Seçici seçki günü və seçki prosesi ilə bağlı nələri bilməlidir?

Seçici seçki günü və seçki prosesi ilə bağlı nələri bilməlidir?

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə prosesinə start verilib. Səsvermə səhər saat 8.00-dan axşam saat 19.00-a kimi keçirilir. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkə prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Seçki günü ölkədə və xaricdə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları seçkilərə qatıla bilərlər.

Konstitusiyaya əsasən, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

Seçki Məcəlləsinin 104-cü maddəsinə görə, səsvermə zamanı seçiciyə seçki bülleteni şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir.

Qeyd olunur ki, seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır.

Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir.

Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməlidir.

Qaydaya əsasən, hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir.

Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur.

Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər.

Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. Seçicilər yalnız bir namizədə səs verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə