"Münxen səfəri növbəti dəfə Paşinyan üçün fiasko ilə bitdi" - DEPUTAT ŞƏRH ETDİ

"Münxen səfəri növbəti dəfə Paşinyan üçün fiasko ilə bitdi" - DEPUTAT ŞƏRH ETDİ

"Münxen səfəri növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyan üçün fiasko ilə bitdi. Belə ki, Azərbaycan Prezidentinin qlobal problemlərin həllində fəal iştirak edən lider kimi keçirdiyi çoxsaylı görüşlər fonunda Paşinyanın miskin və forpost obrazı daha qabarıq görünürdü. Azərbaycanla normallaşma prosesinə gəlincə, Almaniya kansleri O.Şoltsun iştirakı ilə baş tutan birgə görüşdə və eyni zamanda ikitərəfli görüşdə bu məsələ müzakirə olundu. İki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, hətta Xarici İşlər Nazirliklərinə tezliklə sülh müqaviləsi üzrə görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı təlimat da verilib: "Yəni ümumilikdə Münxendə normallaşma ilə bağlı aparılan müzakirələri pozitiv qiymətləndirmək olar. Lakin Paşinyanın Münxendə erməni icması ilə keçirdiyi görüşdə yenidən “Ermənistanın “Qarabağın” öz müqəddəratını təyinetmə hüququnun reallaşması ilə müstəqil olması istiqamətində səyinə beynəlxalq ictimaiyyət dəstək göstərmədiyi üçün bu münaqişəni yalnız Azərbaycana qarşı deyil, beynəlxalq ictimaiyyətə qarşı aparırdıq. Ancaq bu ağılsızlıq idi” söyləməsi onu deməyə əsas verir ki, Ermənistan tərəfinin iddiası hələ də davam edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən gün Ankarada da bəyan etdi ki, Azərbaycan ərazisində bundan sonra da heç vaxt separatizmə yer olmayacaq".

"Yəni, Paşinyanın fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. Bu barədə Azərbaycan XİN-in açıqlamasında da qeyd olunur. Eyni zamanda Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması vacibdir.

Sülhə gəlincə, dövlət başçımız bunlunla bağlı ən ciddi xəbərdarlığı Ermənistana və onun havadarlarına məhz inaqurasiya mərasimində etdi. Bildirdi ki, Ermənistanın havadarları daim sülh məsələsini məqsədli şəkildə şişirdərək, vasitəçi olmaq istəyirlər. Amma bu cəhdlərin faydası olmayacaq. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Ona görə Ermənistan rəhbərliyi vəziyyəti düzgün təhlil etməli və adekvat addımlar atmalıdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə