"Ermənistan şərti sərhəddə təxribatlar törədə bilər" - ŞƏRH EDİLDİ
"Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün danışıqlarını davam etdirir, digər tərəfdən də Fransadan, Hindistandan, Rusiyadan silahlar alaraq ordusunu gücləndirir, eyni zamanda, yeni bazarlara üz tutur. Regionda Ermənistanın çəkindiyi tək dövlət Azərbaycan olduğu üçün bu hazırlığının da ölkəmizə qarşı olması bəllidir". Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, İrəvan bu addımları ilə göstərir ki, sülh sazişi barədə fikrində əmin deyil: "Qərb dövlətləri tərəfindən edilən yardımlar da Ermənistanın Azərbaycana qarşı münasibətlərinin əsasını təşkil edir, bir növ onu tənzimləyir. Bu baxımdan da Azərbaycana qarşı diplomatik savaş açan Fransa Ermənistanın əsas dəstəkçilərindən biri, hətta birincisi rolunda çıxış edir. Fevralın əvvəllərində Fransa Milli Jandarma İdarəsinin generallarından biri Azərbaycan-Ermənistan şərti sərhədinə getmişdi. Son aylarda şərti sərhəddəki sakitlik bu baxımdan da diqqətləri cəlb edir. Görünür ki, Ermənistan həm Avropa İttifaqının missiyası və Fransa xüsusi xidmət orqanlarının dəstəyi ilə müəyyən hazırlıqlar görür və silahlanır. Paralel olaraq da Azərbaycanla sülh müqaviləsi barədə müzakirələr apararaq vaxt qazanır".
E.Səftərov bildirib ki, Ermənistanın sərhəddə hansı addımları atacağı öz iradəsi ilə yox, birbaşa Qərb dairələrinin, əsasən da Fransanın ssenarisi üzrə olacaq: "Ehtimal etmək olar ki, Ermənistan şərti sərhəddə ciddi təxribatlar törədə bilər. Amma bunun üçün müəyyən zəmin hazırlanmalıdır ki, bu qərar da Fransanın planları əsasında gedişata uyğun olaraq verilə bilər. Ümumilikdə onu da qeyd edə bilərik ki, Ermənistana Qərb ölkələri tərəfindən böyük siyasi dəstək verilir. Bunların içərisində Fransa, ABŞ, Belçika, Almaniya və digər nüfuzlu dövlətlər və beynəlxalq təşkilatları göstərə bilərik ki, onların bu addımı Ermənistanın regional siyasətinin təməlinə çevrilir. Hətta Azərbaycanla münasibətlərin necə olacağı barədə də qərarların həmin dairələr tərəfindən Ermənistana diktə edildiyini də demək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB