İlham Əliyev: "Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər"
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı 2023-ci ilin də ölkəmiz üçün uğurlu olduğunu, qarşıda duran bütün vəzifələrin icra edildiyini, Azərbaycanın daha da gücləndiyini bildirib.
2023-cü idə də ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verdiyini bildirən ölkə başçısı qeyd edib ki, bu hadisələr arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etdiyini diqqətə çatdıran Prezident bildirib ki, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmiş, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası qənimət kimi götürülmüşdür.
Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydançasına çevrildiyini diqqətə çatdıran İlham Əliyev şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu, artıq bu il 5 minə yaxın keçmiş köçkünün öz doğma torpaqlarına qayıtdığını bildirib: «Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib».
2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını müjdələyən İlham Əliyev il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəyini qeyd edib.
2024-cü ildə hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını deyən İlham Əliyev bildirib ki, gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Prezident vurğulayıb ki, bununla biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.
Beynəlxalq nüfuzumuzun gündən-günə artfığını diqqətə çatdıran ölkəmizin başçısı deyib ki, Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul ediblər: «COP29 gələn il Azərbaycanda keçiriləcək, bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir».
Bu ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini qeyd edən ölkə başçısı Ulu Öndərin 100 illiyinin ölkə üzrə təntənə şəkildə qeyd edildiyini bildirib: «Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir».
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq təbrik edən ölkəmizin başçısı bildirib ki, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.
Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayını tarixi hadisə olaraq xarakterizə edən ölkə başçısı bu qurultayın, məhz Şuşada keçirilməsinin çox böyük rəmzi məna daşıdığını diqqətə çatdırıb: «Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır».
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB