"ATƏT Avropa Şurasının təlimatı ilə hərəkət edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"ATƏT Avropa Şurasının təlimatı ilə hərəkət edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı artıq Avropa Şurasının təlimatı ilə hərəkət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan ATƏT-ə seçkini müşahidə etmək üçün dəvət göndərib, onlar da gəliblər: "Azərbaycan tərəfi çalışır ki, beynəlxalq və regional təşkilatlarla münasibətləri korlanmasın. Azərbaycan bu siyasətə üstünlük verir. ATƏT-dən qərəzlilik, xüsusilə qərbdən Azərbaycana qarşı siyasi təzyiqləri, təxribatları görürük. Düşünürəm ki, Azərbaycan dövləti çalışacaq ki, ATƏT-lə münasibətlər pisləşməsin. Əgər ATƏT qərəzli mövqeyə yol verəcəksə, Azərbaycana qarşı siyasi təzyiqlər fonunda seçkilərlə bağlı müəyyən saxta iddialar ortaya qoyacaqsa, əlbəttə ki, Azərbaycan tərəfi öz haqlı iradını bildirəcək, bu da ikitərəfli münasibətlərə mənfi təsir edə bilər".

"Avropa Şurasında anti-Azərbaycan qərarlarını görürük. Hətta Avropa Şurasının bir çox rəsmiləri ATƏT-i Azərbaycanın dəvəti ilə müşahidəyə getməsini də qınayıb. Avropa Şurası hesab edir ki, ATƏT onun təlimatları ilə hərəkət etməlidir. Düşünürəm ki, burada Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, geosiyasi reallıqlar yaratması qərb mərkəzlərini ciddi şəkildə narahat edən əsas faktordur. Ona görə də bu seçkidən istifadə edib Azərbaycana qarşı kompaniya aparmaq siyasəti həyata keçirmək istəyirlər. ATƏT-də bir çox rəsmilər bu istiqamətdə Azərbaycanı da ittiham edə bilərlər. Amma Azərbaycan tərəfi xoşgörü olaraq onları dəvət etdi, prosesə qatdı. Onlar müşahidə aparırlar, indiyə kimi də hər hansı neqativ halla qarşılaşmayıblar. Biz qərbin müəyyən mərkəzlərində anti-Azərbaycan siyasətinin də şahidi olacağıq" - deyə o, bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə