"COP29-un Azərbaycanın siyasi arenada rolunun möhkəmləndirilməsində rolu böyükdür" - EKOLOQ BİLDİRDİ

"COP29-un Azərbaycanın siyasi arenada rolunun möhkəmləndirilməsində rolu böyükdür" - EKOLOQ BİLDİRDİ

“COP-29 kimi böyük bir tədbirin Azərbaycanda keçirilməsi əlbəttə bizim ölkə üçün çox böyük önəm daşıyır. Doğrudur, bunun siyasi tərəfləri də az deyil. Azərbaycanın beynəlxalq siyasi arenadakı rolunun möhkəmləndirilməsi üçün tədbirin rolu danılmazdır”. Bunu SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Ekoloqun sözlərinə görə, “Amma bu tədbir iqlim dəyişiklikləri, ətraf mühit problemləri ilə bağlı olduğuna görə, biz bu tədbirin Azərbaycanda da bu problemlərin həllində xüsusi bir təkan olacağını gözləməliyik. Tədbirin nə ilə yadda qalacağı məsələsi barədə ehtimallar etmək mümkündür, amma bu barədə dəqiq cavab vermək çox tezdir. Bu hələ qarşıda olan bir tədbirdir, ona görə də bəri başdan nələrsə demək çox çətindir. Sadəcə olaraq ehtimal etmək olar ki, bu tədbirin Azərbaycanda iqlim dəyişiklikləri və ətraf mühit problemləri ilə bağlı bir çox məsələlərin həllində böyük rolu olacaq. Ölkəmiz atmosferə atılan qazların miqdarının 2030-cu ilə qədər 35% azaldımasını hədəfləyir. Bu tədbirdən sonra bu istiqamətdə atılan addımların xüsusilə seziləcəyinə ümid eləmək olar. Eyni zamanda bu tədbirin Azərbaycanda keçirilməsi işğaldan azad edilmiş bölgələrimizin yaşıl enerji zonası elan edilməsi ilə bağlı həmsəsdir. Tədbirin keçirilməsi də bu istiqamətdə önəmli işlərin görülməsi ilə nəticələnə bilər. Azərbaycanın ətraf mühit problemlərinin araşdırılması və həllinə çox diqqət etdiyini nəzərə alsaq tədbirin bu istiqamətdəki işlərdə də öz təkanını verəcəyini gözləmək olar. Birbaşa nə ilə yadda qalacağı görüləcək işlərin nəticəsindən asılıdır”.

C.Bəxtiyar qeyd edib ki, Muxtar Babayevin bu konfransın rəhbəri kimi təyin edilməsi əlbəttə ki, ənənələrə uyğun olaraq atılmış bir addımdır: “Yəni COP-un indiyə kimi keçirilmiş tədbirinin hər birində ev sahibliyi edən ölkənin ətraf mühit problemləri ilə bağlı qurumun rəhbəri tədbirin prezidenti kimi seçilir. Bu həmin təşkilatın ənənəsidir. Bu ənənədən kənara çıxılmayıb. Əminəm ki, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri kimi bu işin də öhdəsindən uğurla gələcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə