"Möhkəm bünövrəyə əsaslanan inkişaf bu gün özünün yüksək mərhələsindədir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə qazandığımız qələbələr, ordumuzun güclənməsi, müstəqilliyimizin qorunması tarixi 1993-cü ildə qoyulmuş təməl üzərində inkişafdadır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu möhkəm bünövrə, düzgün siyasi xətt, verdiyi tapşırıqlar bu günümüzün uğurlarını təmin etmiş və Azərbaycanı dünyada şöhrətləndirmişdir.
“Biz dövlətimizin inkişafını məhz 1993-cü ildən hesablamalıyıq və həmin dövrlə müqaisə etməliyik. Çünki həmin dövrün acınacaqlı vəziyyəti yaxşı xatirələrdədir və unudulan deyil. Özbaşınalıq, silahlı qruplaşmalar, hakimiyyət uğrunda qarşıdurmalar, torpaqların işğal altına düşməsi, aclıq, səfalət məhz həmin illərə təsadüf edirdi və Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət tamamilə dəyişdi. Sabitlik bərpa olundu, silahlı qruplaşmaların qarşısı alındı, ordu gücləndirildi, çox mühüm layihələr, proqramlar həyata keçirildi, iqtidar-vətəndaş həmrəyliyi bərqərar olundu. O dövrdən başlayan inkişaf bu gün artıq öz bəhrələrini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibəsində keçdiyimiz yola bir daha nəzər saldı, dövrün ziddiyyətlərini, eləcə də uğurlarını geniş təhlil etməklə, əldə edilən qələbələrə aydınlıq gətirdi.
Əlbəttə ki, 2003-cü ildən başlanan və möhkəm bünövrəyə əsaslanan inkişaf bu gün özünün yüksək mərhəlsindədir. Ölkə iqtisadiyyatı 4 dəfə artıb, büdcə 30 dəfəyə qədər genişlənib, çox mühüm dövlət proqramları, layihələri həyata keçirilib. Bu dövrdə ölkəyə 310,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. İnfrastruktur layihələrinin həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin olunması bu gün Azərbaycanı başdan-başa dəyişdirib və yüksək mədəniyyət məkanlarının birinə çevirmişdir.
Bizim üçün ən mühüm olan torpaqlarımızda tarixi qələbənin əldə olunması, erməni faşistlərinin ərazilərimizdən tam çıxarılması və Ermənistan ordusunun məhv edilməsi olmuşdur. Keçən il, 2023-cü il Azərbaycan xalqının tarixinə unudulmaz bir səhifə kimi həkk olunacaq. Çünki ötən il unudulmaz rəhbərimiz Heydər Əliyevin 100 illiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illi idi və həmin il torpaqlarımızın azğın düşməndən tam azad edilməsi, Xankəndidə, eləcə də digər işğaldan azad edilən torpaqlarımıza bayraqlarımızın sancılması, ucaldılması, Xankəndidə paradın keçirilməsi ilidir. Bu bir tarixdir və heç vaxt unudulmayan, yadddan çıxmayan bir tarixdir. Məhz buna görə də cənab Prezident yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirmişdir ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq və hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabr ayının 20-dən sonra başlayıb. Bu bir həqiqətdir, çünki Azərbaycan xalqı 30 ildən çox ağır məhrumiyyətlər, əzab əziyyətlər, düşüncələr içərisində yaşayıb və öz torpaqlarının azad olunması gününü gözləyib və 44 günlük müharibə, 23 saatlıq anti-terror tədbirləri suverenliyimizin tam bərpa olunmasına yollar açdı və bu, deyildiyi kimi, müasir tariximizin qızıl dövrüdür.
Sentyabrın 20-dən sonra artıq Azərbaycan xalqı özünü daha qürurlu, daha mütəşəkkil, daha əzəmətli görməyə başladı. Əlbəttə ki, bu gün biz həmin tariximizlə fəxr edirik və cənab Prezidentimizin dediyi kimi, bundan sonra qarşıda daha mühüm vəzifələr durur. Bu vəzifələrin ən birincisi xalqın inamını, etimadını qorumaq, xalqı ilə bir yerdə olmaq və xalqın qüvvəsini ölkənin inkişafının yeni mərhələlərinə, yeni uğurlarına cəlb etməkdir. Cənab Prezident də öz çıxışında bir daha xatırlatdı ki, yeni dövr daha məsuliyyətli, daha inkişaflı, daha uğurlu illərlə qeyd olunmalıdır.
Əlbəttə ki, ölkə rəhbəri verdiyi vədi daimi yerinə yetirib. Bu iqtisadi inkişafımızda, ölkənin beynəlxalq nüfuz qazanmasında, torpaqların azad olunmasında və xalqın birliyində özünü aydın göstərir. Cənab Prezidentin bu çıxışı hər bir Azərbaycan vətəndaşının qəlbində yeni hisslər, qələbələrə inam, ölkə rəhbərinə hörmət və etiram doğurur. Çünki yeni dövrün yeni reallıqlarını açıq-aydın öz xalqına çatdıran və onun yollarını göstərən Prezident öz gücünə, öz biliyinə, öz siyasətinə arxayındır. O, 20 ildə özünü açıq şəkildə göstərib və mən elə bilirəm ki, bundan sonra da bu siyasət daha uğurlu, daha yaddaqalan, daha əzəmətli olacaqdır", deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB