"Mirzoyanın ritorikasında yeni və bizi təəccübləndirəcək heçnə yoxdur" - POLİTOLOQ FİKRİ
"Ənənəvi qaydada Ermənistan bütün platformalardan istifadə edərək regionda formalaşmış prosesləri özünün və onu himayə edən qüvvələrin maraqlarından təqdim etməyə çalışır. Bu aspektdən də Ararat Mirzoyanın ritorikasında yeni və bizi təəccübləndirəcək heçnə yoxdur". Bu barədə SİA-ya Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı verdiyi bəyanatla bağlı danışarkən politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, ölkənin yaşayış məntəqələrini darmadağın edən, ziyarətgahlarını dağıdan və bəşər tarixində görünməmiş bir vandalizm gerçəkləşdirən, Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirən bir dövlətin xarici işlər nazirinin etnik təmizləmədən danışması qədər ikrah doğuran və bütövlükdə siyasi əxlaq prinsiplərinə uyğun gəlməyən bir davranış ola bilməz: "Bu gün Azərbaycanı etnik təmizləmədə ittiham etməyə mənəvi haqqı çatan heç bir ölkə və xalq yoxdur. Ermənistan da bu proseslərin ön cərgəsində dayanan bir ölkədir. Ermənistan nəinki 1990-cı illərdən başlayaraq, hələ ötən əsrin əvvəllərində də Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazilərindən dəfələrlə deportasiyaya məruz qalan azərbaycanlılarla bağlı faktlar Ermənistanın bölgədə xarici qüvvələrin himayəsinə sığınaraq azərbaycanlıların bu bölgədən izini tamamilə silməyə cəhd göstərdiyini sübuta yetirir".
Politoloq bildirib ki, Ermənistanın absurd sülh kəsişməsi layihəsi və bütövlükdə kommunikasiyaların açılması ilə bağlı fikirləri istənilən sağlam düşüncəli insanda ikrah doğura bilər: "Faktiki olaraq bütün beynəlxalq kommunikasiya sistemində dəhliz adlandırılan anlayışın Ermənistan tərəfindən qorxu hissi ilə qarşılanması Mirzoyan da daxil olmaqla Ermənistan rəhbərliyinin ümumiyyətlə beynəlxalq terminlərlə bağlı kütlüyünü ortaya qoyan faktorlardan biridir. Çünki bütün transmilli marşrutlar faktiki olaraq dəhliz adlanır və bunun fərqli bir ad altında təqdim olunmasına bu günə qədər rast gəlinməyib. Belə bir yanaşmanın ortaya qoyulması isə Ermənistanın bütün məsələlərlə bağlı subyektiv və nə tarixi, nə də hüquqi reallıqlara uyğun gəlməyən bir yanaşma tərzinin olduğunu sübuta yetirir".
E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan bu gün bölgənin önəmli logistik mərkəzlərindən biridir: "Ölkəmizin bu günə qədər həyata keçirdiyi siyasət Azərbaycanı nəinki Cənubi Qafqazın, Qərbi və Orta Asiyanın, bütövlükdə Avrasiya regionunun önəmli strateji əhəmiyyət daşıyan nəqliyyat xablarından birinə çevrilib. Faktiki olaraq mövcud olan logistik imkanlar çərçivəsində Azərbaycan ərazisindən bütün proseslərin həyata keçirilməsi mümkün olduğu halda, Ermənistanın baş nazirinə onun fransalı himayədarları tərəfindən ötürülən və heç bir strateji əsası olmayan, heç bir faydalı perspektiv vəd etməyən bir sülh kəsişməsi adlı bir iddianın ortaya atılması gülüş doğurur. Çünki Ermənistana öz ərazisində 4 istiqamətdə hərəkət edəcək kommunikasiya sistemlərini qurmaq üçün on illərlə vaxt lazımdır. Amma Azərbaycan artıq bu əlaqələri qurub, faktiki olaraq bu logistik imkanları formalaşdırıb. Azərbaycan ərazisindən həm şərq-qərb dəhlizinin həm də şimal-cənub dəhlizinin ən önəmli marşrutları keçir. Bu marşrutların effektivliyi, xüsusilə də şərq-qərb dəhlizinin orta dəhlizin fəaliyyəti bağlı effektivliyi bu günə qədər həyata keçirilən yükdaşımalarında özünü təsdiqləyib. Bu baxımdan da Ararat Mirzoyanın səsləndirdiyi bütün bu iddialar, həmçinin sülh müqaviləsi ilə bağlı dəqiq anlayışların ortaya qoyulması ilə bağlı mülahizələri absurd iddialardan başqa bir şey deyil. Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycandan dəqiq mövqe və müddəalara konkret münasibət göstərməyin zəruriliyini vurğulayır. Halbuki Azərbaycan tərəfindən sülh müqaviləsi təqdim olunub. Şərtlər və tələblər də Azərbaycan tərəfindən müəyyənləşdirilib. Bundan sonra Azərbaycanın bilavasitə təşəbbüsü ilə bu kontekstdə sülh müqaviləsinin ayrı-ayrı müddəaları üzərində iş davam etdirilir. Belə olduqda Ermənistanın özünün müəyyənləşdirmədiyi və ümumiyyətlə bu xüsusda hansısa baxış bucağının olmadığı məsələlərlə bağlı dəqiq bir mövqe anlayışının irəli sürülməsindən gülünc heçnə ola bilməz. Bu da prinsip etibarilə Ermənistanla bağlı real mənzərəni ortaya qoyan faktorlardan biri kimi dəyərləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB