlər açıb. Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf edərək iki ölkənin milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir. Bu mənada liderlərin görüşündə Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək” bəyanatı Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirmək istiqamətində mühüm addımların atılacağını deməyə əsas verir.

Həqiqətən də böyük coğrafiyaya, böyük əraziyə, təbii sərvətlərə, güclü iqtisadi potensiala və ən nəhayət böyük hərbi gücə malik Türk Dövlətləri Təşkilatı bir birlik olaraq hər kəsə nümunə ola biləcək səviyyədədəir.
Bir məqamı da qeyd edim ki, bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu.

Səfər həm də təbii olaraq qarşılıqlı qardaşlıq mesajları ilə də yadda qaldı. Türkiyə seçkilərdən öncə AŞPA-dan Azərbaycana qarşı haqsız iddialara etiraz edərək, nümayəndə heyətimizə qarşı qəbul olunan qərəzli qərar ləğv edilənə qədər Azərbaycana dəstəyi və bu istiqamətdəki səylərin davam etdirəcəyini bir daha bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik” bəayantı eləcə də “Üçüncü tərəfləri prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik” fikri Fransa başda olmaqla regionda xaos yaratmaq istəyən destruktiv qüvvələrə ciddi mesaj oldu.

Səfərin ən önəmli məqamlarından biri də hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan və bundan sonra atılacaq addımlarla bağlı oldu. Müdafiə sənayesi sahəsində birgə istehsalla bağlı planlar, Azərbaycanda Türkiyə ordu modelinə keçid və s. bu kimi məsələlər ordumuzun gücləndirilməsi istiqamətində bundan sonra da davamlı addımların atılacağını deməyə əsas verir.

Ümumiyyətlə isə Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Bu baxımdan əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə