"AŞPA Azərbaycanla hansı dildə danışmalı olduğunu yaxşı bilməlidir" - HULUSİ KILIÇ DANIŞDI
“Azərbaycanın səsvermə hüququnu ləğv etməsi AŞPA-nın etdiyi tarixi səhvdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini dayandırması da tarixi bir qərardır, bu qərarı alqışlayıram”. Bu barədə SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, AŞPA-nın həddini aşdığını, siyasi mövzulara qarışdığını və qərəzli mövqe nümayiş etdirdiyini görürük: “Burada itirən AŞPA olacaq. 30 il torpaqları işğal altında olan 1 milyon qaçqın azərbaycanlı ilə maraqlanmayan AŞPA öz xoşları ilə Qarabağı tərk edən ermənilərlə maraqlanır. Bu tamamilə qərəzli siyasətdir. Azərbaycan Qafqazların çox önəmli bir ölkəsidir. Həm demokratiya, həm də hüquq sahəsində bölgənin örnək ölkələrindən biridir. AŞPA-dan ayrılması Azərbaycana heçnə etməyəcək, ancaq AŞPA-ya böyük itki olacaq. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir dövlətdir. Eyni zamanda bu günə qədər Avropa Şurası ilə hər zaman yaxşı əlaqələr qurulub. Rusiya 2022-ci ildə Avropa Şurasından tamamilə ayrıldı, nə itirdi? Heçnə! Ona görə də Azərbaycanın da nəsə itkisi olacağını düşünmürəm. AŞPA bu yanlış qərarından geri dönərək Azərbaycanı geri dəvət edəcək. AŞPA-nın prezident seçkilərinə dəvət edilməklə bağlı tələbi tamamilə yersizdir. Bir ölkə seçkilərinə kimi dəvət edəcəyini özü təyin edir. Ona görə də belə bir bəyanat da tamamilə gərəksiz və əsassızdır. Seçkilərə ATƏT-dən və qonşu ölkələrdən heyətlər seçkilərə nəzarət edəcək. Prezident seçkilərinin tamamilə şəffaf, demokratik şəkildə həyata keçiriləcəyindən heç kimin şübhəsi olmamalıdır. AŞPA Azərbaycan xalqının güvənini, etimadını itirib. Ona görə də seçkilərə müşahidə heyəti göndərmələri də mənasızdır. Azərbaycan dövləti kimi arzu edirsə, onu da dəvət edəcək”.
H.Kılıç bildirib ki, Türkiyə Avropa Şurasının qurucu üzvlərindən biridir: “Türk heyəti tərəfindən lazımi reaksiyanın göstərilib və bundan sonra da göstəriləcək. Azərbaycan heçnə itirməyəcək, çünki Türkiyə AŞPA-nın içərisindədir. Türkiyənin maraqlarını Azərbaycan, Azərbaycanın maraqlarını da Türkiyə qoruyacaq. Ona görə də itirən AŞPA-dır. AŞPA Azərbaycanla hansı dildə danışmalı olduğunu yaxşı bilməlidir. AŞPA Azərbaycana qarşı yanlış yoldan gedir. Azərbaycanla dialoq Avropa Şurasının imicini yüksəldər, bu şura Azərbaycanla birlikdə daha güclənə bilər. Heç unutmasınlar ki, Azərbaycan “Türk Dövlətləri Təşkilatı”nın ən vacib üzvlərindən biridir. Azərbaycanı səsvermə haqqını ləğv etmək türk dünyasına da hörmətsizlik etmək deməkdir. Azərbaycan nəyi səhv edib ki, səsvermə haqqı ləğv edilir? Bu qərəzli mövqe tamamilə islamofobiyadan qaynaqlanır. İnşallah ağıllarını başlarına yığar və Azərbaycanı ən qısa müddətdə geri dəvət edərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB