"ABŞ-nin dini azadlıqlara aid illik hesabatında Azərbaycana qarşı əsassız iddialar var" - MÜNASİBƏT BİLDİRDİ
"ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında dini vəziyyətlə bağlı məsələlərdən çox Azərbaycana yüklənmək özünü göstərir". Bu sözləri siyasi şərhçi Azər Həsrət SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta aidiyyəti olmayan məsələləri bura əlavə edərək nəsə yaratmağa çalışıblar: "Amma alınmayıb. İşin təəccüblü tərəfi də odur ki, bu hesabat daha çox guya Azərbaycanın şiə müsəlmanları sıxışdırması üzərində qurulub. Halbuki Azərbaycan müsəlmanlarının böyük əksəriyyəti - bəzi rəqəmlərə görə 65%-i şiə müsəlmanlarıdır. Onlar hər hansı problemlə üzləşmədən Azərbaycanda öz dini vacibatlarını yerinə yetirə bilirlər. Dövlət də onların bu inanclarını rahat yaşaya bilmələri üçün bütün mümkün olanları edir. Məscidlərin tikilməsi, abadlaşdırılması, dini qurumlara maliyyənin ayrılmasına qədər dövlət əlindən gələni edir. Amma hesabatda iddia olunur ki, guya Azərbaycan dövləti şiə müsəlmanlarını sıxışdırır. Biz bu cəmiyyətin içində yaşayırıq, bilirik ki, belə məsələ yoxdur, mümkün də deyil".
Siyasi şərhçi sözlərinə belə davam edib: "İkinci tərəfdən, hesabatın hazırlanmasına cəlb edilən şəxslər, o şəxslərin əsaslandığı mənbələr onu deməyə əsas verir ki, məqsədli şəkildə, özəlliklə də erməni təbliğatına xidmət etmək məqsədilə belə bir hesabat hazırlanıb. Azərbaycanı xüsusi nəzarət olunan siyahıya əlavə etməyə çağırış edilir. Buradan bəllidir ki, konkret mərkəzlər, şəxslər, dövlətlər Azərbaycanla bağlı böyük planlar cızırlar və planların tərkib hissəsindən biri də bizim dövlətimizi küncə sıxışdırmaqdır. Bir şeyi unudurlar, əvvəl olduğu kimi bu dəfə də onların istəyi alınmayacaq. Nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı belə hücumların qarşısında geri addım atan deyil. Heç kim də bizdən gözləməsin ki, əsassız ittihamlarla üzərimizə gəlib bizi küncə sıxışdıra bilərlər. Təəssüf hissi ilə qeyd edirəm ki, ABŞ belə bir oyuna özünü alət edir".
A.Həsrət həmçinin bildirib ki, Azərbaycan dövləti ABŞ-nin Azərbaycandakı səfirliyinə nota verməli, öz etirazını bildirməlidir və onlardan o hesabatda yer alan dırnaqarası faktlarla bağlı izahat tələb etməlidir: "Çünki təqdim edilən o dırnaqarası faktlar əsassızdır. Heç bir tənqidə dözmək imkanı yoxdur. Belə bir hesabatda bu cür dırnaqarası faktlara yer verənlər onun izahını da verməyə borcludurlar. Buyursunlar, Azərbaycan dövlətinə izah etsinlər ki, haradan bu cür faktları alırlar, nəyə əsaslanıb Azərbaycanın üzərinə hücum edirlər? Azərbaycanın Qarabağda erməni dini mirasına hücumları haqqında yazırlar. Halbuki biz illərdir ABŞ-nin özünə də çağırışlar edirik ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında 60-dan çox məscidi yerlə yeksan edib. Bu haqda həmin hesabatda bir kəlmə belə yoxdur. Amma havadan aldıqları hansısa uydurmaları fakt deyərək hesabata əlavə edib Azərbaycanın erməni dini mirasını məhv etməsi haqqında görüntü yaratmağa çalışırlar. Hər şey göz önündədir. Ona görə Azərbaycan dövləti ABŞ səfirliyinə nota təqdim etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB