Milli Məclisdə 14 fevral tarixində andiçmə mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi, sözün əsl mənasında, bir tarixi nitq olaraq yaddaşlara yazıldı. Ölkə rəhbərimizin öz nitqində söylədikləri, əslində, müstəqil, suveren Azərbaycanın bundan sonrakı inkişafının və yüksəlişinin yol xəritəsi olaraq dəyərləndirildi. Çünki dövlət başçımızın qeyd etdikləri, həqiqətən də, ölkəmiz üçün haqlı olaraq, proqram xarakterli hesab olunmaqdadır.
Ölkə rəhbərimiz öz nitqində ilk olaraq Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası və möhkəmləndirilməsinin uzun və çətin yoluna, xalqımızın müvəffəqiyyətlə keçdiyi imtahana yekun vurdu. Cənab Prezident xatırlatma da etdi ki, əgər Ermənistan, onun rəhbərliyi və onun arxasında duran qüvvələr beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etsəydilər, müharibə baş verməzdi. Daha dəqiq desək, ölkə rəhbərimiz artıq keçmişdə qalan münaqişənin bu vaxta qədər uzanmasında, müharibənin olmasında günahkarları açıq-aşkar şəkildə göstərdi və bu səhifənin bizim üçün bağlandığını, artıq strateji hədəflərimizin daha böyük, qlobal miqyaslı olduğunu diqqətə çatdırdı. “Məmin Xankəndidə seçki qutusuna atdığım bülleten, sadəcə, bir bülleten deyildi, erməni separatçılarının tabutuna vurulan son mismar idi”, - deyən cənab Prezident bundan sonra Ermənistan tərəfinin manipulyasiyalarının Azərbaycan üçün heç bir mahiyyət kəsb etmədiyini ali tribunadan bəyan etdi və milli maraqlarımızın ölkəmiz üçün daha vacib olduğuna diqqəti cəlb etdi.
Azərbaycanın suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün, eləcə də milli maraqlarının bundan sonra da qorunmasının vacibliyini qeyd edən cənab Prezident ordu quruculuğunun yüksək səviyyədə olduğunu bildirdi və xüsusilə vurğuladı ki, bundan sonra Azərbaycan Ordusunun daha güclü, daha qüvvətli olması üçün işlər aparılmalıdır və aparılır da. Təbii ki, təkcə Ermənistanın deyil, digər ermənipərəst qüvvələrin, erməni maraqlarına xidmət edənlərin, ölkəmizin əleyhinə olanların mövcudluğu ordu quruculuğunun aktuallığını qoruyub saxlayır. Ölkəmizi hədəfə almaq istəyən qüvvələr Azərbaycan Ordusunun qüdrəti qarşısında öz yerlərində oturmaq məcburiyyətindədirlər. Bilirlər ki, Azərbaycan öz ordusunun güclənməsinə, potensialının artırılasına artıq xüsusi diqqətlə yanaşır və bundan sonra kimsə bizimlə zaradat edə, bizə sataşa bilməz. Məhz bu barədə də dövlət başçımız öz nitqində bəyan etdi və heç şübhəsiz ki, bəyan etdikləri də ölkəmizin əleyhinə olanlar üçün bir mesaj olmaqla yanaşı, həm də bizim üçün bir proqram, bir yol xəritəsidir.
Dövlətimizin başçısı öz tarixi nitqində bundan sonra xarici müdaxilələrin də qarşısının alınmasına hazır olmaq barədə çox mühüm bir məsələni də diqqətə çatdırdı. Daha dəqiq desək, ölkə başçımız Azərbaycanın təhlükəsizliyinin bundan sonra daha da ayıq-sayıq şəkildə qorunmasının vacibliyini vurğuladı. Ölkəmizə qarşı müdaxilələrin fiziki və ideoloji şəkildə ola biləcəyinə diqqəti cəlb edən cənab Prezident ölkəmizin daxilində deyil, ölkə hüdudlarından kənarda bizə, bizim milli maraqlarımıza qarşı olan qüvvələrin yarada biləcəyi təhlükələrin öncədən qarşısının alınmasının nə dərəcədə vacib olduğunu xüsusilə ön plana çəkdi. Sərhəd xidmətinin, təhlükəsizlik xidmətinin daha da diqqətli olmasının əhəmiyyətini qeyd edən dövlət başçımız, ölkə hüdudlarından kənardan bizim ölkəmiz üçün hansı şəkildə təhlükələr ola biləcəyi ilə bağlı da fikirlərini çatdırdı. Prezidentimiz öz nitqində qeyd etdi ki, xarici müdaxilələrə hər zaman hazır olmaq gərəkir və bunun üçün də işlər görülməlidir.
Öncə qeyd etdiyimiz kimi, dövlət başçımız öz nitqində ölkə hüdudlarından kənardan ola bilən xarici təhlükələrdən danışarkən, ideoloji təhlükələrin də mövcudluğunu vurğulayıb və hətta qeyd edib ki, bunlar daha təhlükəli hesab olunur. Həqiqətən də bizim üçün yad hesab olunan və bu gün dünyanın bir çox yerlərində qəbul olunan bəzi məqamlar, milli mentalitetimizə tamamilə uyğun gəlməyən nə varsa hər biri cəmiyyətimiz üçün ciddi təhlükə deməkdir. Azərbaycan cəmiyyəti milli ruhda, milli dəyərlərinə sadiqlik ruhunda yetişməlidir və yetişib də. Bizim üçün başqa ruhda yetişmək heç də qəbul olunan deyil. Etiraf etmək lazımdır ki, bizi qələbələrə aparan, milli birliyimizi, həmrəyliyimizi təmin edən də məhz elə həmin dəyərlərimiz olub. Vətən, torpaq və bu kimi müqəddəs amallar, dəyərlər bizi birləşdirib, bir yumruq edib və həmin birliyimiz də bizim sarsılmazlığımız, məğlubedilməzliyimiz deməkdir. İndi təbii ki, bizi həmin dəyərlərdən məhrum etmək niyyətində olanlar və bunun üçün ciddi cəhd göstərənlər də var. Mədsəd bizi dəyərlərimizdən uzaqlaşdırmaqla birliyimizi pozmaq, həmrəyliyimizi əlimizdən almaqdır. Sözsüz ki, buna xalqımız, dövlətimiz və dövlət başçımız qətiyyən razı olmaz, imkan da verməz və öz nitqində cənab Prezident bu məqamı da ön plana çəkdi, birliyimizin pozulması cəhdinin qəbuledilməzliyini bildirdi.
Təsadüfi deyildi ki, cənab Prezidentin nitqinin gündəliyində duran ən mühüm məsələlərdən biri də milli ideologiya məsələsi idi. Cənab İlham Əliyev ölkəmizdə yaşayan bütün xalqların, bütün etnik qrupların həmrəyliyinə əsaslanan azərbaycançılıq ideallarına sadiqliyini bir daha göstərdi. “Azərbaycanda azərbaycançılıq ideologiyası və prinsipləri çoxdan formalaşıb. Ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi dəyərli irslərdən biri də azərbaycançılıq ideologiyasıdır. Biz isə onun ardıcılları öz tərəfimizdən bu müsbət tendensiyaları gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar bir, mehriban ailə kimi yaşayırlar. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər çalışsalar da, uğur qazana bilməyiblər və uğur əldə etməyəcəklər, çünki hamımızı bir məqsəd birləşdirir. Hamımız itkilər verdik, qan tökdük. Biz erməni qəsbkarlarına qarşı döyüşə çıxdıq. Bu birlik, bu həmrəylik və bu şanlı Qələbə tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir”, - deyə bəyan edən Azərbaycan Prezidentinin sözləri cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Artıq dəfələrlə qeyd olunub ki, ölkəmiz, xalqımız, cəmiyyətimiz üçün yeni dövr başlayıb. Yeni dövrün isə, təbii ki, yeni çağırışları və yeni tələbləri olur. Məhz bu barədə öz nitqində ölkə rəhbərimiz çox aydın şəkildə fikirlə səsləndirdi. “Bu yeni dövrdə biz xarici siyasətdə yeni üfüqlər açmalıyıq. Əgər əvvəllər xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün bu məsələ, demək olar ki, gündəmdə deyil. Ona görə də xarici siyasətimizin digər istiqamətləri üstünlük təşkil etməlidir”, - deyə öz nitqində bəyan edən cənab Prezident İlham Əliyev ölkəmizin xarici siyasəti istiqamətində də yol xəritəsini göstərdi. Dövlət başçımızın söylədikləri bizim hər birimiz, hər bir Azərbaycan vətəndaşı üçün olduqca qürurvericidir. Çünki cənab Prezidentin söylədikləri ölkəmizin öz təsir dairəsini regiondan kənarda da genişləndirmək üçün hər cür imkanlara malik olmasını, Azərbaycan dövlətçiliyinin artan potensialını bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində diqqət çəkən daha bir məqam bütün beynəlxalq təşkilatlar arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində ən çox Azərbaycanın əməkdaşlıq edəcəyi ilə bağlı fikirləri oldu. “Bu, bizim üçün prioritetdir və mən bunu açıq demək istəyirəm. Yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora çevrilsin və güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik”, - deyə bəyan edən ölkə rəhbərimiz təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün uğurlu bir yol xəritisini göstərdi. Həqiqətən də bu gün dünyanın bəzi beynəlxalq təşkilatları öz ikili standartlar siyasəti ilə çıxış etdikləri zaman, ələlxüsus da ölkəmizə qarşı ədalətsiz yanaşma nümayiş etdirdikləri vaxt, ümumiyyətlə, türkofobiyaya üstünlük veridikləri məqamda Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora çevrilsinin nə demək olduğunu sadalamağa ehtiyac yoxdur. Məhz Azərbaycan Prezidenti bu məsələni ön plana çəkməklə, xüsusilə vurğulamaqla bütövlükdə türk dünyası ölkələrinə də bir xoş mesaj vermiş oldu. Bütövlükdə türk dünyası ölkələrinin birliyinin vacibliyini vurğulayan dövlət başçımız məhz bu birlik sayəsində Türk Dövlətləri Təşkilatının qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsinin mümkünlüyünü bəyan etdi. Bəyan etdi ki, biz bir ailə olduğumuz kimi də bir olmalıyıq və birliyimiz sayəsində bizim gücümüz də, üzv olduğumuz təşkilatın gücü də artmış olacaq. Bu isə təbii ki, bizim hər birimizin imkanlarının, potensialının artması, daha qüdrətli ölkəyə, daha böyük söz sahibinə çevrilməyimiz deməkdir. Bu, əlbəttə ki, həqiqətən də bütün türk dünyasının qüdrətinin artması üçün ən aydın bir yol xəritəsidir.
Göründüyü kimi, cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki tarixi nitqi bir neçə istiqamətdə proqramlarla zəngin idi. Eyni zamanda, ölkə rəhbərimizin nitqi və öz nitqi zamanı qeyd etdikləri bizə nikbin proqnozlar vermək üçün əsaslı zəmin yaradır. “Biz məsələmizi həll etdik. Bu gün Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocalıda, Ağdərdə, Əsgəranda, Xankəndindəyik! Bu yeni dövr yaxşı bir başlanğıcdır. Əminəm ki, bu, uğurla davam edəcək. Bu yolda hamımıza uğurlar arzulayıram, yolumuz açıq olsun!”, deyə bəyan edən Azərbaycan Respublikasının Prezidenti bizim hər bizimizdə ruh yüksəkliyi yaratdı. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısının nitqini dinlədikdən sonra gələcəyə ümidləri, nikbin baxışları daha da artmış oldu. Çünki ölkə vətəndaşı gördü, şahidi oldu və eyni zamanda əmin oldu ki, ən uğurlu gələcəyin yol xəritəsini göstərən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə göz önündə şanlı tariximiz yazılır və bu tarixi birlikdə, eləcə də birliyimizlə yazırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB