"Görüşlər Azərbaycanın ayrı-ayrı ölkələrlə münasibətlərinə müsbət təsir göstərəcək" - ŞƏRH EDİLDİ

"Görüşlər Azərbaycanın ayrı-ayrı ölkələrlə münasibətlərinə müsbət təsir göstərəcək" - ŞƏRH EDİLDİ

“Münxen təhlükəsizlik konfransı bu sahədə keçirilən ən önəmli dialoq formatlarından biridir. Cənab Prezidentin bu konfransda iştirakı, çıxışları, müsahibələri, keçirdiyi görüşlər hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub və müzakirə predmetinə çevrilib”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, indiki halda da Azərbaycana göstərilən yüksək diqqət, müxtəlif ölkələrin dövlət başçılarının, beynəlxalq təşkilatların təmsilçilərinin, nüfuzlu şirkətlərin rəhbərlərinin ölkəmizin Prezidenti ilə görüşə can atmaları əslində Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzundan xəbər verir: “Eyni zamanda nümayiş etdirir ki, ölkəmizin yürütdüyü siyasət və yalnız milli maraqlardan çıxış etməyimiz Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyini daha da möhkəmləndirir”.

E.Mirzəbəyli qeyd edib ki, ölkəmiz həm Qoşulmama Hərəkatı, həm də digər təşkilatlar çərçivəsində fəaliyyət göstərdiyi zaman kəsiyində özünün qlobal məsuliyyətini dərk edən bir dövlət olaraq təqdim etməyi bacarıb: “Bu aspektdən də Azərbaycana etibarlı tərəfdaş kimi münasibət yüksək səviyyədədir. Keçirilən görüşlər də prinsip etibarilə bunu bir daha təsdiqlədi. Şübhəsiz ki, baş tutan təmaslar, keçirilən görüşlər Azərbaycanın ayrı-ayrı ölkələrlə münasibətlərinə müsbət təsir göstərəcək. Bundan sonrakı proseslərlə ölkələrlə qarşılıqlı əlaqələrin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına təkan verəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə