"Zəfərin əldə edilməsində azərbaycanlıların böyük qatqısı olub" - TÜRKİYƏLİ GENERAL AÇIQLADI
“Birinci dünya müharibəsi 1914-1918-ci illərdə baş vermişdir. Osmanlı İmperiyası son dövründə 8 cəbhədə vuruşmuşdur”. Bunu SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
Onun sözlərinə görə, Çanaqqala bu 8 cəbhənin ən vacibidir: “İngiltərə, Fransa, Rusiyaya lazımi yardımın çatdırılmasını təmin etmək, Çanaqqala boğazını ələ keçirərək İstanbulu işğal etmək və müharibədə qalib gəlmək niyyətində idilər. Çanaqqala dəniz və quruda olmaqla iki hissədə aparılmışdır. Əvvəlcə dənizdən Çanaqqalanı keçmək istəyən dövlətlərin donanması 18 mart 1915-ci ildə Çanaqqala boğazının sularında yox olmuşdur. Bu hadisə nəticələri ilə müharibənin 1918-ci ilə qədər davam etməsinə səbəb olmuşdur. Dənizdən Çanaqqalanı keçə bilməyəcəyini anlayan ingilis və fransızlar Çanaqqala yarımadasına 3 dəfə əməliyyat həyata keçirsələr də yarımadanı ələ keçirə bilməyiblər. Nəticə olaraq Çanaqqala dəniz və quru müharibələri 1915-1916-ci illər arasında Osmanlı İmperiyasının qalibiyyəti ilə nəticələnmişdir”.
Y.Karauz bildirib ki, əgər Çanaqqala müharibələrində Osmanlı məğlub olsaydı, digər cəbhələrdə müharibəyə davam etməsi mümkün olmayacaqdı: “Eyni zamanda da müharibə bu qədər uzanmayacaqdı. Dolayısı ilə Osmanlı imperiyasının Çanaqqaladakı qalibiyyəti həm Osmanlıya, həm də dünyadakı geopolitik tarazlığa təsir göstərmişdir. Əgər Çanaqqala 1915-ci ildə ələ keçirilsəydi İstanbul ələ keçiriləcək və Osmanlı İmperiyasının daha əvvəl süqutu həyata keçəcəkdi. 19 may 1919-cu ildə başlayan və 23 may 1923-cü ildə bitən “Qurtuluş müharibəsi” olmayacaq, 1453-cü ildə İstanbulu fəth edərək yeni bir dövr başladan türklər anadolu səhnəsindən tamamilə silinmiş olacaqdı”.
Müsahibimiz sonda qeyd edib ki, bu müharibədə də eynilə Balkan müharibəsində olduğu kimi 3000-ə yaxın azərbaycanlı qəhrəman iştirak etmişdir: “Çanaqqala müharibələrinə qatılan azərbaycanlı gənclərin əziz xatirəsini yaşatmaq məqsədilə keçən il Çanaqqalada Azərbaycan şəhidliyi təsis edilmiş və onların xatirələri ölümsüzləşdirilmişdir. Dolayısı ilə 1914-cü ildə Balkan müharibəsində göstərilən həssaslıq Azərbaycan xalqı tərəfindən eyni duyğular, mübarizə əzmi ilə Çanaqqalada da şahlanmışdır. Çanaqqala müharibəsinin Osmanlının qalibiyyəti ilə nəticələnməsinə Azərbaycan xalqının və müharibəyə qatılan əsgərlərinin çox böyük qatqısı olmuşdur. Balkan və Çanaqqala müharibələrində Azərbaycan xalqının göstərmiş olduğu həssaslıq Şuşa bəyannaməsi ilə tarixinin ən üst nöqtəsinə çatan qardaşlığın bir simvolu olmuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə