Azərbaycana qarşı qərəzli oyunlar bu dəfə din müstəvisində tərtib olunub – DEPUTATIN ŞƏRHİ

Azərbaycana qarşı qərəzli oyunlar bu dəfə din müstəvisində tərtib olunub – DEPUTATIN ŞƏRHİ

“ABŞ-da keçirilməsi nəzərdə tutulan Beynəlxalq Dini Etiqad Azadlığı Sammitin başlamadan iflasa uğradığını deyə bilərik. Çünki, tədbirin təşkilatçıları arasında ermənilərin çoxluq təşkil etməsi qərəzdən, ayrı-seçkiliyin olacağından xəbər verir. Yəni hədəfdə olan Azərbaycanı bu tədbirdə “cəzalandırmaq” niyyəti ortadadır. Beynəlxalq sənədləri əzib keçən Ermənistanı cəzalandırmaq niyyətindən uzaq Amerika ölkəmizə qarşı qərəzini bu dəfə dini müstəviyə daşıyıb. Vaşinqtonda hesab edirlər ki, guya ermənilər məhz xristian olduqları üçün Qarabağdan qovulublar. ABŞ-da keçirilən sammit də bu məqsədlə tərtib olunub, hədəfdə Azərbaycandır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bundan bir müddət əvvəl ABŞ Senatı Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının sənədini yayaraq Azərbaycanı Qarabağda dini ayrıseçkilikdə suçlamışdı: “Bəli, ABŞ Senatı bizi dini ayrı-seçkilikdə ittiham edir. 30 il torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan çox azərbaycanlını zorla öz evindən, yurdundan qovan, öldürən, əsir götürən, malını-mülkünü talayan, kəndləri, şəhərləri dağıdan, dini abidələri təhqir edən, məscidlərdə donuz saxlayan, tarixi abidələrimizi məhv edən, etnik təmizləmə aparan və ən nəhayət bütün beynəlxalq prinsipləri, qanunları ayaqlar altına atan Ermənistan Qərbin gözündə, sözündə yüksəklərə qaldırılır, azərbaycanlılara qarşı etdiyi vəhşiliklər barədə isə sadəcə, susmağa üstünlük verirlər. AŞPA-da baş verənlər də rəzillikdir. Azərbaycanı ittiham edənlər ermənilərin hüquqlarının pozulduğunu, yəni bizim tərəfimizdən pozulduğunu bəhanə edərək bizə qarşı diskrinimasiya metodunu işə salıblar. Amma 3 il bundan əvvələ qədər Qarabağda ermənilərin apardığı etnik təmizləməni, suveren ərazilərimizin işğalını, yüz minlərlə soydaşımızın pozulan hüquqlarını xatırlatmaq belə istəmirlər. Niyə, hansı səbəbə? Cavab birdir, biz Qərbin, xristian ailəsi deyilən Avropanın islamofob siyasəti ilə qarşı-qarşıyayıq. İstəsək də, qalaq-qalaq sübutlar gətirsək də onlar bizi anlamaq istəməyəcəklər. ABŞ-da keçiriləcək sammitdə “Dini etiqad azadlığı” önəm daşıyacaqsa, onda öncə Ermənistanın, yaxud xristian ermənilərin müsəlman azərbaycanlılara qarşı dini ayrı-seçkilik siyasəti, müsəlman olduqları üçün azərbaycanlıların qətlə yetirilməsi, əsir götürülməsi, izsiz-soraqsız yox edilməsi, müsəlman dini abidələrin, ibadət yerlərinin, ziyarətgahların dağıdılması faktı da bu sammitdə müzakirə olunan mövzular sırasında dayanmalı idi. Amma mövzu Azərbaycan, yaxud hansısa müsəlman ölkəsi olanda münasibət dəyişir, qərəz önə çıxır”.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə