Azərbaycanın günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Bu baxımdan da, dövlətimiz cəmiyyətimizi daha da irəliyə aparacaq və ölkəmizin gücünü daha da artıracaq prinsiplərin təzahürü üçün konkret mövqe nümayiş etdirməkdədir. Fevralın 7-də Bütöv Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin azad və ədalətli beynəlxalq sivil dəyərlərə uyğun keçirilməsi ölkəmizin demokratik prinsiplərə əsaslandığını bir daha təsdiqləmiş oldu.Bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da dairə və məntəqə seçkiləri fevralın 7-si səhər saat 8-dən seçki qanuna uyğun olaraq seçicilərin üzünə açılmış və vətəndaşların sərbəst heç bir maneə ilə üzləşmədən səs verməsi üçün münbit şərait yaradılmışdır. Bütün məntəqələrdə qələbəlik hökm sürürdü. Seçicilər böyük bir bayram əhvali-ruhiyyəsi ilə seçkilərdə iştirak edirdilər. Bütöv Azərbaycanda Zəfər seçkisi seçicilərin ovqatına yeni bir ovqat bəxş etmişdir.
SURAXANI 31 SAYLI SEÇKİ DAİRƏSİNİN 12 SAYLI MƏNTƏQƏSİNİN SƏDRİ SÜSƏN ALLAHVERDİYEVA:
- Məntəqəmizdə 1187 nəfər seçici qeydə alınıb. Artıq səhər saatlarında seçki məntəqələrində seçici fəallığı aydın şəkildə müşahidə etmək mümkündür. İnsanlar böyük ruh yüksəkliyi ilə ümumxalq səsverməsində aktiv şəkildə iştirak edirlər. Səsvermə prosesi isə, təbii ki, tam şəffaf və beynəlxalq standartlara uyğun keçirilir. Məntəqəmizdə seçki prosesi normal, səliqəli və demokratik dəyərlərə uyğun keçirilir. Vətəndaşlar sərbəst şəkildə səsverməyə gələrək öz istədikləri namizədə səs verirlər. Bu, demokratik mühitin saxlanması üçün vacib amildir.
SEÇİCİ TELLİ RÜSTƏMOVA - FÜZULİDƏN OLAN KEÇMİŞ KÖÇKÜN:
- Mənim 70 yaşım var və ömrümün axırına qədər ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəyəm. Bu Zəfər seçkisi mənim üçün çox qürurludur. İllərlə vətənindən, el-obasından didərgin düşmüş bar Azərbaycanlı olaraq Zəfər seçkilərində iştirak edirəm. Azərbaycanın daha uğurlu gələcəyinə, inkişafına və tərəqqisinə səs verirəm.
SURAXANI 31 SAYLI SEÇKİ DAİRƏSİNİN 13 SAYLI SEÇKİ MƏNTƏQƏSİNİN SƏDRİ XƏYALƏ HƏSƏNOVA:
- Bizim məntəqənin 1174 seçicisi var. Günün yarısını keçməyimizə baxmayaraq 750-dən çox seçici səs verib.Seçki prosesi başlanandan hər şey tam şəffaf və açıq şəkildə keçir və inşallah, sona qədər bu prinsipin qorunub-saxlanacağına əminliyim var. Vətəndaşların səs verməyə gəlmələrinin ardı-arası kəsilmir. Öz mövqelərini sərbəst formada heç bir təzyiq və göstəriş olmadan ifadə edirlər. Prosesin gedişinə mane olacaq heç bir situasiya müşahidə olunmayıb. Bütün proseslər tam nəzarətdə saxlanılır. Məntəqəmizdə daşınan qutu yoxdur və seçicilər Zəfər seçkilərinə coşqu ilə qatılırlar.
68 YAŞLI SEÇİCİ NÜŞABƏ MƏMMƏDOVA:
- Azərbaycanda demokratik seçki mühiti mövcuddur. Seçki çox yaxşı təşkil edilib. Mən dövlətimizin verdiyi bütün imkan və hüquqlardan istifadə edərək Zəfər seçkilərində iştirakımı özümə vətəndaşlıq borcu hesab edirəm və seçimimi etmişəm.
SEÇİCİ ŞÜKUFƏ BABAYEVA:
- Böyük təəsüratlarla bu möhtəşəm Zəfər seçkilərinə gəlmişəm. Çox böyük uğurlara, azadlığa, sülhə, gələcək qarantımıza səs verməyə gəlmişik. Biz dünyada alnıaçıq, üzüağ olmağa səs verməyə gəlmişik. Mən özüm dörd kitabın müəllifiyəm və əlli beş il müəllimə işləmişəm. "Qisas qiyamətə qalmaz" kitabının müəllifiyəm. İkinci Vətən müharibəsinə qədər düşünürdüm ki bizim qisasımız alınacaqmı? Alınacaqsa necə alınacaq və kim alacaq? Möhtəşəm Qələbəni tarixə yazdıq. Hər bir azərbaycanlı əlbəttə ki, ədalətə və sülhə səs verməlidir.
SURAXANI 31 SAYLI SEÇKİ DAİRƏSİNİN 14 SAYLI MƏNTƏQƏSİNİN SƏDRİ MİNAYƏ HƏSƏNOVA:
- Bizim məntəqədə 1215 seçici var. Günorta saatları olmasında baxmayaraq artıq 580 seçici səs verib. Onların 60 faiz gənclərdir. Məntəqəmizdə demokratik ab-havada keçirilən seçki prosesi vətəndaşların böyük fəallığı ilə sezilir. Seçki ilə bağlı bütün məsələlər tam qaydasındadır və vətəndaşlar axın-axın seçki məntəqəsinə gələrək, prosesdə aktiv iştirak edirlər. Seçki prosesinin gedişinə mane olacaq heç bir situasiya müşahidə edilməyib. Məntəqədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Demokratik, şəffaf seçkilər ölkənin inkişaf rentabelliliyinin göstəricisidir.
İLK DƏFƏ SƏS VERƏN GƏNC GÜLSÜM MƏMMƏDOVA:
- Hesab edirəm ki, seçkilərdə fəal iştirak etmək bütün seçicilərin, xüsusən də biz gənclərin vətəndaşlıq borcudur. Keçirilən seçkilər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun sürətlənməsinə kömək edir və nəticədə ölkəmiz daha sürətlə inkişaf edir. Bu il ilk dəfədir ki, böyük qürur hissi ilə seçkilərdə iştirak edirəm və vətənimin işıqlı gələcəyinə səs verirəm. İnanıram ki, daim inkişaf yolu ilə gedən Azərbaycan bu dəfə də öz sözünü deyəcək.
YAP MƏŞVƏRTÇİSİ CƏMİLƏ ƏSGƏROVA:
- Məntəqə açılandan buradayam. Seçicilər çox fəaldırlar. Seçkilərdə xoşagələn atmosfer hökm sürür. Sevindirici haldır ki, səsvermədə gənclər də çox fəallıq göstərirlər. Seçkilərin demokratik keçirilməsi göz qabağındadır. Seçkilərin azad, şəffaf, demokratik və qanunlar çərçivəsində həyata keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanda keçirilən seçkilərdə qalib gələn namizəd, həqiqətən də, xalqın seçimidir.Bütövlükdə, səsvermənin gedişi zəruri beynəlxalq tələblərə cavab verir. Apardığımız müşahidələr zamanı yaradılan şəraitin beynəlxalq normalara cavab verdiyinin şahidi olduq. Normal səsvermənin aparılması üçün bütün münbit şərait yaradılıb. Seçki məntəqələrində kameraların quraşdırılmasını böyük nailiyyət kimi qiymətləndirmək olar. Demokratiya və şəffaf seçkilər Azərbaycanı daha da irəli aparacaq.
KÖNÜLLÜ MÜŞAHİDƏÇİ NƏRMİN SALAYEVA:
- Əhali axın-axın gələrək, səsvermədə iştirak edir. Bütün bunlar şəxsən məni çox heyrətləndirir. Məntəqədə vəziyyət normaldır. Bütün namizədlər üçün bərabər şərait yaradılıb. Səsvermə zamanı hər hansı ciddi pozuntu faktına rast gəlməmişik və proses tam şəffafdır. Zəfər seçkiləri şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilir. Seçki məntəqəsi hələ açılmamışdı, lakin onun qarşısına çoxlu adam toplaşmışdı. Onların arasında yaşlı seçicilərin sayı çox idi. Müşahidələr göstərir ki, seçicilər seçkilərə səylə hazırlaşmışlar. Seçicilərin xoş ovqatı, hər yerdə səmimi ab-havanın hökm sürməsi hər kəsə yaxşı təsir bağışlayır.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB