“COP29 çərçivəsində veriləcək qərarlar dünyanın gələcəyinə yön verəcək” - ŞƏRH EDİLDİ

“COP29 çərçivəsində veriləcək qərarlar dünyanın gələcəyinə yön verəcək” - ŞƏRH EDİLDİ

“COP29 dünyanın və BMT-nin dünya səviyyəli ən vacib tədbirlərindən hesab edilir. Xüsusilə dünya bu qədər ekoloji problemlərin, iqlimlə bağlı narahatlıqların olduğu bir dövrdə COP29 kimi layihələrin önəmi daha da artır. Əlbəttə ki, belə bir vacib, qlobal əhəmiyyətli fikirlərin müzakirə ediləcəyi bir tədbirin Azərbaycana həvalə olunması, dövlətimizin xarici siyasət kursunun uğurlarından biridir. Həmçinin artıq Azərbaycanın qlobal güc faktoru olması növbəti dəfə ortaya çıxmış olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, COP29 kimi bir tədbirə ev sahibliyinin ölkəmizə həvalə edilməsi Azərbaycana bu məsələdə göstərilən etimadın növbəti dəfə nümayişidir: “Hesab edirəm ki, bu tədbir ölkəmiz və dünya üçün vacib əhəmiyyətə malikdir. Azərbaycan son dövrlərdə ənənəvi enerji məsulları ilə yanaşı, yaşıl enerji adlandırdığımız alternativ enerji mənbələrinin şaxələndirilməsi və bu məsələdə olan potensialını dünyaya nümayiş etdirir. Ölkəmizin bu sahədə olan potensialının nümayişi Azərbaycanın daha da inkişaf etməsinə səbəb olur.

Həmçinin dünyada da artıq ciddi formada yaşıl enerjiyə keçidlə bağlı çağırışlar mövcuddur. Qlobal iqlim şərtlərinin təhdid edilməsi fonunda COP kimi tədbirlərin əhəmiyyəti daha da artır. Ümumiyyətlə bu tədbir konkret olaraq bəlli coğrafiyaların deyil, bütövlükdə dünyanın məsuliyyət daşıdığı önəmli tədbirdir. Burada veriləcək qərarlar dünyanın gələcəyinə yön verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə