Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli telekanallara müsahibəsi təkcə ölkə daxilində deyil, ümumilikdə, dünya miqyasında belə haqlı olaraq, diqqətə, marağa səbəb olub. Dövlət başçımızın toxunduğu məsələlərin nə dərəcə əhəmiyyətli olduğu, strateji baxımdan nə dərəcə səmərəli olduğu, nə dərəcədə genişmiqyaslı olduğu səbəbindən həmin müsahibəyə olan diqqət və maraq, əlbəttə ki, başadüşüləndir, eləcə də tam məntiqidir. Həm də ona görə bu müsahibə marağı və diqqəti cəlb etdi ki, Azərbaycan Prezidenti öz müsahibəsi ilə Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı məsələlərə həssas yanaşdığını bir daha təsdiq etdi və mövqeyinin dəyişməz olduğunu kəskin şəkildə vurğuladı.
Dövlət rəhbərimizin mediaya açıqlığı, ümumiyyətlə, ölkəmizdə tam açıq mühitin olması bu dəfə də öz təsdiqini tapdı və dünya ictimaiyyəti yenə də bunun əyani şahidi oldu. Xatırladaq ki, 44 günlük müharibə dönəmində belə Azərbaycan Prezidentinin xalqla, ölkə ictimaiyyəti ilə birbaşa dialoqu, eləcə də müraciətləri, tvitləri qətiyyən unudulan deyil. Hətta ölkə rəhbərimizin beynəlxalq mediaya müsahibələri də diqqətdən yayınmamışdı. Təkcə ölkə ictimaiyyəti deyil, bütövlükdə dünya ictimaiyyəti belə cənab Prezident İlham Əliyevin müharibə dönəmində hansı şəkildə açıq-aydın möve sərgilədiyinin şahidi olub. Ali Baş Komandanımızın həmin dönəmdə etdiyi çağırışlar da bütün dünya üçün sirr deyildi, əksinə, hər bir məqam tam açıq şəkildə göz önündə idi. Cənab İlham Əliyevin öz çıxışlarında da, müraciətlərində də, müsahibələrində də humanist çağırışlar etdiyi, məsələnin hüquqi normalar çərçivəsində həllinin doğru olduğunu söyləməsi də hər kəsə bəllidir. İndi ölkə rəhbərimizin yerli televiziya kanallarına verdiyi müsahibəsi, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun bu unikal forması heç də yenilik deyil və qeyd olunduğu kimi, Ali Baş Komandanımızın mediaya açıqlığının növbəti dəfə təsdiqidir.
Hər dəfə olduğu kimi, bu dəfə də, özü də yerli telekanallara verilməsinə baxmayaraq, son müsahibəsində də ölkə rəhbərimizin ifadə etdiyi fikirlər həm bizə dost olan, həm də dost olmayan ölkələr üçün ciddi mesajlar hesab olunur. Bu baxımdan da təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin hər bir çıxışı, hər bir müsahibəsi dünyanın hər bir ölkəsində diqqətlə izlənilir və hətta incələnir də. Bir çox dost olmayan ölkələrin həmin müsahibədən, ifadə olunan fikirlərdən öz nəticələrini çıxarmaq imkanları var, özü də kifayət qədərdir, çünki dövlətimizin başçısı tərəfindən verilən mesajlar tam açıq və aydın şəkildə idi. Məhz ölkəmizə dost olmayan hər bir ölkəyə tam açıq və aydın şəkildə bildirildi ki, Azərbaycan müstəqil, suveren dövlətdir və ölkəmizin işlərinə qəti şəkildə heç kim qarışa bilməz. “Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmaqda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözüylə oturub-durmalıyıq?”, deyə ölkə rəhbərimiz, məsələn, Fransanın timsalında bizə dost olmayan bir çox ölkəyə öz ciddi mesajını verdi. Daha dəqiq desək, dövlətimizin başçısı ölkəmizin daxili işlərinə burun soxanlar, bununla hələ də nəyə isə ümid edənlər üçün son nöqtəni, özü də kəskin şəkildə qoydu və fəaliyyətlərinin mənasız olduğunu vurğuladı.
Ölkə rəhbərimiz öz müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə ermənilərin həm havadarlarına, həm də özlərinə ciddi mesajlar verdi. Bildirildi ki, məhz elə Fransanın timsalında, Azərbaycan-Ermənistan sülh danışıqlarına bütün gücü ilə mane olmaq istəyənlər də, havadarlarının yalançı vədlərinə ümid edən ermənilər də yanılırlar. “Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”, deyə bəyan edən cənab Prezident İlham Əliyev bununla ciddi şəkildə xəbərdalıq da etdi. Yəqin ki, istənilən nöqtənin məhv ediləcəyi xəbərdarlığını eşidən erməni cəmiyyəti məsələnin nə dərəcədə ciddi olduğunun bir daha fərqində olmuş oldu. Çünki bu vaxta qədər Ali Baş Komandanın dediklərindən nəticə çıxarmadıqları zaman başlarına gələni də, Prezidentimizin sözlərindəki qətiyyəti də unuda bilməzlər və ölkə başçımızın siyasi iradəsinə də lap yaxşı bələddirlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın bir müstəqil, suveren dövlət olaraq xarici və daxili idarəetmədəki yeniliklər konsepsiyasını əhatə edən zəngin tezisləri çox geniş auditoriyanın diqqətinə çatdırdı. Ələlxüsus da, dövlət başçımız Azərbaycanın strateji müdafiə qabiliyyətini zəiflətmək üçün ölkəmizə qarşı kəskin mövqedə duran rəqiblərlə mübarizə aparmaq imkanlarını nəzərdə tutan məqamlardan da danışdı. Cənab Prezident regionda mövcud reallıqlardan narazı qalan iddialı gündəliklərin mahiyyətini də siyasi uzaqgörənliklə açıqladı və hətta regional təhlükəsizliklə risklər arasındakı sərhəd nişanlarını belə göstərdi.
Ölkə rəhbərimiz Azərbaycan-Ermənistan münasibətləri barədə bir çox məqamları da diqqətə çatdırdı və rəsmi Bakının Ermənistan üzərində şərtləri fonunda getdikcə daha çox təsəvvür edilə bilən sülh gündəliyinin məğzini və Bakının prinsipial perspektiv strateji çərçivələrini də göstərdi. Cənab Prezident məhz hələ də Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin konturları ilə əlaqədar olaraq Bakı-İrəvan münasibətləri ilə bağlı mümkün variantları da diqqətə çatdırdı. Dövlət başçımız toxunduğu məqamların fonunda prinsipial olaraq bildirdi ki, sərhədlərin delimitasiyası məsələsi ilə sülh müqaviləsinin imzalanması prosesi iki ayrı mərhələ olaraq qalmalı və rəsmi İrəvan da konstruktiv mövqeyə köklənməlidir. Bir sözlə, Azərbaycan Prezidenti qarşı tərəfə mesaj vermiş oldu ki, heç də hansısa prosesi bəhanə etmək doğru addım deyil və bu, yekunda İrəvan üçün növbəti depressiv vəziyyət deməkdir. Daha doğrusu, ölkə rəhbərimiz bununla Ermənistan tərəfinin bəhanələrinə də bir nöqtə qoydu və hansısa prosesi bəhanə etmək kimi bir şans barədə belə bundan sonra ermənilər düşünməməlidirlər.
Cənab Prezident İlham Əliyev rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qorxu kompleksinə də aydınlıq gətirdi və bu barədə öz mesajı ilə diqqətə çatdırdı ki, sözügedən dəhlizlə bağlı rəsmi Bakının təklifi Ermənistanın suverenliyinə qətiyyən təhdid hesab oluna belə bilməz. Ölkə rəhbərimiz öz müsahibəsi zamanı onu da vurğuladı ki, Azərbaycanın təklifi beynəlxalq təcrübəyə əsaslanır. Hətta dəhliz məsələsi ilə bağlı bir neçə nümunə də çəkildi. Həmin nümunənin fonunda xüsusən qeyd olundu ki, dəhliz heç bir dövlətin suverenliyi üçün heç zaman təhdid hesab olunmayıb. Bir sözlə, ermənilərin, ümumilikdə, Ermənistan tərəfinin bununla bağlı da bəhanələrinin əsassız olduğu isbat edildi. Daha dəqiq desək, erməni cəmiyyətinin bu bəhanəsinə də nöqtə qoyuldu.
Rəsmi İrəvanın alternativ olaraq irəli sürdüyü “sülh qovşağı” layihəsinin avantüra olduğunu birbaşa qeyd edən ölkə rəhbərimiz Azərbaycanın təklifinin ən düzgün variant olduğunu da müsahibə zamanı bildirib və bu, ermənilər üçün daha kəskin mesajdır. Çünki bununla bildirilir ki, şərt artıq sonuncudur və bu müzakirələrə də bir son nöqtə qoyulmalıdır. Prezidentimiz yerli telekanallara müsahibəsində onu da sərt şəkildə bildirdi ki, digər ölkələrə gedən yüklərə görə gömrük rüsumları ödənilməsindən fərqli olaraq, Azərbaycanın bir ərazisindən digərinə gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir. Ölkə rəhbərimizin bu mesajı heç şübhəsiz ki, erməni cəmiyyəti üçün tam aydın oldu və ermənilər yəqin etmiş oldular ki, Azərbaycan Prezidenti son şərti və son nöqtəni qoydu.
Sözsüz ki, cənab Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı toxunduğu məqamların hamısını təhlil etmək, verdiyi mesajları dərk etmək üçün Ermənistana da, bu ölkənin havadarlarına da son şans verilir. Elə həmin müsahibədə də qeyd olunduğu kimi, Azərbaycanın digər alternativ varianları da var. Amma bununla belə xəbərdarlıq da edilir ki, Zəngəzur dəhlizi məsələsinə rəsmi İrəvan razılaşmadığı təqdirdə, Ermənistanla digər heç bir sərhəddin açılışı məsələsi müzakirə belə olunmayacaq. Yəni, ciddi bir mesaj verildi ki, əks təqdirdə, hansısa digər sərhəd açılışına ermənilər ümid belə edə bilməzlər. Bunun da onlar üçün nə demək olduğunu, marginallaşmış vəziyyətdə qalmaqda davam edəcəklərini təxmin edənlər şərtin nə anlam kəsb etdiyini anlamış olarlar. Cənab Prezindent İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı verdiyi mesajlar arasında məhz elə son şərti də ermənilər yəqin ki, dərk etmiş oldular. Dərk etmiş oldular ki, Azərbaycan Prezidenti öz müsahibəsi zamanı verdiyi kəskin mesajlar onlar üçün son şans və istənilən halda son nöqtə deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB