"20 Yanvar hadisələrinin baş verməməsi mümkün deyildi" - MÜNASİBƏT BİLDİRİLDİ

"20 Yanvar hadisələrinin baş verməməsi mümkün deyildi" - MÜNASİBƏT BİLDİRİLDİ

"20 Yanvar hadisəsinin Azərbaycançılıq ideologiyasının formalaşmasında böyük rolu oldu". Bu sözləri SİA-ya açıqlamasında Böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.

Onun sözlərinə görə, bu vaxta qədər milli kimlik formalaşmışdı: "Sadəcə bu hadisə milli kimliyin möhkəmləndirilməsinə təsir etdi. 20 Yanvar hadisəsindən sonra Azərbaycanda etnik mənsubiyyətindən asılı olmayaraq xalqın, bütün toplumun bir yumruq kimi birləşməsi baş verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə getdi, oradan xalqı toparlamaq üçün mesaj verdi. Heydər Əliyevin hakimiyyətin törətdiyi cinayəti bildirməsi sonrakı addım üçün stimul oldu.

20 Yanvar hadisələrinin baş verməməsi mümkün deyildi. Daha faciəli şəkildə və ya az itki ilə də ötüşə bilərdi. 20 Yanvar hadisələrinin əsas baş vermə səbəbi Sovet hökumətinin anti-Azərbaycan siyasəti idi. 1988-ci ildən başlayaraq Azərbaycana qarşı qeyri-etik addımlar, Azərbaycan xalqına qarşı neqativ siyasət, Qorbaçov hakimiyyətə gələndən sonra Heydər Əliyevin siyasi bürodan uzaqlaşdırılmasına təzyiq göstərmək və bundan sonra Azərbaycana təzyiqlər başladı. 1988-ci ildə hadisələrin başlaması ilə ermənilərə dəstək verilməsi, Azərbaycanda uyğun olmayan qurumların yaradılması, məsələn Qarabağda Xüsusi İdarəetmə Komitəsinin yaradılması və onun vasitəsilə erməni cəmiyyətinin Ermənistana inteqrasiyasını sürətləndirmək, həm də Xüsusi İdarəetmə Komitəsinin vasitəçiliyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün atılan addımlar 20 Yanvara gedən yolu bir az da sürətləndirdi. Çünki Azərbaycan xalqında yaddaşlarda qalan Sovet hökumətinin neqativ siyasətindən əlavə 1988-1990-ci illər arasında Sovet hökumətinin yeritdiyi siyasətin tamamilə anti-Azərbaycan və ermənipərəst olması, hakimiyyətin yuxarı dairələrində tək-tək insanların da Azərbaycanın mövqeyini müdafiə edərkən vəzifədən uzaqlaşdırılması kimi hallar 1990-cı ildə problemlərə gətirib çıxardı".

Ə.Mustafayev bildirib ki,1990-cı il yanvar ayında Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşməsi və bu vaxta qədər Ermənistana verilən siyasi dəstək, Ermənistanda bir nəfər də azərbaycanlının qalmadığı halda Bakı şəhərində ermənilərin qalması və hakimiyyətin müxtəlif qollarının onlarla da işləməsi, anti-Azərbaycan fəaliyyətinə dəstək vermələri 1990-cı il yanvar 13-dən etibarən ictimai-siyasi vəziyyəti gərginləşdirdi: "Bununla da Azərbaycana qoşun yeritmək üçün bəhanə tapıldı. Biz qeyd etsək ki, 20 Yanvar hadisəsi baş verməyə bilərdimi? Bu suala başqa yönlərlə yanaşsaq, görərik ki, bu tipli hallar kimi 1986-cı il Qazaxıstanda milli-azadlıq hərəkatında nə qədər insan məhv edilmişdi. 1989-cu ildə Tiflisə qoşun yeridilmişdi. 1990-cı ildə isə Azərbaycanda baş verdi. Bununla da hökumət milli oyanışı məhv etməyə qərarlı idi. Ancaq xalqın sonrakı addımlarını, ziyalıların birləşməsini, 20 Yanvar faciəsinin səhəri günü milyonlarla insanın öz şəhidinə sahib çıxacağını bu cür təsəvvür etmirdilər. Ona görə bu faciənin baş verməməsi mümkün deyildi. Hökumətin Ermənistana dəstəyi Qarabağın Ermənistana verilməsi siyasəti gündəmdə idi. Bununla da xalqda böyük narazılıq yaratmışdı. Bu ikili siyasətin nəticəsində xalq susqun qalmırdı. Ola bilərdi ki, az itki ilə baş versin, lakin həmin dövrdə Azərbaycanın daxilində, yanvar ayında ictimai-siyasi vəziyyətin pozulmasında Bakıda yaşayan ermənilərin xüsusi rolu oldu. Onlar müxtəlif qüvvələrlə əlbir işləyərək vəziyyəti gərginləşdirir, bu problemi yaradırdılar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə