"Azərbaycanla bağlı mövqe ciddi təəssüf hissi yaratdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanla bağlı mövqe ciddi təəssüf hissi yaratdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ukrayna, Moldova və Gürcüstanın AŞPA-da Azərbaycanla bağlı mövqeyi həqiqətən ciddi təəssüf hissi yaratdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: "GUAM ölkələrinin nümayəndə heyətlərinin bu təşkilatda keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe dövlətimizin bu ölkələrə olan xoş niyyətinin qarşılığı deyil, həmçinin Azərbaycana arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər.

Vətən müharibəsindən, eləcə də lokal xarakterli antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibət sərgiləyərək əsassız və absurd iddialar irəli sürməkdə davam edirlər. Regionda öz maraqlarını təmin etmək üçün daim erməni amilindən istifadə edən, bölgədə söz sahibinə çevrilmək üçün ən çirkin vasitələrdən istifadə etməyə çalışan Fransanın başlatdığı bu məkrli anti-Azərbaycan kampaniyası gündən-günə daha da güclənir. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) – nin iclasında bəzi avropalı parlamentarilərin nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış etmələri bunun əyani təsdiqidir.

Ukrayna, Moldova, Gürcüstan nümayəndə heyətlərinin səsvermədə iştirak etməkdən imtina etmələri bizim üçün gözlənilməz idi. Çünki bu ölkələr hələ də separatizmdən əziyyət çəkirlər. Ukraynanın, Moldovanın və Gürcüstanın nümayəndə heyətləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan qətnamə ilə bağlı səsverməyə qatılmamaları başa düşülən deyil. Azərbaycanı dost ölkə, müttəfiq, hətta strateji tərəfdaş adlandıran bu ölkələrin nümayəndə heyətləri həmin səsvermədə iştirak etməli və ölkəmizin lehinə səs verməli idilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə