ABŞ prezidenti Co Bayden öz sələfi Donald Trampa qarşı ən sərt tənqidini, hətta ittihamlarını noyabrda keçiriləcək prezident seçkilərinə yaxınlaşdıqca daha da artırır. Bu barədə dünya mətbuatında kifayət qədər informasiyalar yer alır və bu, o deməkdir ki, Baydenin öz rəqibinə təzyiqlərinin artıq kifayət qədər artdığı müşahidə edilməkdədir. Dünyaca məşhur olan CNN nəşrinin özü də bu barədə sərt və açıq şəkildə qeyd edirsə, deməli, ABŞ daxilində seçkiöncəsi proseslərlə bağlı, daha dəqiq desək, özünü demokratiyanın beşiyi kimi qələmə verən ölkədə qeydə alınan təzyiqlər fonunda tamamilə fərqli bir mənzərə müşahidə edilir, hansı ki, bu mənzərə demokratiyadan danışmağa rəsmi Vaşinqtona qətiyyən haqq vermir.
Co Bayden ABŞ-ın mərhum prezidenti Corc Vaşinqtonun təxminən 250 il əvvəl Britaniya müstəmləkəçilərinə qarşı döyüşmək üçün öz qüvvələrini topladığı Pensilvaniya ştatının Valley Forge tarixi ərazisi yaxınlığında kampaniya aparıb. ABŞ-ın hazırki prezidenti Bayden Trampı nasist ideologiyasına sadiq qalmaqda və demokratiya üçün təhlükə yaratmaqda ittiham edib. “O, demokratiyamızı qurban verməyə və hakimiyyəti özü ələ keçirməyə hazırdır”, deyən cənab Bayden bildirib ki, iki dəfə impiçment elan edilmiş keçmiş prezident və onun sadiq tərəfdarları ikinci seçki öncəsi hələ də “siyasi zorakılıq” ideologiyasını qoruyub saxlayırlar. Bir sözlə, o, keçmiş ABŞ prezidentini istədiyi şəkildə hədəfə alıb və bu məqsədlə də öz nitqində öz sələfini ittiham edib. Nəzərə belə almayıb ki, söhbət ölkəsinin keçmiş prezidentindən gedir və onun barəsində dedikləri də ABŞ üçün heç də “üz ağlığı” demək deyil. İstənilən halda, Donald Trampın hansısa bir ölkənin deyil, məhz ABŞ-ın prezidenti olduğunu Bayden nəzərə almalı idi və bunu nəzərə almayıbsa, deməli, “mübarizə” çox ciddi bir şəkil almaqdadır. Hətta əminliklə deyə bilərik ki, ölkəsini belə düşünmədən, nəzərə almadan rəqibi barəsində kəskin ifadə səsləndirən ABŞ prezidentindən demokratik tələbləri nəzərə alacağını gözləmək də istənilən halda sadəlövhlük olar.
Prezident Bayden Trampı “nasist kimi” danışdığına və demokratiyanı təhdid etdiyinə görə qınamaqdan qətiyyən çəkinmir. ABŞ-ın hazırki prezidentinin sözlərinə görə, onun sələfi əsasən qisas almaq niyyətindədir. “O, ona qarşı çıxanları həşərat adlandırır. O, nasistlərin işlətdiyi eyni sözləri təkrarlayaraq amerikalıların qanını zəhərləməkdən danışır”, deyən Co Bayden iddia edir ki, Donald Tramp siyasi rəqiblərini cəzalandırmaq üçün Ağ Evə qayıtmaq istəyir. Aydın şəkildə görünür ki, Bayden rəqibinə qarşı fikirlər səsləndirəndə öz fantaziyalarını da işə salır və düşündüklərini belə, fakt, yaxud arqument kimi təqdim etməkdən çəkinmir. Hər halda demokratik dəyərlərdən dəm vuran bir ölkənin prezidenti üçün belə bir yanaşmanın nə dərəcədə utancverici olması hər kəsə bəllidir. Amma söhbət təkcə ABŞ prezidentinin tərzindən, danışığından, qüsurlu nitqindən getmir, demokratik bir dövlət kimi bütün dünyaya sırınan ölkənin prezidentinin özünə nəyi rəva bilməsindən gedir. ABŞ adminstrasiyasının demokratiya sözünü bayraq etməsi və bütün dünya ölkələrinə bu mövzuda “dərs keçmək” niyyəti fonunda prezidentinin belə bir şəkildə öz rəqibinə qarşı uydurmalarla ittiham irəli sürməsinə görə bu ölkə hakimiyyəti heçmi xəcalət çəkmir?
Amerikanın hazırkı prezidenti öz rəqibinə qarşı ittihamlar irəli sürəndə qeyri-etik davranış da sərgiləyir. Özü də bunu çəkinmədən və xüsusi canfəşanlıqla edir. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin ərinə çəkiclə hücum edilməsi hadisəsini xatırlayaraq Donald Trampı ələ salan Bayden təkcə demokratiyanı deyil, etik normaları da hesaba almır. Həmin hadisəni xatırlayaraq, Trampı “xəstə adam” adlandırmaqla onu təhqir də edir. Bəlkə ABŞ adminstasiyası belə faktları görmür? Yaxud Ağ Ev tənqidlə qəhqir arasında heçmi fərq bilmir? Məgər təhqir faktına, özü də sabiq prezidentin təhqir olunmasına yol verilə bilərmi? Vaşinqton bu dəyərləri dünyaya nümunə göstərmək fikrindədir, yoxsa, oradakılar elə hesab edirlər ki, dünyanın demokratiyadan da, insan haqlarından da, etik normalardan da xəbəri yoxdur və bütün bu sadalananlar barədə ancaq ABŞ-ın danışmağa haqqı çatır?
Trampı hədəfə alan Co Bayden onu istədiyi şəkildə, istədiyi mövzuda tənqid etməkdən çəkinmir. O öz sələfinin Şimali Koreya lideri Kim Çen Ina yazdıqlarını “sevgi məktubları” kimi qələmə verir və bununla bağlı onu nəinki qınayır, hətta ələ salır. Bir ölkənin başçısına yaraşmayacaq şəkildə öz rəqibini gözdən salmaq üçün istənilən addımı atmağı ABŞ lideri özünə rəva bilir. Ona isə, dünyaya demokratiya dərsi keçmək iddiasında olan ölkədə qətiyyən bunun qəbuledilməz olduğu heç bildirilmir də. Sözsüz ki, belə bir şəraitdə onun üçün münbit şəraitin yaranması qənaəti ortaya çıxır və özünü tamamilə sərhədsiz şəkildə aparır, öz rəqibinə qarşı da ağlına gələn şəkildə fikirlər səsləndirir. Donald Trampın Şimali Koreya lideri ilə yanaşı, Rusiya prezidenti Vladimir Putinə də “heyranlığına” diqqəti çəlb etməyə çalışan ABŞ prezidenti heç bir sərhəd tanımadan rəqibinə qarşı istədiyi kimi davranmaqdan az da olsa çəkinmir. Bu, artıq demokratiya deyil. Belə bir tərz nəinki ABŞ, ümumiyyətlə, heç Afrika ölkələri üçün də qəbuledilməz sayıla bilməz. Rəqibi təhqir etmək, ələ salmaq, ona təzyiqlər etmək demokratiya demək deyil, xaos və anarxiya deməkdir. Belə bir şəraiti ABŞ demokratiya hesab edirsə, onu özü üçün rəva bilsin və dünyanın heç bir ölkəsinə belə demokratiya lazım deyil.
Sözsüz ki, ABŞ-ın hazırkı prezidentinin öz rəqibinə qarşı təzyiqləri, qeyri-etik davranışları, keçirdiyi kampaniyalar cavabsız qala da bilməzdi və onun rəqibi də haqlı olaraq, öz iradını bildirməkdədir. Hətta Baydenin özünə həqiqətən də güclü rəqib bildiyi Donald Trampın dedikləri daha məntiqli səslənir. Bizim hansısa bir namizədi dəstəkləmək, onun tərəfində olduğumuzu bildirmək kimi bir niyyətimiz yoxdur, amma reallığı ifadə etmək ənənəsinə sadiq qalaraq bildirməliyik ki, Tramp haqlı olaraq, Baydenin onun özünə olan təzyiqlərini nəzərə alaraq rəqibini "Qorxu aşılamaq" və ya “qorxu yaymaqda” ittiham edir. Sabiq prezident bu ittihamlarını açıq-aşkar şəkildə Ayova ştatında seçki kampaniyası zamanı çıxış edərkən bildirib. "Cənab Baydenin rekordu qırılmayan zəiflikləri, səriştəsizlikləri, korrupsiya və uğursuzluqlar silsiləsidir... Buna görə də o, bu gün Pensilvaniyada qorxu səpərək fəlakətli kampaniya apardı", deyə cənab Tramp öz tərəfdarlarına bildiribsə, deməli, vəziyyət düşündüyümüzdən də daha gərgindir. Ələlxüsus da Trampın sözçüsü Stephenin Bayden haqqında dedikləri daha çox diqqəti cəlb edir və qeyd etdiyimiz qənaətə gəlməkdə haqlı olduğumuzu sübut edir. “Siyasi rəqiblərini ovlamaq və 2024-cü il seçkilərinə müdaxilə etmək üçün hökumət silahlarından istifadə etməklə demokratiya üçün ekzistensial təhlükə yaradır”, deyə Baydeni ittiham edən Trampın sözçüsü öz ölkəsinə çox ciddi mesaj verir. Daha dəqiq desək, demokratiya üçün ekzistensial təhlükə yarandığını bəyan edən həmin şəxs hələlik xəbərdarlıq etməklə kifayətlənib. Amma bu o demək deyil ki, bundan sonra da kifayətlənəcək və öz cəmiyyətində, öz ölkəsində demokratik dəyərlərin hansı şəkildə pozulduğunu elan da etməyəcək, əksinə, pozuntuları açıq-aşkar şəkildə bildirəcək. Ola bilsin ki, onun özü də münasib zamanı gözləyir.
Daha bir fakt da diqqətimizi cəlb etməyə bilməzdi. Belə ki, ABŞ Ali Məhkəməsi Kolorado məhkəməsinin cənab Trampın bu ştatda seçki bülletenindən çıxarılmasına dair qərarını nəzərdən keçirəcəyini bəyan edib. Hətta Məhkəmənin fevral ayında arqumentləri ortaya qoyacağı da gözlənilir. Cənab Trump üçün hazırlanan xoşagəlməz hallar bununla da bitmir. Nyu-York əyalətinin baş prokuroru Letitia James Nyu Yorkda daşınmaz əmlak sektorunda onun fəaliyyət göstərməsini qadağan edərək, 370 milyon ABŞ dolları həddində cərimələnməsini yanvar ayında məhkəmədən xahiş edib. Manhetten Ali Məhkəməsində cənab Trampın, onun iki oğlunun və təşkilatının borc götürmək və alış-veriş etməkdən faydalanmaq üçün aktivlərin dəyərini şişirdərək biznes fırıldaqlarında ittiham olunduğu mülki işin yekunlaşmasından həftələr sonra bir-birinin ardınca ittihamlar səslənir. Tramp ittihamları rədd edir və bunun siyasi motivli olduğunu bildirir. Yəni, açıq-aşkar şəkildə bildirir ki, ona qarşı ittihamlar, iddialar hamısı siyasi məqsədlə irəli sürülüb. Bu isə o deməkdir ki, ittihamların da, iddiaların da reallıqla heç bir əlaqəsi yoxdur və bunlar təzyiq variantıdır. Budurmu Amerika Birləşmiş Ştatlarının böyük pafosla bəyan etdiyi demokratiya? ABŞ-da olan demokratiya belə bir şəkildədirmi? Bayden adminstrasiyası demokratiya dedikdə, təzyiqlər edilməsini başa düşürmü? Yaxud, prezidentliyə namizəd olan birinə qarşı təzyiq demokratiya nümunəsi hesab olunurmu?
Görürük ki, ABŞ kimi özünü qondarma da olsa, demokratiyanın beşiyi adlandıran bir ölkədə təzyiqlər var. Həmin ölkədə siyasi motivli olduğu bildirilən çoxsaylı cinayət işləri, həbslər belə gözləniləndir. Co Bayden və onun administrasiyası indi məhz Trampın hakimiyyətə gəlişinin yolunu kəsmək üçün bütün mümkün vasitələrdən, özü də qəbul olunmamış vasitələrdən istifadə edir. Seçki saxtakarlığının olacağı indidən özünü göstərir. Həqiqətə uyğun olmayan, yalan, feyk məlumatların sosial mediaya qədər daşınması göstərir ki, saxtakarlığa artıq indidən başlanılıb. Görünür, bundan əvvəlki seçkidə, yəni Co Baydenin prezident seçildiyi bəyan edilən seçkidə saxtakarlıqların olması barədə qeyd olunanlar də təsadüfi deyildi. Qarşıdan gələn seçkilərə dırnaqarası “hazırlıq” özü də təsdiq edir ki, ABŞ demokratiya deyilən dəyərləri ancaq başqa ölkələr üçün nəzərdə tutur. Həmin ölkədə müşahidə edilən təzyiqlər fonunda görünən, yaxud, göstərmək istədikləri ancaq və ancaq qondarma demokratiyadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB