2024-cü il ölkəmiz və xalqımız üçün uğurlu illərdən biri olacaq ŞƏRH

2024-cü il ölkəmiz və xalqımız üçün uğurlu illərdən biri olacaq ŞƏRH

2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlər və zəfərlərlə yadda qaldı. Xüsusilə, aprel ayında Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrda isə antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam təmin olundu. Prezident cənab İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları xüsusi vurğuladı. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Ölkə başçısının dediyi kimi, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu məhv edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda növbəti məqsədin Xankəndi olacağı məlum idi. Çünki 3 il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qarabağda antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz.

Ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə əldə edildi. Bununla da bu dahi şəxsiyyətin ruhu şaddır. Eyni zamanda, şəhidlərimizin də ruhu şaddır. Çünki onların qanı yerdə qalmadı. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Azərbaycan 20 il ərzində bu günə hazırlıq görürdü, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi. Milli həmrəyliyimizin təntənəsinə çevrilən o 44 gündə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər. Postmüharibə, eləcə də suverenliyimizin təmin olunduğu dövrdə bu birliyin gücünü daim hiss etmişik.

Azərbaycan məhz bu milli həmrəylikdən doğan güc-qüvvə sayəsində həm Ermənistanı, həm də işğalçını dəstəkləyən xarici gücləri darmadağın etdi, Şuşada, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağını əbədi dalğalandırdı. Beləliklə, yola saldığımız 2023-cü il tariximizə uğur səhifəsi kimi yazıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq.

Artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2023-də Talış kəndinə, mayda Laçına, avqust ayında Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlərin baş tutmasına nail olan siyasi iradənin qətiyyəti ilə, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Prezidentin xalqa müraciətində verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə