Azərbaycanda seçkilərin keçirilməsi üçün hüquqi normativ baza hansı səviyyədədir? - SORĞU

Azərbaycanda seçkilərin keçirilməsi üçün hüquqi normativ baza hansı səviyyədədir? - SORĞU

7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bəs gəlin görək Azərbaycanda seçki mühiti necə formalaşıb, hüquqi normativ baza necə təmin olunub? SİA olaraq bəzi müxalif partiya sədrləri arasında sorğu keçirərək onların fikirlərini aldıq.

Azad Vətən Partiyasının sədri Akif Nağı: "Azərbaycanda seçkilərin keçirilməsi üçün kifayət qədər hüquqi normativ baza mövcuddur. Azərbaycan birinci dəfə deyil ki, prezident seçkiləri keçirir. Hər şey qaydasındadır. "Siyasi partiyalar haqqında" qanun qəbul olundu, müəyyən islahatların keçirilməsi gözlənilir. Bu gün prezident seçkiləri üçün hansısa dəyişikliyə ehtiyac yoxdur. Hüquqi normativlər var və həyata keçirilir. Partiyaların, namizədlərin, seçicilərin hüquqları nəzərə alınır. Seçkilərin təşkili ilə bağlı bütün normativlər qaydasındadır. Hesab edirəm ki, Azərbaycandakı hüquqi normativ baza bəzi ölkələrdən irəlidədir.

Seçkidə kim istəyirsə iştirak edə bilir. Bəziləri seçkilər üçün 40 min imzanın toplanması ilə bağlı narazılığını bildirir. Bu bütün dünyada, Türkiyədə də var. Türkiyədə bu tələb 100 min, bəlkə də daha çoxdur. Ona görə də hesab edirəm ki, hər kəs üçün şərait var. Ölkədə sosial bazası olan insanlar seçkilərdə iştirak etməlidir. Əgər sosial bazan varsa 40 min imza toplamaq çətin olmamalıdır. 30-35 rayonda yerli şöbə varsa bu imzaları toplamaq elə də çətin deyil. Namizədliyini vermək istəyənlər daha çox bundan çəkinirlər. Bu da o deməkdir ki, onlar partiya kimi formalaşmayıblar. Təbliğat üçün də pulsuz şərait yaradılıb, pulsuz efir vaxtı verilib. İndiki şəraitdə Azərbaycanın hazırkı prezdentinin həm Qarabağda əldə etdiyi uğurlara görə, həm xarici və daxili siyasətdə əldə etdiyi uğurlara görə heç kəs risk etmir. Özünü ənənəvi müxalifət hesab edənlər də ortaya çıxmadı. Adını qoydular ki, guya şərait yoxdur, amma şərait var".

Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə: "Azərbaycanda bundan əvvəlki dövrdə də növbədənkənar prezident seçkiləri keçirilib. Artıq bu istiqamətdə həm təcrübə var, eyni zamanda seçkilərin növbədənkənar keçirilməsi istisna edilmir. Bu Azərbaycan Prezidentinin qərarı ilə keçirilən növbədənkənar seçkilərdir ki, qanunvericiliklə də tənzimlənir. Burada hüquqi normalardan, qanunda kənar heçnə yoxdur".

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: "Azərbaycanda növbədənkənar prezident seçkilərini təmin etmək üçün bütün zəruri qanunlar mövcuddur. Ölkədə seçki mühiti normaldır, qanunvericiliyə uyğun olaraq namizədlərin seçki kampaniyası başlayıb. Heç bir bölgədə seçicilərdən şikayət eşitməmişik. Proses qanunauyğun şəkildə davam edir. Azərbaycanın seçki qanunvericiliyində hansısa problem görmürəm, bütün beynəlxalq normalara uyğundur. Hazırda beynəlxalq təşkilatların təmsilçiləri də müşahidəçi qismində iştirak edir. Seçki bitəndən sonra onun yekun nəticələrinə uyğun olaraq biz öz mövqeyimizi bildirəcəyik".

Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn: "Növbədənkənar prezident seçkilərinin elan olunması hüquqi baxımdan qüsursuzdur. Yəni 101-ci maddənin 2-ci cümləsi prezidentə belə bir səlahiyyəti qeyd şərt qoymadan verir. Azərbaycanda son 3 seçkinin ard-arda növbədənkənar keçirilməsi onu göstərir ki, qanunvericilikdə növbədənkənar seçkilərlə bağlı hansısa təkmilləşdirmələr, dəyişikliklər etmək lazımdır. Mövcud qanunvericilik bu şəkildədir, növbədənkənar seçkilərin elan olunması mübahisəli deyil".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə