Bu gün Azərbaycan dünyaya günəş kimi parlayır - ŞƏRH

Bu gün Azərbaycan dünyaya günəş kimi parlayır - ŞƏRH

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri

Dövlətimizin daha güclənməsi, inkişafı üçün xalqımızın cənab İlham Əliyev kimi dahi Liderə həmişə böyük ehtiyacı var

20 il bundan əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçib. O vaxt dövlətimizin başçısı doğma xalqına müraciət edərək söz verib ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını həmişə müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq and içmişdi. Azərbaycan xalqı çox şaddır ki, dövlət başçısı son 20 il ərzində verdiyi bütün vədləri, qarşıya qoyduğu bütün vəzifələri uğurla icra etdi.

Nəzərə alsaq ki, vaxtilə bizim dövlətin ərazisinin 20 faizi işğal olunmuşdu. Bir milyondan artıq qaçqın və məcburi köçkün, eləcə də tarixi Qərbi Azərbaycan torpaqlarından 300 mindən çox azərbaycanlı soydaşlarımız, bacı-qardaşlarımız deportasiya və etnik təmizləməyə məruz qalmışdı. Sözsüz ki, bu, təkcə erməni vandallarının əməli deyildi, onları dəstəkləyən xarici qüvvələrin də 200-300 illik layihələrinin bir hissəsi idi. 1993-cü ildə ölkəmizdə Heydər Əliyev kimi müdrik şəxsiyyət, dahi Lider olmasaydı, Azərbaycanın müstəqilliyi haqqında danışmağa dəyməzdi. Bundan sonrakı dönəmdə isə müstəqil dövlətimizin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyevdən sonra İlham Əliyev cənabları kimi böyük şəxsiyyət hakimiyyətə gəlməsəydi, nə işğalda olan torpaqlarımız azad ediləcəkdi, nə də bu gün Azərbaycan dünyaya həqiqətən günəş kimi parlamazdı.

Dövlət başçısı İlham Əliyev Azərbaycan tarixində o şəxsiyyətlərdəndir ki, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bütün məsələləri – ölkənin daxili və xarici siyasətini uğurla inkişaf etdirməyə nail oldu. Ölkənin ən ağrılı problemi olan Qarabağ məsələsi bütün Azərbaycan xalqını gecə-gündüz düşündürürdü. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi ki, erməni işğalı altında olan bütün şəhər və kəndlərimiz azad ediləcək. Bəli, həmin əraziləri, torpaqları və kəndləri düşməndən azad edən Ümummilli Liderin Azərbaycan xalqına bəxş etdiyi bu müdrik şəxsiyyət məhz İlham Əliyev cənabları idi. İlham Əliyev hakimiyyətinin ilk günündən başlayaraq Azərbaycan xalqını “Dəmir yumruq” ətrafında birləşdirməyə nail oldu. Problemin tarixiliyini və hüquqi müstəvisini bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. Bu torpaqda heç bir zaman erməni yaşamayıb. Çar Rusiyasının yaxından köməyi ilə bu əraziyə ermənilər köçürülüb. Bu köçürülmə tarixi də hamıya məlumdur. Kimsə bunu görmək istəmirsə, görsün. Kimsə eşitmək istəmirsə, eşitsin. Çünki bu tarixdə şübhəli heç bir məqam yoxdur.

Dövlətimizin başçısı bilirdi ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından çıxmasa, birmənalı olaraq sözügedən məsələnin həlli müharibədən keçir. Doğrudur, uğursuz Minsk qrupu, həmçinin digər beynəlxalq təşkilatlar Azərbaycanı inandırmağa istəyirdilər ki, müharibədən imtina etmək lazımdır. Bu yol, yəni Qarabağın qaytarılması sülh yolu ilə mümkündür. Amma zaman göstərdi ki, sadəcə Avropa dövlətlərinin, Qərbin Azərbaycana diktəsi boş xəyaldır, heç bir əsası yoxdur. Xalqımız da bunu çox gözəl bilirdi. Dövlət başçımız da ölkə iqtisadiyyatını gücləndirməklə, o cümlədən neft və qaz sektorundan gələn milyardlarla manatla dünyanın ən müasir silahlarını əldə edə bildi və özünün dili ilə desək o zamanki 17 illik hakimiyyəti dövründə əsgərinin yanından çəkilmədi. Bununla da müasir bir ordu yaratdı. Elə bir ordu yaratdı ki, Silahlı Qüvvələrimiz hər cür müasir silahla təchiz edildi. Ordunun Vətənə olan məhəbbətini də əsgər Ali Baş Komandanının timsalında yaşadı, gördü və torpağını azad etmək üçün Prezidentin siyasi qərarını gözlədi.

Torpaqları 30 ilə yaxın işğal altında qalan, 32 il müstəqillik yaşı olan Azərbaycanda paytaxt Bakı da daxil olmaqla bütün regionlar böyük sosial-iqtisadi inkişaf yolu keçib. Həmçinin, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib. Bu gün azad edilmiş ərazilərimizdə meqa layihələr həyata keçirilir. Beləliklə, ölkəmizə gələn bütün xarici qonaqlar Azərbaycanda gedən inkişaf prosesləriheyranlıqla qarşılayırlar. Ona görə Prezident İlham Əliyevin gücünü, qüdrətini, məğlubedilməzliyini, müdrikliyini beynəlxalq düşüncə mərkəzləri də xüsusi qeyd edirlər.

Məhz bu nöqteyi-nəzərdən bu gün və gələcəkdə Prezident İlham Əliyevin görəcəyi işlər hələ çoxdur. İlham Əliyev cənabları bundan sonra da hələ uzun illər Azərbaycanın inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək. Bu gün Azərbaycan Ordusu ölkəmizin bütün ərazilərində suverenliyimizi tam bərpa edib. Məlum olduğu kimi, bu ilin sentybarın 19-20 tarixlərində keçirilən antiterror tədbirləri ilə ərazilərimizdə separatizm kitabı birdəfəlik bağlandı. Amma möhtərən Prezidentimizin müdrikliyi, uğurlu strategiyası və ordumuzun peşəkarlığı sayəsində heç bir mülki obyektə ziyan vurmadan antiterror tədbiri bir sutkadan da az bir vaxtda yekunlaşdı. Azərbaycan dövləti dünyaya müharibənin necə aparıldığını, hərb mədəniyyətini, humanizmi göstərdi.

Xalqımız cənab İlham Əliyevin son 20 ildə göstərdiyi fəalliyyət nəticəsində ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə nə qədər uğurlar əldə etdiyinə dair böyük minnətdarlıq hissini ifadə edir. Son 20 ildə dövlət başçısı dünya siyasi xəritəsində bir zərrə qədər görünən Azərbaycanı dünyanın özü qədər böyütdü. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli istər idman, istərsə mədəni və siyasi tədbirlər Azərbaycana inamın nə qədər böyük olduğunu göstərir. Bu gün dövlətimiz dünyada söz sahibidir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Cari ildə bir-birindən fərqli hadisələrə şahidlik etdik. Separatizm kitabının bağlanması və bütün ölkə ərazisində suverenliyimizin tam bərpası tarixi uğurdur. Artiq Böyük Qayıdış reallaşdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxildə, həm də xaricdə mötəbər uğurlara imza atıb. Dövlətimiz bütün dünyaya lider-xalq-ordu birliyinin vahidliyini və sarsılmazlığını nümayiş etdirir və bu birlik Azərbaycan Respublikasının gücünün və dəmir iradəsinin əsas mənbəyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə