“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qərar Azərbaycana qarşı ilk qərəzli addım deyil. Biz uzun illərdir bu cür ənənəvi siyasətin şahidi oluruq”. Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, bu siyasətin predmeti yalnız Azərbaycan deyil: “Azərbaycan və Türkiyə başda olmaqla ümumən müsəlman coğrafiyasına qarşı qeyri-obyektiv yanaşma mövcuddur. Bizlərə qarşı belə bir yanaşmanın nümayiş etdirildiyi vaxtda paralel olaraq digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu, siyasi məhbusların mövcud olduğu, vətəndaş cəmiyyəti və mediaya qarşı basqılar mövcuddur. AŞPA bu kimi pozuntulara göz yumub, tamamilə səssiz bir mövqe nümayiş etdirib. Ölkəmizə və digər ölkələrə qarşı olan bu yanaşmalar Azərbaycanı bu təşkilata üzvlük məsələsini düşünməyə vadar edir”.
Politoloq bildirib ki, hazırda da AŞPA-nın Azərbaycana qarşı hücumları davam etməkdədir: “Bu hücumların hazırkı reallıqlar kontekstində pərdə arxasını analiz etdikdə burada ilkin olaraq Fransa amilini qeyd etməliyik. Məlumdur ki, Prezident İlham Əliyev haqlı olaraq digər ölkələrdə baş verən hüquq pozuntularına qarşı haqq səsini dünyaya çatdırıb. Yalnız öz ölkəmizin deyil, başqa coğrafiyalarda olan haqsızlıqları da tribunalarda səsləndirib. Əlbəttə ki, bu zaman tənqidə məruz qalan tərəflərdən biri də məhz Fransa olub. Fransanın bu gün də davam edən neokolonializm siyasəti, Azərbaycana qarşı mövqeyi Bakı və Paris xəttində böyükmiqyaslı bir gərginliyin yaşanmasına gətirib çıxarıb. Odur ki, Avropa Şurasında Fransanın təsirləri və təzyiqləri nəticəsində belə bir qətnamənin hazırlandığını deyə bilərik”.
Z.Qarayeva qeyd edib ki, digər məsələ Qarabağla bağlıdır: “Bu kimi qurumlardan Azərbaycan bir platforma olaraq istifadə etməyə, 30 illik təcavüz dövründə haqq səsini dünyaya çatdırmağa çalışıb. Təəssüflər olsun ki, başda Avropa Şurası olmaqla müvafiq insan haqları təminatını öz üzərinə götürən təşkilatlar bu kimi problemlərin mövcudluğuna səssiz yanaşıblar. AŞPA əksinə erməni lobbisinin və islamafob qüvvələrin əlində Azərbaycana qarşı təzyiq rıçağına çevrilib. Nəticə etibarilə Qarabağ və ətraf rayonların işğaldan azad edilməsindən sonra Ai-də, bu kimi qurumlarda da təmsilçilik üçün heç bir ehtiyac qalmayıb. Hesab edirəm ki, bu da hazırkı yanaşmaya təsir edən amillərdən biridir”.
Müsahibimizin fikrincə, digər bir məsələ Böyük Britaniya faktorudur: “Məlumdur ki, Böyük Britaniya ilə kollektiv qərb arasında ziddiyyət var. Azərbaycanı haqq işində dəstəkləyən əsas güclərdən biri də Böyük Britaniya olub. Hesab edirəm ki, burada da bir mövqe savaşının şahidi ola bilirik. O baxımdan da düşünmək olar ki, onların qıcıq mövqeyinin yaranması Böyük Britaniya və Aİ arasında rəqabətin növbəti təzahürüdür. İstənilən halda bu kimi qərarlar bizi öz haqq yolumuzdan heç bir zaman yayındırmayıb. Azərbaycan bu kimi reaksiyalara özünün adekvat mövqeyini də ortaya qoyub. Düşünürəm ki, bu mövqenin müvafiq təşkilat istiqamətində də şahidi ola biləcəyik. Hesab edirəm ki, belə bir haqsız, riyakar, qeyri-obyektiv yanaşmanın nümayiş etdirildiyi anda Bakı müvafiq təşkilatdan ayrılmaqla qərar da qəbul edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB