"Azərbaycan nümayəndə heyətinin qərarı doğru və yerində idi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan nümayəndə heyətinin qərarı doğru və yerində idi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi heç nəyə sığmayan, absurd qərarı bir daha onu deməyə əsas verir ki, AŞPA, Avropa İttifaqından islamafobiya, türkiyəfobiya, azərbaycanfobiya qoxusu gəlir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Deputat bildirib ki, bu zəhərli ideyaları Fransa başda olmaqla Almaniya, digər deputatlar püskürməklə məşğuldurlar: "Azərbaycan nümayəndə heyətinin verdiyi qərar çox doğru və yerində olan məsələdir. Çünki bu absurd fikirlər, çıxışlar hər biri Fransanın dirijorluğu ilə həyata keçirilir. AŞPA-da əksəriyyət Fransa və Almaniyadan olan deputatlardır. Hər biri konkret idarə olunur. Hazırlanmış səhnəni Azərbaycan nümayəndə heyəti tam oynamağa qoymadı. Onların arzularını gözlərində qoyaraq zalı tərk etdilər. AŞPA ilə olan münasibətlər qeyri-müəyyən vaxta saxlanıldı. Hələlik iştirak etmək, fəaliyyət göstərmək mümkün deyil. Azərbaycanın Vətən müharibəsində qələbəsi, Azərbaycan Prezidentinin qətiyyəti, durmadan artan nüfuzu onları qıcıqlandırır. Qərb dəyərlərindən danışan psevdo siyasətçilər, təəssüf ki, belə çirkin, iyrənc yollara əl atırlar. 30 ilə yaxın Azərbaycan torpaqlarının işğalda olmasına, 1 milyondan artıq qaçqını olmasına baxmayaraq bir dəfə də olsun bu barədə bəyanatın verilməməsi, əksinə Azərbaycanın verdiyi təklifləri dəfələrlə qulaqardına vurmaları, Azərbaycanın qələbəsindən sonra hər deputatın az qala erməniyə dönməsi, ilahi ədalətin prinsiplərinin ayaq altına salınması anlamına gəlir. Bu cəhətdən Azərbaycan nümayəndə heyətinin bəyanatı çox yerində və sərrast cavablarla verilib. Düşünürük ki, AŞPA yaxşı düşünməli, etdiklərindən nəticə çıxarmalı, Avropa dəyərlərindən, insan haqlarından dəm vuran bu təşkilat təməl prinsiplərinin nizamnaməsinə uyğun siyasət həyata keçirməlidir. İclasda Türkiyə nümayəndə heyəti, onun deputat üzvü, Ukrayna nümayəndə heyəti gözəl çıxış edib, kəsərli sözlər söylədilər. Bir daha dost ölkələrin də münasibətini aydın görə bildik".

Deputatın sözlərinə görə, "Real" partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkə hesabında yazısını oxudum: "Türkiyə ilə bağlı olan fikirləri idi. Hörmətli İlqar bəy fikirlərində məsələni tam bilməmiş, nəyin necə olduğunu anlamamış, Türkiyəni ittiham etməyə çalışmışdır. Türkiyənin loyal münasibət göstərməsi haqqında fikirlər tamamilə yanlışdır. İlqar bəy özünü təcrübəli siyasətçi hesab edir, icazə versin ona söyləyim ki, siz niyə nələrisə bilmədiyinizi fikirləşmirsiniz? Başqa tərəflərin olduğunu niyə fikirləşmirsiniz? Bəlkə də, tamamilə pərdə arxası məsələlər var idi ki, üzdən baxanda görməyə bilərik. Təcrübəli siyasətçilər hər halda anlaya bilər ki, belə şey görünürsə, deməli, burada bilmədiyimiz digər məsələlər də ola bilər. Bu, siyasətdir. Hər şey göründüyü kimi olmaya bilər. Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlığa söykənir. Dostluq, qardaşlığı, bu birliyin arasını pozmaq istəyənlər çoxdur. Fransa, Almaniya, ABŞ, Kanada və sair dövlətlər qısqanc yanaşır. Bu məsələyə həssas yanaşmalıyıq. Azərbaycan və Türkiyəni bir-birinə bağlayan telləri hər birimiz çalışdığımız sahələrdə daha da sıx bağlanması üçün çalışmalıyıq. Düşünürəm ki, hər birimiz Azərbaycan-Türkiyə münasibətlərindən danışanda daha diqqətli və ehtiyatlı fikirlər söyləməliyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə