"Bütün fəaliyyət Rusiyadan uzaqlaşmağa yönəlib" - ŞƏRH EDİLDİ

"Bütün fəaliyyət Rusiyadan uzaqlaşmağa yönəlib" - ŞƏRH EDİLDİ

Ermənistan ordusunun rəhbərliyində köklü dəyişikliklər edilib, eyni zamanda iqtisadiyyat naziri istefa verib. Bu dəyişikliklərin Azərbaycan Prezidentinin and içməsi və Nazirlər Kabinetinin istefaya göndərilməsi ilə eyni anda edilməsi təsadüfdürmü? SİA mövzu ilə bağlı siyasi şərhçi Elçin Mirzəbəylinin fikrini öyrənib.

Onun sözlərinə görə, Ermənistanda baş verənlərlə Azərbaycandakı proseslər arasında hansısa əlaqə yoxdur: “Prinsip etibarilə Ermənistan ordusunda vaxtilə Rusiya ordusunun sıralarında xidmət etmiş, yaxud bu və ya digər şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sözügedən təsisatın ayrı-ayrı strukturlarında təmsil olunmuş şəxslərin əvəz olunması prosesi gedir. Elə bu orduya daha çox Qərb ölkələrində təhsil almış və bilavasitə onların himayə etdiyi şəxslər gətirilir. Əsasən proses bu istiqamətdədir. Bu da Paşinyanın ənənəvi strategiyasından, yəni baxış bucağından yaranan faktorlardır. Bütün fəaliyyət Rusiyanın təsir dairəsindən uzaqlaşmağa yönəlib”.

E.Mirzəbəyli bildirib ki, Ermənistanın iqtisadiyyat nazirinin istefasına gəldikdə isə, bəlli olduğu kimi Ermənistan son bir neçə il ərzində əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini Avrasiya İqtisadi İttifaqına təkrar eksport, yəni ixrac hesabına qazanıb: “Eyni zamanda Rusiyadan göndərilən gəlirlər hesabına bu ölkənin iqtisadiyyatı müəyyən qədər də olsa özünün mövcudluğunu qoruyub saxlayırdı. Amma indi əks proses getməkdədir. Təkrar ixrac prosesində problemlər yaranır və Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistana həmin münasibət göstərilmir. Eyni zamanda, yüklər də Ermənistan üzərindən daşınmır, çünki mahiyyət etibarilə Ermənistana qarşı bir etimadsız ölkə münasibəti formalaşmaqdadır. Yaxın mərhələ üçün Ermənistan iqtisadiyyatının ənənəvi qaydada mövcudluğunu qoruyub saxlamaq kimi perspektivi yoxdur. İnvestisiyaların cəlbi də indiki şəraitdə real görünmür. Bu aspektdən də iqtisadiyyat naziri güman ki, daxili məhsulda yarana biləcək mənfi saldoya görə indidən məsuliyyəti öz üzərinə götürmür və istefa da bununla bağlı ola bilər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə