"Sosial şəbəkələrdə söyüş söymək təhqir hesab edilir" - FİKİR BİLDİRİLDİ
“Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri böhtan və təhqirlə bağlı məsuliyyətləri müəyyən edir. Həmçinin, Konstitusiyada birbaşa müəyyən edilib ki, hər bir şəxsin şərəf və ləyaqətinin toxunulmazlığı hüququ var. Kiminsə şərəf və ya ləyaqətinin pozulmasına, alçaldılmasına, qeyri-insani rəftara görə cəzalar müəyyənləşdirilib. Sosial şəbəkələrdə söyüş söymək də təhqir hesab edilir. Mövcud qanunvericiliyə əsasən, təhqirə görə birbaşa məhkəməyə müraciət olunur. Təhqirə məruz qaldığını bildirən şəxs xüsusi ititham qaydasında məhkəməyə müraciət edib sosial şəbəkədə istifadəçi profili məlum olan şəxsin cinayət məsuliyyətinə xüsusi ittiham qaydasında cəlb edilməsini tələb edə bilər”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında vəkil Orxan Əhmədov deyib.
Hüquqşünas əlavə edib ki, əgər sosial şəbəkədə təhqirin saxta profil (istifadəçi) tərəfindən edilməsi müəyyən edilərsə, bu zaman prokurorluğa müraciət edilməlidir: “Cinayət Məcəlləsinin 148-1-ci maddəsi məhz saxta profillərlə bağlı məsələni nəzərdə tutur. Belə ki, əgər istifadəçinin şəxsiyyətini müəyyən etmək mümkün olmursa, şikayətçi ərazi üzrə ictimai-xüsusi ittiham qaydasında prokurorluğa müraciət etməlidir. Prokurorluq orqanı istifadəçinin kimliyinin müəyyən edilməsi məqsədilə araşdırma aparır, müvafiq İP ünvanları müəyyən edilir və saxta profildən istifadə edərək təhqir edən şəxsin kimliyi müəyyən edilir. Bundan sonra həmin şəxsin prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB